Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Film dublyajında Rusiya hökmranlığı: Kinoteatrlarımız Sovet illərində ilişib qalıb...
Film dublyajında Rusiya hökmranlığı: Kinoteatrlarımız Sovet illərində ilişib qalıb...

“Osmanlıcadan tərcümə Türkə” – bunu bilməm,

Gerçək yazıyor gəncəli, yainki hənəkdir;

Mümkün iki dil bir-birinə tərcümə, amma

“Osmanlıcadan tərcümə Türkə” nə deməkdir?! (Mirzə Ələkbər Sabir)

Kinoteatrlarımız dünyaca maraqlı filmlərin Azərbaycanda izləyicisi ilə qovuşmasına çox həssas yanaşsa da, bu həssasiyyəti filmlərin tərcümələri barədə peşəkarlığa aid etmək bir o qədər asan deyil. Azərbaycan telekanallarında tərcümə edilən filmlərin, serialların izləyici ilə aralarına məsafə qoyan, orada verilən mesajın izləyiciyə düzgün çatdırılmasını önləyən və ən əsası, bərbad və yersiz tərcümə üsullarının öz izləyicilərini sözün əsl mənasında filmdən diksindirməsi, ölkənin kinoteatr və film mədəniyyətinə qarşı bir növ gözdənsalıcı, keyfiyyətsiz görüntü, fikir bağışlayır.

Bir zamanlar “ANS” telekanalının xarici film və serialları tərcümə etmək həvəsinə düşməsi, ölkədə həm həmin kanala, həm də bu növ film və seriallara güclü maraq da yaratmışdı. Məsələn, həmin zamanlarda “Kurtlar Vadisi” adlı serial artıq dünyaca məşhur bir Türk serialına çevrildiyindən, demək olar, bir çox ölkə onu öz kanallarında nümayiş etdirərək, çoxlu izləyici kütləsi qazana bilirdi. Məsələn, ərəb telekanalları bu serialı öz dilinə tərcümə edir və ərəb dilində “P” hərfi olmadığından, serialın qəhrəman obrazı olan “Polad Ələmdar”ı öz dillərində “Murad Ələmdar” kimi tərcümə edirdilər. Ancaq Azərbaycanda bu proses bir qədər təəccüblü və gülünc görsənirdi. Müstəqillik qazandığımız gündən bu yana televizorlarımızdan Türk kanalları heç vaxt əksik olmayıb. 1990-cı illərdən indiyədək Azərbaycan vətəndaşları demək olar ki, Türkiyə kanallarının ən mühim izləyicisinə çevrilib və bəzən indinin özündə də Türkiyə Türkcəsini bilməyən, eşitdikdə anlamayan çox az sayda azərbaycanlı tapmaq olar. Bütün bu reallıqların içərisində Azərbaycanın kino studiyaları və telekanalları bu qəbildən olan Türk film və seriallarını Azərbaycan Türkcəsinə çevirməklə, özünə izləyici kütləsi yığa bilsə də, digər tərəfdən özünü olduqca gülünc vəziyyətə qoyurdu. Hələ məşhur Türkiyə komediyaçı-aktyoru Kemal Sunalın filmlərini nəzər alsaq, burada komediya ilə tragikomediya qarışır bir-birinə. Belə ki, telekanalda həmin aktyorun filmi gedir və telekanal Kemal Sunaldan başqa bütün film aktyorlarının danışığını Azərbaycan Türkcəsinə tərcümə edir. Kemal Sunal isə, Türkiyə Türkcəsində danışır. Sual yaranır: azərbaycanlılar Türkcə anlamırlarsa, onda Kemal Sunalın sözləri niyə tərcümə olunmur? Yox, əgər onu başa düşürlərsə, onda digər aktyorların sözləri niyə tərcümə olunur?..

Belə maraqlı və izlənilən komediya filmlərini izləyicinin gözündə tragikomediyaya döndərən və filmin “dadını-duzunu” qaçıran həmin əvvəlki telekanallarımız indi də öz yerini kinoteatrlara verib. Məsələn, izləyicilər “Hollywood” filminə, yaxud digər Qərb filmlərinə baxmaq üçün heç də ucuz satılmayan biletlərə pul verirlər. Həmin filmlərin orijinal dili ingiliscə olsa da, bizim kinoteatrlar o filmi izləyicilərə rusca təqdim edirlər. Ağlamalı tərəfi burdadır ki, öz dili ingiliscə olub, ruscaya tərcümə edilən filmdə altyazı da azərbaycanca olur. Həmçinin dublyajlar da adətən, rus dilindən edilir. Yəni bir Hollivud filminin rus dilində səsləndirilən versiyasını götürürlər və oradan Azərbaycan türkcəsinə tərcümə edirlər. Daha əvvəl bu filmlərin rusca versiyasına baxanlar müəyyən epizodlarda bunu açıq-aşkar tuturlar.

Bu yaxınlarda belə bir filmlə rastlaşdım: deməli, “Matrix: Dirilmə” adlı filmin orijinalı ingiliscədir, bu film rusca səsləndirilir, amma altyazı azərbaycanca verilir. Azərbaycan dilinin filmlərdə “üçüncü” dil kimi təqdim olunmasını “təsadüf” hesab etmək olar, yoxsa bu, məqsədli şəkildə edilir?

Mövzu ilə bağlı Bizimyol.info saytının sorğusunda iştirak edən sakinlərdən biri bildirib ki, bu problem illər keçdikcə, öz həllini tapır: “Vaxt var idi, telekanallarımız Türkiyə seriallarını dilimizə tərcümə edirdilər. Bu, onda bizə elə də qəribə gəlmirdi, oturub izləyirdik. Ona görə qəribə gəlmirdi ki, həmin telekanallarda baxmağa heç nə yox idi. “26 Fevral – Xocalı Soyqırımı” hadisəsinin ildönümü olanda, bütün telekanallar “Fəryad” filmini verirdi. Nə vaxt ki, “Yeni il”, “Novruz bayramı” oldu, onda da başda “AzTv” olmaqla, bütün telekanallar “Qaynana” filmini yayımlayırdılar. Bir müddət keçdi, bayramda ilk dəyişikliyi edən “AzTv” oldu. Hamının tanıdığı, uşaqlıq filmi olan “Evdə tək” adlı filmi azərbaycanca yayımladı. Onda hamının gözü-könlü açıldı. Daha sonra yavaş-yavaş başqa filmlər də tərcümə edilməyə başlanıldı. Bir müddət durmadan xarici filmlərin tərcüməsi aparıldı, telekanallar artıq “Fəryad” və “Qaynana” filmləri ilə yanaşı, digər xarici filmləri də yayımlayırdılar. Üzərindən bir müddət keçdi, bir də baxdıq ki, Azərbaycan Xalqının azı Türkiyə xalqı kimi yaxından tanıdığı Kemal Sunalın filmləri bizim dilə tərcümə olunur. Amma o kinolara həmin vaxtlar baxanların yadına gələr - deməli, onun filmlərində digər aktyorların sözü tərcümə olunurdu, bir “Şaban”dan başqa. O, Türkiyə türkcəsində danışırdı. Daha sonra “Kurtlar Vadisi”, “Aşka Sürgün” və digər Türkiyə serialları tərcümə edilməyə başlandı. O vaxtlar tərcümə edilmiş bu seriallara yaşlı nəsil baxırdı. Gənc nəsil bunları görəndə, necə deyərlər, “əti tökülürdü”. Həqiqətən də “əttökən” davranışdır. Mənim dilimi mənə niyə tərcümə edirsən?..

İndi artıq onlar yığışdırılıb, deyəsən, müasirləşmişik. Amma kinoteatrlarda həmin proses fərqli formada qalır. Məsələn, filmin orijinal dili qalır bir tərəfdə, gedib onun rusca dublyajını tapırlar, altında da altyazı kimi Azərbaycan dilini işlədirlər. Belə başa düşürəm ki, bu ölkədə ruscadan başqa dil bilən film tərcüməçiləri yoxdur. Amma heç nə birdən birə olmur. Necə deyərlər, “Moskva birdən-birə qurulmayıb ki?”.

Doğrudur, çox gec inkişaf edir bizim bəzi sahələrimiz. Bu, mənfidir. Amma tısbağa yerişi ilə də olsa, əvvəl-axır hədəfə yaxınlaşırıq. O gün olsun, öz “Hollywood”umuz olsun, heç kənar filmlərə ehtiyac qalmasın.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »