Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edəcək. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hazırda Andrey Volkov Rusiya Federasiyası Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşunlarının rəhbəridir. Komandirin dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir. Hazırda işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb. Bundan əvvəl Rusiya sülhməramlı kontingentinin komandiri, general-mayor Mixail Kosobokov idi.
Hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info saytına açıqlamasında komandanların tez-tez dəyişdirilməsinin bir neçə səbəblə bağlı olduğunu dilə gətirdi. Onun sözlərinə görə, M.Kosobokovun fəaliyyəti və sülhməramlı qüvvələrə komandanlığı çox güman ki, Rusiya ilə Azərbaycanın xoşuna gəlməyib:

“Bu dəyişiklik rotasiya qaydasında baş verib. Onu da nəzərə alaq ki, Mixail Kosobokovun komandanlıq fəaliyyəti 6 ay da çəkmədi. Onun son aylardakı fəaliyyəti, xüsusilə də Fransa prezidentliyinə namizədin və Rusiya dövlət Dumasının deputatının Qarabağa qanunsuz səfərləri ona baha başa gəldi. Bizi narahat edən başqa bir məsələ isə, əsgərlərimizə qumbara ataraq qaçan Ermənistan terrorçunun separatçı rejimə təhvil verilməsiilə bağlıdır. Digər məsələ isə kimin komandan təyin olunmasından asılı olmayaraq, Azərbaycan hələ də Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağ ərazisindən terrorçuların və hərbi texnikalanın çıxarılmasını tələb etsə də, bu, hələ də baş verməyib. Düşünürəm ki, yeni təyin olunan Andrey Volkov özündən əvvəl təyin olunan şəxslərdən fərqli olaraq mövcud problemləri və rəsmi Bakının istəklərini nəzərə alaraq, yuxarıda qeyd olunanların yenidən baş verməsinə imkan verməyəcək. Yeni təyin olunan nümayəndənin də özündən əvvəlkilər kimi mövcud vəziyyəti nəzərə almaması və nəticəyə istiqamətlənmiş addımlar atmaması halında, Bakı hökuməti bu fəaliyyəti həyata keçirməyə məcbur olacaq, yəni təhlükə törətmək və zərər vermək niyyətlərindən əl çəkməyən terrorçuları özü təmizləyəcək”.
Dünya praktikasında sülhməramlı qüvvələrin komandanlığının hər altı aydan bir rotasiya qaydasında dəyişdirildiyini qeyd edən hərbi ekspertin sözlərinə görə, bu müddətin uzadılması da tərəflər arasında bağlanan bəyannaməyə əsasən həyata keçirilə bilər:
“Bu, 10 Noyabr bəyannaməni imzalayan dövlətlərin təyin etdiyi nümayəndələrin iştirakı ilə baş tuta bilər. Ancaq Mixail Kosobokov təyin olunan altı aylıq dövrü başa vura bilmədi”.
Rövşən Ziya, Bizimyol.info