Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq qərar verdi: "Tofiq Yaqubluya qarşı cinayət törədilməyib"
Prokurorluq qərar verdi: "Tofiq Yaqubluya qarşı cinayət törədilməyib"

Siyasi fəal Tofiq Yaqublu sosial şəbəkələrdə yayılan görüntülərindəki işgəncələrin araşdırılması, günahkarların cəzalandırılması üçün dekabrın əvvəlində Səbail rayon Prokurorluğuna şikayət etmişdi. Lakin prokurorluq bu işdə cinayət hadisəsi olmadığı qənaətinə gəlib.

Bizimyol.info xəbər verir ki, Səbail rayon Prokurorluğu Tofiq Yaqublunun işgəncə şikayəti üzrə cinayət işi başlanmasının rədd olunması haqda qərar qəbul edib. Prokurorluq bu qərarı qəbul edərkən Cinayət Prosessual Məcəlləsinin 39.1.1 (cinayət təqibini istisna edən hallar - cinayət hadisəsi olmadıqda) maddəsinə istinad edib.

Tofiq Yaqublu isə hesab edir ki, onun döyülməsi xüsusi göstəriş əsasında həyata keçirildiyinə görə, bu iş obyektiv araşdırılmayıb. Onun sözlərinə görə, işi obyektiv araşdırıb, günahkarları cəzalandırmaq niyyəti olsaydı, dekabrın 1-də onun 39-cu polis bölməsinə necə aparıldığını və oradan necə çıxarıldığını, daha sonra hansı istiqamətə getdiyini göstərən kamera görüntülərini əldə edib araşdırmaqla həqiqəti ortaya çıxarardılar.

Siyasi fəalın vəkili Nemət Kərimli prokurorluğa videogörüntülərin alınması haqda vəsatət də verib. Lakin görüntüləri almaq mümkün olmayıb.

Vəkil bildirib ki, cinayət işi başlanmasının rədd olunması haqda prokurorluğun qərarından məhkəməyə şikayət veriləcək. Onlar həmin qərarın ləğvini istəyəcəklər: “Əgər yerli məhkəmələr bu məsələ ilə bağlı obyektiv qərar verməsə, Avropa Məhkəməsinə şikayət edəcəyik”.

Tofiq Yaqublu ötən il dekabrın 1-də günorta saat 15.00 radələrində Bakıda - Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmliyə dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Bakıdan kənarda - Ələt qəsəbəsində tapılan Tofiq Yaqublunun üzərində xəsarət izləri olub. Siyasi fəal bildirib ki, onu əvvəlcə 39-cu polis bölməsində döyüblər, daha sonra gözləri bağlı vəziyyətdə harasa aparılarkən işgəncələr davam edib.

Daxili İşlər Nazirliyi Tofiq Yaqublunun polislər tərəfindən işgəncəyə məruz qalması haqda iddiaları təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisədən sonra verdiyi açıqlamada bildirib ki, siyasi fəalın polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: “Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”.

Hadisədən təxminən iki həftə sonra “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının rəhbərliyinin Daxili İşlər naziri Vilayət Eyvazovla görüşündə də bu məsələ müzakirə olunub. Təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib ki, nazir Tofiq Yaqublunun polislər tərəfindən o duruma salınmasını istisna edib: “Vilayət Eyvazov bildirdi ki, aksiyada saxlanma və maşına mindirilmə zamanı müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti olmadığını dedi. Nazir bildirdi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Mən belə başa düşdüm ki, Tofiq bəy polisə aidiyyəti olmayan, qanunsuz dəstə tərəfindən Bakıdan 70-80 km kənara aparılıb, döyülüb. Bildirdik ki, nəyə görə bu hadisə ilə bağlı cinayət işi başlanmır. Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Ondan sonra əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »