Qazaxıstanda təbii qaz qiymətlərinin qaldırılması başqa nəticələrə gətirib çıxardı. Ölkənin bir neçə şəhərində etiraz aksiyaları başladı. Hüquq-mühafizə orqanlarının aksiyaları dayandırmaq istəməsi böyük qarşıdurmalar yaratdı. Ardınca prezident Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi yardımına müraciət etdi. İndi Qazaxıstanda 3700-dən çox sülhməramlı adı ilə gəlmiş hərbçi var. Onların əksəri Rusiya ordusunun nümayəndəsidir. Bundan başqa, Belarusdan, Ermənistandan da gələnlər var.
Bizimyol.info xəbər verir ki, Rusiya ordunu Qazaxıstandan çıxarmaq istəmir. Şimal dövlətinin Müdafiə naziri Sergey Şoyqu bu haqda danışıb. O, hələ belə fikirdə olmadıqlarını bildirib. Şoyqu hesab edir ki, Rusiya qoşunlarının Qazaxıstandan geri qayıtması üçün Orta Asiya ölkəsində tam sakitlik yaranmalıdır. Nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvəsinin bir müddət münaqişə yerində qalacağını bildirib.
Şoyqunun sözlərinə təəccüblənməyə dəyməz. Çünki Kreml, adətən, qoşun göndərdiyi yerlərdən çəkilməyə tələsmir. Təəccüblü olan Şoyqunun açıqlamasının Tokayevin bu haqda çıxışından sonra verilməsidir. Qazaxıstanın prezidenti ölkədə sabitlik yarada bildiklərini demişdi. O, xüsusilə Almatıda terror ehtimalını aradan qaldırdıqlarını bildirmişdi. Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvəsinin 10 gün ərzində ölkəni tərk edəcəyini vurğulamışdı. İndi isə ortaya fərqli nüans çıxır.
Qazaxıstan prezidenti Rusiyaya kömək üçün müraciət etməklə ölkədə satqın imici qazanıb. Onu məhz bu məqama görə ciddi ittiham edirlər. Hesab olunur ki, Tokayev sülhməramlıların gəlişi adı ilə ölkənin işğalına imkan yaradıb. Şoyqunun sözləri də etirazçı kəsimin sözlərinə qüvvət verir. Kreml Qazaxıstandan çıxmağı düşünmür. Tokayev isə hakimiyyətini qorumaq üçün atdığı addımın acı nəticəsini görür.
Nə baş verəcək? Böyük ehtimalla Rusiya ordusunu yaxın vaxtlarda Qazaxıstandan çıxarmayacaq. Zamanla Tokayevin narahatlığı artacaq. Amma prezident hakimiyyəti itirmək qorxusundan sərt danışa bilməyəcək. Çünki indi Rusiya üçün Qazaxıstanda qarışıqlıq yaratmaq su içmək qədər asandır.
Aytən, Bizimyol.info