Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda iş yerlərində təhlükəsizlik qaydalarına niyə riayət olunmur...
Azərbaycanda iş yerlərində təhlükəsizlik qaydalarına niyə riayət olunmur...

Yanvarın 7-də paytaxtın çörək sexlərinin birində 1971-ci il təvəllüdlü Mətanət Həsənova iş yerində faciəli şəkildə ölüb. Araşdırmalarla müəyyən edilib ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qadının qolu qarışdırıcının arasında qalıb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin video görüntüləri yerli KİV-lərdə yayılıb. Görüntülər sübut edir ki, iş yerində təhlükəsizlik qaydalarına əməl edilmir. Belə ki, digər işçinin ehtiyatsızlıq və yaxud məlumatsızlıqdan atdığı addım, birinin ölümünə səbəb olur.

Belə hadisələrdə Azərbaycanda bütün sahələrdə baş verir. İnşaat sahələrində fəhlələrin ölümü, sexlərdə partlayışlar, ehtiyatsızlıqdan cihazların işə salınması və s. bu kimi davranışların arxasında sadəcə olaraq məlumatsızlıq və işçinin təhlükəsizlik iş şəraitinin yaradılmamasından irəli gəlir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, istehsalatda işəgötürənlər tərəfindən təhlükəsiz əmək şəraiti yaradılmalıdır. İşəgötürən buna borcludur. İşçilərin həyat və sağlamlığı üçün iş yerində hərhansı bir təhlükə olmamalıdır.

Elmar Nurəliyev Elmar Nurəliyev

“İstehsalat dedikdə təkcə çörək, kolbasa, şirniyyat və s. bunlar nəzərdə tutulmur. Tikinti də, dağ-mədən sahəsi də istehsalata aiddir. İşçilər istehsalatda mütləq əmək müqaviləsi ilə işlədilməldir. Əmək müqaviləsində təhlükəsizliklə bağlı şərtlər, qaydalar və s. yer alır. İşçilərə təlimat verildikdən sonra onlar işə başlamalıdırlar” - deyən ekspert bildirib ki, istehsalatda bütün sahələrdə işləyənlərin ayrı-ayrılıqda təlimatları olmalıdır. Yəni xadimənin ayrı, mühəndisin ayrı təlimatı olmalıdır. Bu təlimatlar, hər gün işə başlamamışdan əvvəl işçilərə verilməlidir. İstehsalat sahələrinin rəhbərləri bu amilə xüsusi önəm verməlidir. Təlimat verildikdən sonra işçilər işə başlamalıdır:

“Ayda bir dəfə təkrar təlimatlandırma olmalıdır. Əslində bu 3 aydan birdir. Ancaq ayda bir dəfə olması, daha məqsədəuyğundur. Aparatların dəyişdirilməsi, təmir işləri, hətta yerlərinin dəyişdirilməsi ilə bağlı da işçi təlimatlandırılmalıdır. Buna istehsalat rəisi nəzarət etməlidir. Bütün bunlar işçilərin həyat və sağlamlığını təhlükədən qorumaq üçündür. İstehsalat rəisi təhlükəsizliyə əmin olduqdan sonra işin icrası həyata keçirilir. İşin təşkil olunmasında nöqsanlar olmazsa, bədbəxt hadisələrin baş verməsi minimuma enər”.

Ekspertin fikrincə, istehsalat sahəsində avadanlıq, dəzgahlar, mexanizm, iş prosesi, avtokar, yüklərin nəql olunması, daşınması bunların hamısı insanların həyatı üçün təhlükə riski daşıyan amillərdir. Buna görə də bütün təhlükəsizlik qaydalarına ciddi məzarət olmalıdır. Buna nəzarət edən şəxslərə işini həyata keçirə bilmək üçün şərait yaradılmalıdır. Bunu işəgötürən şəxs təşkil etməlidir.

Ekspert hesab edir ki, Azərbaycanda təhlükəsizliyə yanaşmada biganəlik var. Yəni təhlükəsizlik ən sonda yada düşür. Burada söhbət insanların həyat və sağlamlığından gedir. İnsanların iş yerində xəsarət alması, həyatını itirməkdən söhbət edirsə, bu sahəyə nəzarət ciddi olmalıdır: “İş yerlərində işçilər təlimatlandırmadan keçərlərsə, təhlükəsizliyə ciddi nəzarət olarsa, işçilər öz vəzifə öhdəliklərini bilərlərsə və dövrü olaraq attestasiyadan keçərlərsə hadisələrin baş vermə riski minimuma enər”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »