Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev özünü tələyə salıb: Rusiya Qazaxıstanı tərk edəcəkmi?
Tokayev özünü tələyə salıb: Rusiya Qazaxıstanı tərk edəcəkmi?

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT kontingentinin Qazaxıstandan çıxarılacağını bildirib. Qeyri-rəsmi məlumatlara görə, əsasını Rusiya hərbçilərinin təşkil etdiyi KTMT kontingentində on minə yaxın hərbçi var və bu hərbçilərin Qazaxıstanı tərk etmələri barədə məlumata inanmaq, bəzi politoloqların və hərbi ekspertlərin fikrincə, sadəlövhlükdür. Qazaxıstan Prezidenti belə bir açıqlama ilə çıxış etsə də, KTMT kontingentinin Qazaxıstandan çıxarılması barədə Rusiya tərəfindən hər hansısa açıqlama verilməyib.

Bizimyol.info saytına danışan siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Tokayevin bu açıqlamasını Rusiya tərəfi təsdiqləməyib. Mövzu ilə bağlı müsahibəni oxucularımıza təqdim edirik:

Elxan Şahinoğlu Elxan Şahinoğlu

- Elxan bəy, Qazaxıstan Prezidenti KTMT kontingentinin sabahdan etibarən Qazaxıstandan çıxarılacağını bildirib. Amma bəzi siyasilərin fikrincə, bu açıqlamaya inanmaq sadəlövhlük olardı və qeyri-rəsmi rəqəmlərə görə, on minə yaxın hərbçinin hamısının oradan çıxarılması real görünmür. Bu barədə nə deyə bilərsiniz?

- Ziddiyətli xəbərlər gəlməkdə davam edir. Bir tərəfdən, Qazaxıstan Prezidenti Tokayev bildirib ki, bir neçə gün ərzində KTMT-yə məxsus hərbçilər ölkəni tərk edəcək, məsələ həll olunub və sabitlik yaranıb. Bir başqa tərəfdən isə Rusiya rəsmiləri bu açıqlamanı təsdiq etmirlər, tam tərsinə, Rusiya Müdafiə Nazirliyi, dövlət rəsmiləri, diplomatlar sanki deyirlər: “Biz nə qədər istəsək, o ordu orada qalacaq”. Ona görə də artıq ziddiyyət yaradıb. Faktiki olaraq, Tokayev Rusiyanı ölkəsinə dəvət etməklə özünü bir qədər də tələyə saldı. İndi də düşdüyü tələdən çıxa bilmir. Rusiyada indi Qazaxıstana hakim olmaq istəyirlər, əlavə olaraq da ruslar ordan çıxsa, Qazaxıstanın şimalında rusdilli əhali var, əgər yenə də hansısa bir təxribat hadisəsi baş versə, onlara qarşı hücumlar olsa, Rusiya tərəfi ora daxil olacaq. Necə ki, Krımı ilhaq etdilər, Donbasda seperatçı qüvvələr yaratdılar, eyni ssenari təkrarlana bilər. Qazaxıstanı gələcəkdə başqa təhlükələr də gözləyə bilər.

- KTMT qoşunları ölkədən çıxdıqdan sonra Tokayevi və Qazaxıstanı hansı reallıqlar gözləyir?

- Tokayev əgər dərin islahatlar aparmasa, həmin problemlər yenə yaranacaq. İndi reklam xarakterli açıqlamalar verib, guya oliqarxlardan pullar alınıb, kasıb əhaliyə paylanacaq. Bunlar sırf piar xarakterli gedişlərdir. Bunları həyata keçirmək mümkün deyil. Bəzi məlumatlara görə, Tokayev Nazarbayevə və onun ətrafına savaş də elan edib. Bizim filmlərdən birində yaxşı bir epizod var: “Dünənə qədər “atam-atam” deyirdin, bəs indi nə oldu, adımı unutdun?”. İndi bu da ona bənzəyir, “atam-atam” deyirdin, “elbası” deyirdin, nə oldu bəs? İndi “ata”nı devirirsən, özün də deyirsən ki, Nazarbayevin ətrafı çox varlanıb, pullanıb, gərək mülklərini bölüşdürsünlər. İndi də Rusiya mətbuatı Nazarbayevin əleyhinə yazılar yayımlayır: “Londonda, Dubayda böyük mülkləri, sərvətləri var”. Güya, daha öncədən bunları bilmirdilər? Deməli, Nazarbayevi hər tərəfdən vurmağa çalışırlar. Həm ruspərəstlər, həm Tokayev və ətrafı, həm də Rusiyadakı müəyyən mərkəzlər Nazarbayevə müharibə elan ediblər. Amma bu istiqamətdə mübarizə aparmaq da çətin olacaq. Çünki hakimiyyət yekcins deyil, orda klanlararası mübarizə gedir. Nazarbayev və ailəsinə qarşı müharibəyə başlanılsa, Tokayev yenidən müxtəlif təlatümlərlə üz-üzə qala bilər. Yəni ölkədə sosial rifah halı yüksəlməsə, islahatlar aparılmasa, normal seçkilər keçirilməsə, Qazaxıstanda yenidən təlatümlər baş verə bilər.

- Bəzi xarici media agentliklərində yayılan məlumata görə, Nazarbayev müalicə üçün ölkə xaricinə gedib. Bəzi məlumatlara görə, İsveçrəyə, ya da Dubaya qaçıb. Hətta öldürüldüyünü deyənlər belə var. Bu iddialardan hansı özünü müəyyən qədər doğrulda bilər?

- Bəli, belə məlumatlar kifayət qədərdir. Hətta ev həbsində olduğu barədə məlumatlar da var. Amma reallıq ondan ibarətdir ki, biz hələ bu hadisələr cərəyan edəndən, onu canlı şəkildə görməmişik. Heç bir televiziya kanalı gedib onu çəkə bilməyib. Ancaq həyatda olsa belə, düşünmürəm ki, onu əvvəlki vəzifəsinə bərpa edələr. Hətta düşünürəm ki, onun adının verildiyi şəhərin adı yenidən öz keçmiş adına qaytarılsın – Astana olsun. Ona görə də onun hakimiyyətə qayıtması çətindir. Amma Nazarbayevin ətrafı zəif deyil. O fiqurlar Tokayevə qarşı birləşə bilərlər. Nazarbayevin taleyinin necə olacağı barədə fikir söyləmək çətindir. Çünki onunla bağlı dəqiq və rəsmi bir məlumat yoxdur. Müxtəlif ziddiyətli xəbərlər yayılmağa davam edir. Amma fakt ondan ibarətdir ki, Tokayev, Nazarbayev və onun ətrafına savaş elan edib.

- Tokayevin açıqlaması özünü doğrultmasa və KTMT kontingenti Qazaxıstanı tərk etməsə, hadisələr hansı yöndə cərəyan edə bilər?

- Ukraynanın taleyi çox təəssüf ki, Qazaxıstanı da gözləyə bilər. Necə ki, Ukraynanı parçaladılar, Krımı aldılar, Donbasda təxribatçı qüvvələr yaratdılar, eyni şey Qazaxıstanda da baş verə bilər. İndi Qazaxıstanı nə gözləyir: təsadüfi deyil ki, Putin də keçmiş illərdə bildirirdi ki, Qazaxıstan adında dövlət olmayıb, Jirinovski bir tərəfdən deyir ki, qazaxlar malotaran çobanlar olublar, onların heç zaman dövləti olmayıb və sair. Qazaxıstanı və qazaxları aşağılamaqla məşğuldurlar. Bu da ondan xəbər verir ki, Rusiyanın Qazaxıstanı parçalamaq kimi hədəfləri var. Rusiya Qazaxıstanda Tokayevlə toqquşsa,  bu, baş verə bilər. Lakin belə bir ehtimal olsa, mən istisna etmirəm ki, Rusiya Ukraynanın başına gətirdiklərini Qazaxıstanın da başına gətirə bilər.

- Baş verən proseslərə Türkiyənin səssiz yanaşması bir çoxları tərəfindən narahatlıqla qarşılanır və düşünülür ki, Türkdilli Dövlətlər Təşkilatı bu işğalın qarşısını almaq üçün nələrsə etməlidirlər.

- Türkiyə burda nə edə bilər ki? Türkiyə Qazaxıstanın daxili işlərinə qarışa bilməz, oraya ordu göndərə bilməz. Hərbçi göndərsə, qazax cəmiyyəti ilə üz-üzə qalacaq. Türkiyə və digər Türkdilli ölkələr tərəfindən ancaq mənəvi dəstək verilə bilər. İndiki halda Türk Birliyi bir az kölgədə qalıb, önəmli olan KTMT-dir. Həm də Tokayev Türkiyəni yox, Rusiyanı köməyə çağırıb. Ona görə də Türkiyənin manevr imkanları o qədər də böyük deyil.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »