Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu cür uşaqlar məktəbə gəlir və heç kim onlara güldən ağır söz deyə bilməz"
"Bu cür uşaqlar məktəbə gəlir və heç kim onlara güldən ağır söz deyə bilməz"

Son günlərdə 9 saylı məktəbdə direktorun şagirdlərə əl qaldırması ilə bağlı görüntülər gündəmə çevrilib. Bu cür görüntülər məktəblərdə qeydə alınan ilk hadisə deyil. Bundan əvvəl də bu cür hallar baş verib, işıqlandırılıb, ictimailəşdirilib, hasız tərəf lazımi cəzanı alıb və s.

Təbii ki, şagirdə əl qaldırmaq heç bir formada düzgün yol deyil. Bəs, müəllimlərin heç cür bacarmadığı, çətin tərbiyə olunan uşaqlarla kimlər iş aparmalıdır? Hansı tədbirlər görülməlidir?

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info-nun suallarını cavablandızan zaman bildirib ki, bəzi insanlar bu hadisəni şouya çeviriblər və müəllim, məktəb nüfuzuna xələl gətirəcək formada istifadə edirlər.

İlqar Orucov İlqar Orucov

“Düşünürəm ki, bunlar yolverilməzdir. Mən də direktorun, müəllimin şagirdə hərhansısa şiddət tətbiq etməsini təqdir etmirəm. Amma biz müəllimlərimizi, məktəblərimizi qorumalıyıq. Bu direktoru şəxsən tanımıram və o, mənim üçün Azərbaycanda fəaliyyət göstərən 4500-ə yaxın məktəb direktorundan biridir. Lakin yaşanan hadisədən sonra həmin direktor və məktəbin fəaliyyət ilə maraqlandım. Məlum oldu ki, həmin məktəb Bakıda göstəriciləri yaxşı olan məktəblərdən biridir. Direktorun isə uzun müddətli fəaliyyəti var. Mən onun direktorluq fəaliyyəti dövründəki çatışmamazlıqları bilmirəm, amma mənə verilən məlumata görə bu direktorun dövründə məktəbin göstəriciləri yaxşı olub. Biz bilirik ki, məktəb göstəricilərinin yaxşılaşdırılmasında müəllimlərlə bərabər məktəbi idarə edən şəxsin də başlıca yeri var.

İndi isə bu hadisəyə qayıdaq. Bir nəzər salaq ki, bu direktorun fəaliyyəti bu qədər yaxşıdır, amma necə olur ki, iki şagirdə qarşı şiddət tətbiq edir və çəkiliş ictimailəşdirilir? Çəkilişi aparan “Məktəlinin dostu”dur. “Məktəblinin dostu”nun fəaliyyəti ondan ibarətdirmi ki, məktəbdə olan istənilən neqativ, xoşagəlməz halı ictimailəşdirsin? Nazirlik, Bakı şəhər Təhsil İdarəsi münasibət bildirmir, amma “Məktəblinin dostu” bunu görən kimi götürüb ictimailəşdirdi. Bu yolverilməzdir.

Mən şagirdlərə şiddət tətbiq etmiş direktorun müdafiəsinə qalxmıram. Amma birmənalı olaraq bildirirəm ki, “Məktəblinin dostu"nun bu hərəkəti olduqca məktəbə yaraşmayan bir hərəkətdir.

Bizim məktəblərimizdə kifayət qədər yaxşı olmayan vəziyyət var. Biz bunu gizlətmirik. Mənim üçün bu gün hansı məktəbdə kimin olmasının, Təhsil Nazirliyinə kimin rəhbərlik etməsinin önəmi yoxdur. Mənim üçün Azərbaycan dövlətinin təhsilli olması, bilikli cəmiyyət formalaşması istiqamətində işlərin görüldüyünü görmək önəmlidir.

Keçən həftə bir məktəb direktorunun pul yığmasını əks etdirən səs yazıları yayılmışdı. Məgər həmin direktor pulu bu gün yığırmı? Xeyr. Həmin direktor Bakıda uzun illərdir məktəb direktoru kimi çalışıb və bu illərdə hansı neqativ hallara yol verib, çalışdığı məktəblərin necə rüşvət yuvası olduğunu hamı bilirdi. Amma məhz bu gün biz bu direktoru cəzalandırırıq. Biz məktəblərimizi bu cür neqativ hallardan, məktəb rəhbərlərindən bir mənalı olaraq, təmizləməliyik.

Amma bu kimi hadisələrdən təhsilimizin də ziyan çəkməsinin fərqindəyəm. Hər dəfə belə hallar baş verdikdə müəllim nüfuzu nə qədər aşağı düşür. Buna çox təssüf edirəm”.

Ekspertin sözlərinə görə, bu cür çətin tərbiyə olunnan uşaqların yetişməsində ailələrin böyük günahı var.

“Gəlin baxaq, görək Azərbaycanda ailələrdə uşaqlar normal böyüyürmü? Böyük əksəriyyətində yox. Bizim şagirdlərin xeyli hissəsinin təbiyyəsi yerində deyil. Çətin tərbiyə olunan uşaqlardır. Niyə? Çünki baxın görün Azərbaycanda son illərdə boşanmaların sayı nə qədərdir? Bu boşanmaların kökündə nə durur? Əksər hallarda kişilərin norkamaniyaya qurşanması, qadınların düzgün həyat tərzi sürməməsi. Təsəvvür edin, norkaman atanın, düzgün həyat tərzi sürməyən ananın təbiyyə etdiyi övlad normal ola bilərmi? Birmənalı olaraq, yox. Bu uşaqlar təbii ki, asan tərbiyə olunmayacaq. Bu cür uşaqlar məktəbə gəlir. Məktəbdə də müəllimlər, diroktorlar bu uşaqlara “güldən ağır söz deyə bilməz”. Bu tamamilə yalnışdır. Çətin tərbiyə olunan uşaqlarla cəmiyyət doludur. Onlar məktəblərdə tərbiyəli ailələrdən gəlmiş uşaqları da pozurlar. Müəllimi də, məktəbi də, direktoru da nüfuzdan salırlar. Biz bunları bilirik.

Bizim məktəblərdə təhsil şəxsiyyət yönümlüdür. Yəni şagirdə əl vurmaq olmaz, söz demək olmaz. Biz bu cəmiyyəti hara aparırıq? Belə şəxsiyyət formalaşdırmaq olmaz. Bu gün özlərini demokrat göstərən, özlərinə azad fikirli insan deyənlər, bütün dəyərlərdən məhrum adamlar bu gün müəllimə dil uzadır. Ömründə bir kitab oxumamış “ana” müəllimə ağzına gələni deyir. Biz bununla məktəbi, təhsilimizi inkişaf etdirə bilmərik”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »