Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Universitetdə borc qalmalaqı və ya xalqa ikrahla baxanların zamanı...
Universitetdə borc qalmalaqı və ya xalqa ikrahla baxanların zamanı...

Bir neçə gün öncə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarının yer aldığı siyahının universitetin divarına asılması ilə bağlı KİV-lərdə məlumat yayılmış və geniş müzakirəyə səbəb olmuşdu. Ötən gün universitetin mətbuat xidməti açıqlama verir ki, bəs həmin siyahı "vatsap" qrupunda paylaşılıb, divara vurulmayb. Qrupda paylaşımı yayan şəxslər də cəzalandırılıb.

Bundan əvvəl isə universitetinin Dram teatrı və kino aktyoru kafedrasının müdiri Gülşad Baxşıyeva universitetdə təhsil haqqı borcu olan tələbələrin adlarının açıq şəkildə nümayiş etdirildiyi barədə xəbərə münasibət bildirərkən demişdi ki, "bunu böyütməyə ehtiyac yoxdur. Heç bir şey olmayıb. Tələbənin borcu var, gətirsin ödəsin. Qurtardı, getdi. Burda nə var ki? Tələbə ödənişini ödəməlidir. Bir ay möhlət verərsən, iki ay verərsən, üç ay verərsən, lap bir il. Mən sizə sual verirəm. Belə şey olar ki, tələbə ödənişini ödəməsin? Neynəməlidir? Valideyninə də deyirik, kursun rəhbərinə də deyirik. Gətirib ödəmirlər. Sərt şəkildə bizə qarşı çıxırlar ki, “ödəyərəm də!” Belə yanaşma düzgün deyil. Vaxtında pulunu ödəsəydilər, belə şeylər də olmazdı. Vəssalam".

Bəli, G.Baxşıyevanın digər informasiya vasitəsinə verdiyi açıqlamanı olduğu kimi yazıram ki, sabah dediklərinin “konteksdən çıxarıldığını” iddia etməsin.

Belə görünür ki, Azərbaycanda tələbələr üçün yer yoxdur, təkcə tələbələr gözə batır. Hələ bir neçə həftə öncə də millət vəkili Aqil Abbas tələbələrin Qarabağda könüllü işləməyə göndərilməsini təklif etmişdi. Hər iki şəxs kifayət qədər yaşa dolmuş, böyük təcrübəyə malik şəxslərdir. Ancaq görünən odur ki, düşüncə, ağıl, başa düşmə qabiliyyəti, dərk etmə təkcə yaşla deyilmiş.

Gülşad Baxşıyevaya sual verirəm ki, “Gülşad xanım, pulu olan tələbə niyə borçlu qalmalıdır ki? Kim adının, borcunun divardan asılmasını istəyər?”

Təbii ki, hər kəs borcludursa, onsuz da bu borc yükünün altında əzilir, bu borcu ödəmək üçün əlindən gələni edir. Heç nə edə bilməsə də, bu borcun yaratdığı stress onun sağlamlığı üçün kifayət edir. Bir də tələbələrin hüquqlarını pozub onların adlarını açıqlamaq və üstəlik, "borcludur, gətirib versin" demək, insanlığa necə sığır, anlaya bilmirəm. Ağzınızda tələbə deyirsiniz, bu şəxs gələcək üçün oxumağa, müəyyən yerə gəlib çatmağa çalışan bir şəxsdir.

Amma siz deyərsiniz ki, “neyləyim, gözüm aydın, gətirib borcunu versin” . Bəli, bəli. Siz bunu da deyərsiniz. Ancaq vəziyyəti nəzərə alın, Gülşad xanım. Böhran dövrüdür, bir çox iş sahələri bağlanıb. İnsanların əksəriyyəti iş yerlərini itirib və maddi sıxıntılar hamıda var. Bu vəziyyət sizin də, sizin övladlarınızın, nəvələrinizin və s. yaxınlarınızın da başına gələ bilər. Məsələn, bir gün divarda sizin adınız və borclarınız yazılsa, hansı hissi keçirərsiniz? Ya bu "qara siyahı"da adı olan tələbələrdən biri, stresli və psixoloji durumunun kəskinləşməsi ilə özünə qəsd etsəydi və ya buna cəhd etsəydi, nə edərdiniz?

İnsanları ittiham etmək, məcbur etmək, tələb etmək, qısnamaq asandır. Yenə də bunun nəticələrini gözə alsanız, yaxşı olar. Bu gün iki nəfərin cəzalandırılması o demək deyil ki, siz məsuliyyəti boynunuzdan atdınız. Sizin həmin tələbələr qarşısında borcunuz yarandı, bunu nəzərə alın. Bu, bir insanlıq davranışıdır. Bəlkə, siz yenə həmin tələbələrin üzünə borclu-borclu baxa biləcəksiniz. Ancaq həmin tələbələr sizi məhkəməyə də verə bilər!

Dədə-babalarımızdan qalma bir məsəl var: “Toxun acdan xəbəri olmaz”…

Bir neçə həftə öncə deputat Aqil Abbas da təklif edirdi ki, tələbələr Qarabağda könüllü işləsin. Görürüsünüzmü, tələbənin təhsil haqqını ödəməyə belə imkanı yoxdur. İki ay avara-avara gəzmək nədir? Bəlkə də o tələbələr səbrsziliklə o iki ayı gözləyir ki, işləyib hansısa borcunu versin və yaxud işləyib ən azından doyunca yemək yeyə bilsin. Elə bilirsiniz ki, hamı deputat və ya dekan kreslosunda oturub rahat qazanır? Xeyr, qopa bilmədiyiniz kreslonuzdan müvəqqəti də olsa, ayrılın. Tibbi maskanızı taxın, insanlar arasında gəzin. Metrodan istifadə edin, ictimai nəqliyyata minin, ətrafa göz gəzdirin. Sadəcə, baxmayın. Həqiqətən görün: İnsanlar necə çətinliklə yaşayır, necə çətinliklə dolanır.

Vallah, pensiya yaşına çatmış "şanslı" vətəndaşlardansınız. İnsan utanır sizə nəsə yol göstərməyə, izah etməyə. Özünüz niyə vəziyyəti görmək istəmirsiniz?

Dünyanı tutub dayanmayacaqsınız. Və bu gün adı borc siyahısında olan tələbələr və pulsuz işləməsi təklif edilən tələbələrin dövrü gəlir… Onların indidən həyatı ilə oynamağa niyə bu qədər maraqlısınız ki?

Bu günlərdə iş "adamı" olan tanışlardan biri deyir ki, "kasıb, kasıblığa məhkumdur. Kasıbın restoranda, kafedə nə işi var. Evində yesin". Deyir hər kəs cəmiyyətdə yerini bilməlidir…

Deyəsən, siz də bu düşüncədə olanlardansınız. Söz düşəndə, hamınız tərcümeyi-halınızı, iş yerlərinizi, aldığınız mükafatları və s. və ilaxır gözümüzə soxacaqsınız. Amma bu, sizə kiminsə haqqına girmək üçün əsas vermir… Siz də onlardan birisiniz, qəbul edə bilməsəniz də…

İlahin, Bizimyol.info

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »