Qazaxıstanın Cambil vilayətinin polis rəisi, general Canat Suleymenovun meyiti tapılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə “Orda” ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis rəisinin ölməsi ilə bağlı məlumatı Taraz (rayonun inzibati mərkəzi) administrasiyasının mətbuat xidməti “İnterfaks”a təsdiqləyib.
Agentlik yazır ki, Süleymenov intihar edib. “Təəssüf ki, bəli, belədir. Hadisənin baş vermə səbəbləri araşdırılır”, - deyə rəsmi mənbə bildirib.
"Orda.kz" müxbiri onu da bildirir ki, Cambil vilayətinin polis idarəsinin rəisi intihar edib. Araşdırmaçı jurnalist Mixail Kozaçkov iddia edir ki, regionda baş verən iğtişaşlardan sonra Süleymenova qarşı cinayət işi açılıb: “Amma bu barədə dəqiq məlumat verilmir. Əldə olunan məlumata görə, onu məhkəmə ilə hədələyiblər. Biz Daxili İşlər Nazirliyindən xəbərin təsdiqini gözləyirik”, – deyə Kozaçkov yazıb.
Süleymenova qarşı cinayət işi ilə bağlı rəsmi məlumat verilməyib.
Qazaxıstanın KNB-si isə bu arada bildirib ki, yanvarın 10-da səhər saatlarına kimi Almatı, Qızıl-Orda, Taldıkorqan və Taraz şəhərlərində ələ keçirilən bütün inzibati obyektlər azad edilib.
Süleymanov yanvarın 5-də Cambil vilayətinin komendantı təyin edilib. Artıq yanvarın 8-də terror təhlükəsinin ən yüksək - "qırmızı" səviyyəsi tətbiq edilib. Bölgədə 150-dən çox adam saxlanılıb. Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, “10-a yaxın cinayətkar məhv edilib”, respublikanın yeddi polis əməkdaşı yaralanıb, bir nəfər həlak olub. İğtişaşçılardan avtomat, snayper tüfəngi, tapança və külli miqdarda pul müsadirə edildiyi iddia edilir. Həmçinin, xüsusilə, Taraz şəhərində etirazçılar polis idarəsinin binasını yandırıb, xidməti silahları ələ keçiriblər.
Bizimyol.info