Ayın ilk 10 günündə ölkədə 20-yə yaxın dəm qazından zəhərlənmə halı baş verib. Zəhərlənənlər arasında dünyasını dəyişənlər də var.
Uzun illərdir ki, dəm qazı haqqında KİV-də maarifləndirici materiallar yer alır. Amma bütün bunlara baxmayaraq, payız-qış aylarında dəm qazından zəhərlənmə halları artır. Bu da o deməkdir ki, ya insanlar öz həyatlarına laqeyd yanaşır, ya da maarifləndirici materiallara heç göz ucu ilə nəzər salmırlar.
Dəm qazı isə, səssiz ölümdür. Yəni səssiz gəlir, qoxusu belə olmadığı üçün şəxs heç nə hiss etmir. Yarım saat müddəyində qanı zəhərləyir və ölüm baş verir.
Dəm qazı nədir?
Dəm qazı - karbonmonoksid; rəngsiz, dadsız, qoxusuz, yanan zəhərli bir qazdır. Bədənə nəfəs yolları ilə daxil olaraq birbaşa qana keçir, oksigen qəbulunu məhdudlaşdırır və ölümə səbəb olur. Karbonmonoksid zəhərlənmələri qapalı məkanlarda açıq sobalar və bacası çəkməyən sobalarda yanacağın yaxşı yanmaması zamanı meydana gəlir. Karbonmonoksidlə zəhərlənmə zamanı dərhal ilkin müdaxilə olmadığı təqdirdə, ölüm baş verir.
Zəhərlənməmək üçün nə etməli?
- İstifadə etdiyiniz sobaların quraşdırılması zamanı peşəkar yardım alın.
- İstifadə etdiyiniz yanacağın standartlara uyğun olduğuan əmin olun, hər yerdən kömür almayın.
- Sobalara həddən artıq odun doldurmayın və ya bacaları tez-tez təmizləyin.
- Gecə yatarkən sobaları söndürün.
Zəhərlənmələr daha çox odun sobaları və ya kustar üsulla hazırlanmış qaz sobaları istifadə edilərkən baş verir.
Sobanın olduğu otaqalrı havalandırın. Bacalar standartlara uyğun olmalı, mütəmadi olaraq təmizlənməlidir.
Hamam otaqlarında baş verən dəm qazı zəhərlənmələri isə, çox zaman “5 minutka” adlanan cihazların istifadəsi zamanı baş verir. Bu cihazların daxilindəki qaz, istifadəsi zamanı yaxşı yanmaya və zəhərli qaza çevrilə bilər. “pyatiminutka” zəhərlənmələri çox zaman kiçik hamam otaqlarında düzgün yerləşdirilməyən cihazlar nəticəsində baş verir. Çünki cihaza təmiz hava daxil olması üçün yetərli sahə olmur.
Yüksək miqdarda karbonmonoksid 5 dəqiqədən tez bir müddətdə ölümə səbəb olur. Ancaq dəm qazı zəifdirsə, ölüm daha uzun müddətə baş verir. Belə ki, karboksihemoqlobinin qanda səviyyəsi 30-60 arasında olduğu zaman həyat üçün təhlükə yaranır.
Dəm qazı qurbanı olmamaq üçün, qaz sobaları quraşdırılması üçün mütləq peşəkar dəstək alın. Bunun üçün “Azəriqaz”-ın məsul şöbələrinə müraciət edə bilərsiniz.
Qeyd edək ki, sovet dövründə tüstü bacalarının təmizlənməsi, qaz sobalarının düzgün yerləşdirilməsi və s. bu kimi fəaliyyətləri həayata keçirən xüsusi qurum var idi. Bu gün isə, bu problemləri vətəndaşlar özləri aradan qaldırmağa çalışmalıdır. Amma ayın ilk 10 günündə baş verən zəhərlənmə hadisələri sübut edir ki, vətəndaşlar da öz həyatlarına gözlə görünməyən bu təhlükədən qorumurlar.
İlahin, Bizimyol.info