Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan özünə “sülhsevər” imici yaratmaq istəyir"
"Ermənistan özünə “sülhsevər” imici yaratmaq istəyir"

“Ermənistanın xarici siyasətindəki ziddiyyətli məqamlar həddindən çoxdur. İrəvan hakimiyyətinin müxtəlif beynəlxalq məsələlərlə bağlı fərqli siyasət həyata keçirməsi bu gün göz önündədir. Onlar uzun müddət idi ki, Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində sülhməramlı missiyaya qoşulmaq istəyirdilər”.

Bu fikirləri Bizimyol.info saytına açıqlayan Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun sözlərinə görə, Ermənistan bu gün açıq şəkildə təşkilat tərkibində Rusiyanın siyasi xəttinə dəstək verməyə və KTMT-nin doğrudan da ciddi təşkilat oluğunu göstərməyə çalışır:

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Ermənistan və Rusiya Qazaxıstana göndərilən qüvvələrin “sülhmüramlı missiya” həyata keçirdikləri ilə bağlı süni görüntü yaratmağa cəhd edirlər. İrəvan hakimiyyəti sadəcə bu müəsələdə təşkilat tərkibində qurulmuş siyasi oyunların içində qalmaq və özünə “sülhsevər” və “sülh yolu ilə məsələlərin həllində əsas iştirakcı” imici yaratmaq istəyir. Bu gün bütün siyasi oyunların, hətta Ermənistanın “sülhməramlı qüvvəyə” çevrilməsinin arxasında həqiqətən də Rusiya dayanır. Ermənistan da öz növbəsində Rusiya ilə eyni mövqedə olduğunu göstərmək istəyir”.

Müsahibimiz hesab edir ki, Qərbdə, xüsusilə də bəzi Avropa ölkələrində Nikol Paşinyana qarşı göstərilən loyal münasibətin arxasında həmin ölkələrdəki Ermənistanyönlü diaspor təşkilatları dayanır: “Bu təşkilatların anti-Türkiyə, anti-Azərbaycan mövqe nümayiş etdirməsi həmin dövlətlərin maraqlarına uyğun gəldiyi üçün Ermənistana hərtərəfli dəstək verməyə cəhd edirlər. Bundan başqa, beynəlxaq təşkilatlar tərəfindən türkdilli dövlətlərə qarşı ikili münasibət göstərilir. Bu baxımdan qeyd edilənlər yeni məsələ deyil və uzun illərdir ki, həyata keçirilir. Bu, həm birinci Qarabağ müharibəsində, həm Vətən müharibəsi dövründə, həm də müharibəsən sorakı dövrdə açıq şəkildə özünü göstərdi. Hətta bundan sonra da davam edəcək. Ermənistan-Azərbaycan qarşıdurması dövründə Qərb siyasi dairələrinin birmənalı şəkildə İrəvana dəstək verdilər. Rusiyadakı Ermənistan yönümlü qüvvələr də bu ölkənin yanında yer aldılar”.

Bildiyimiz kimi, ötən ay ABŞ-ın təşklatçılığı ilə baş tutan “Demokratiya zirvəsi”nə Ermənistan da dəvət olundu. Ancaq Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan sammitə dəvət edilməyənlər siyahısında yer aldılar. Ermənistanın bu tədbirdə iştirakı göstərdi ki, təşkilatçı dövlətlərdə bu ölkəyə qarşı etimad göstərilir, amma türkdilli dövlətlərə qarşı ikili standart ortaya qoyulur. Qazaxıstana göndərilən sülhməramlıların tərkibində 70 Ermənistan hərbçisinin (Dünən isə oların sayının 100 nəfərə çatdırıldığı ortaya çıxdı – Red.) olduğunu da diqqətə alsaq, bu standartların mövcudluğu açıq görünür...

Bu ziddiyyətin həmişə göz qabağında olduğunu deyən keçmiş nazir hesab edir ki, Ermənistan indiki mərhələdə ciddi problemlə üz-üzə qalıb: “Ermənistan Qərbyönümlü siyasət keçirmək, maddi və siyasi dəstək aımaq istəyir. Təhlükəsizliyin təminatı məsələsində isə Rusiyanın dəstəyinə ehtiyac duyur. KTMT tərkibində olduğu üçün bu dəstəyi əldə edir. İrəvanın xarici siyasətindəki əsas ziddiyyətli məqamlar məhz bunlardır. Hesab edirəm ki, gələcəkdə bu cür siyasət onlar üçün ağır fəsadlara yol açacaq”.

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »