Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar arasında yayılmış xəstəliklərin səbəbi nədir...
Uşaqlar arasında yayılmış xəstəliklərin səbəbi nədir...

Son günlər ölkədə uşaqlar arasında xəstəliklər yayılıb. Xəstəlik boğaz ağrısı və hərarətin qalxması ilə müşahidə edilir.

Bakı sakini Sara Həsənova Bizimyol.info saytına müsahibəsində bildirib ki, övladı bir həftə ağır xəstəlik keçirib.

“Biz əvvəlcə uşağın koronavirusa yoluxduğunu düşündük. Amma müayinə zamanı həkim yeni növ qrip olduğunu bildirdi. Xəstəlik, kəskin boğaz ağrısı və hərarətin yüksəlməsi ilə müşahidə olunurdu. İştahası yox idi və çay içməkdən belə imtina edirdi” - deyən valideyn qeyd edib ki, xəstəlik çox ağır müşahidə olunur. Hərarət salıcı dərmanlar çox az təsir edir.

Həkim perdiatr İlahmə Qurbanova Bizimyol.info saytına açıqlamasında bildirib ki, son günlər Azərbaycanda uşaqlar arasında müşahidə edilən xəstəlik qripin A və B ştamlarıdır. Bu ştamların əvvəllər də müşahidə edildiyini vurğulayan həkim, son zamanlar koronavirusun geniş yayıldığı üçün qripin bu növü valideynlərin narahatlığına səbəb olur.

“Bilirsiniz, qrip “influenza” virusudur. Onun da bir neçə ştamı var. Biz illərlə qripə yoluxan kimi onun hansı ştamı olması barədə heç düşünməmişik. "Qripdir, sağalacaq" demişik. Amma özünüz də şahid olursunuz ki, bəzən qrip necə ağır fəsadlarla nəticələnə bilir. Qrip, adətən, payız-qış və yaz aylarında müşahidə edilir. İmmun sistemi zəif olan uşaqlarda qrip daha çox görülür”,- deyən həkim qeyd edib ki, hər qrip əlaməti ilə müşahidə edilən xəstəliyi də qrip adlandırıb keçmək olmaz. Bir tərəfdən koronavirus, digər tərəfdən isə, müxtəlif qrip əlamətləri ilə müşahidə edilən xəstəliklər var. Buna görə də uşaqlarda qrip əlamətləri müşahidə edilən zaman həkimə müraciət etmək lazımdır:

“Baş ağrısı, burun axıntısı, hərarətin qalxması, boğaz ağrısı varsa, həkimə müraciət edin. Təbii ki, öncə test edilməlidir. Bundan sonra uşağa müalicə tətbiq edilir. Çox zaman valideynlər çalışır ki, evdə müalicə və ya xalq təbabəti ilə uşağı sağaltsın. Amma bəzən bu nəticə vermir və vəziyyət ağırlaşa bilər. Odur ki, uşaqda qrip əlaməti varsa, test üçün müraciət edin.

“Uşaqların 12-14 yaşına qədər immunitetləri zəif olur. Əgər uşaq il ərzində 5-6 dəfədən çox qripə yoluxursa, uşağın immuniteti çox zəifdir. İmmunitetin möhkəmlənməsi üçün vitaminlər də həkim tərəfindən təyin edilməlidir. Eyni zamanda uşağın qida rasionu da vitaminlərlə zəngin olmalıdır. Meyvə-tərəvəz və meyvə şirələri uşağın qida rasionuna daxil edilməlidir. Və bunu sadəcə uşaq xəstələndiyi zaman deyil, sağlam vaxtında da etmək lazımdır. Xəstə olduğu zaman iştaha olmur, uşağı qidalanmağa məcbur etməyin. Bunun əvəzində maye-çay verin. Həkimin təyin etdiyi müalicəni axsatmayın. Çalışın, gün ərzində uşaq açıq havada yarım saat gəzsin. Açıq hava bütün xəstəliklərin sağalması üçün vacibdir”,- deyə həkim bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »