Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarabalıqdakı xoşbətlik xatirələrim... - Video
Xarabalıqdakı xoşbətlik xatirələrim... - Video

“Mən Afşinə demişdim ki, Bəzz qalasının xarabalıqlarını mənə göstərsin. Son dəfə vidalaşmaq üçün...”

(“Babək” filmindən)

Bir kitabın son səhifəsini oxuyub bitirərsən, amma üz qabığını bağlamağa əlin gəlməz. Lakin buna məcbur oluğunu da bilirsən. Bu vəziyyətdə sonsuza qədər qala bilməzsən ki. Onun təsirinə düşərsən, düşünərsən, səhnələr canlanar gözündə, yenidən, bir daha oxumaq istəyərsən, amma oxumazsan, sadəcə vərəqləyib gözdən keçirərsən. Çünki olanı oxumusan, amma bir müddət o təsirdən çıxa bilməzsən. Sonra o da oxuduğun başqa kitablar kimi sənin yaddaşına yazılar, xatirə olar sənə. Bəlkə həyatına, baxışlarına təsir edər. Sən bilməsən də o xatirəni yaşayarsan.

Bəzən ağır xəstə olan insanın son anlarında yanında olmaq da adama təsəlli olur. Onunla olan xatirələrinin sonuncu səhifəsini oxuyub üz qabığını bağlamaq kimi. “Üz qabığı” sənin kədərinin üstünü örtər, xatirələrini qapaya bilməz. Bəzi yaxının, dostun son anına yetişə bilməzsən deyə hər xatırladıqda içindən bir üzüntü keçər. Xatirələri ilə ovudarsan özünü. Bəzən gəzdiyin, keçdiyin yerlərdə bir daha olmaq istəyirsən. Bir ağac, bir kol saxlar səni, onunla "danışmayınca" buraxmaz sən.  Xatırlayacaq şeylər sənə anlarla keçmişini yaşadar. Orda xırda bir əşya görərsən, ayağına ilişən əşya sənə nələr danışar...

6 yaşım olanda evimizin bünövrəsi qazıldı. Atamın o bünövrə yerini qazdığı, biz üç qardaşın ona necə kömək etdiyimiz, sonra onun armaturlardan karkaz hazırlayıb oraya qoyması, bir bazar günü kənd camaatının köməyi ilə bünövrə töküldüyü mənim orada qalan uşaqlıq xatirələrimdəndir. “Bizim yeni evimiz olacaq” deyə içimdə, gizlicə necə sevinmişdim, necə xoşbəxt olmuşdum. Amma bunu heç kiminlə bölüşməmişdim, niyəsini bilmirdim, amma bu xoşbəxtliyin itirilməsindən qorxmuşdum yəqin. Az sonra atam xəstələndi, dünyasını dəyişdi. Həmin il zəlzələ oldu və köhnə evimizin damını saxlayan sütunlardan biri sındı. Bu bir rəmz idi, ya nə, indi də qiymətləndirə bilmirəm. Bu bir il sonra idi, atam dünyasını dəyişdi və o gündən mənim uşaqlığım xatirəyə çevrildi. Artıq mən özümü yaşıdlarımdan böyük görməyə başlamışdım. Çünki onların önündə ataları var idi, mənim önümdə olan qardaşlarım məndən böyük olsalar da, onlar da uşaq idi.

Həmin il anam o evi tikdirdi. Atamızın dostu hörgüsünü başa vurdu. Pulunu alıb gedərkən: “Kaş imkanım olaydı, bu pulu sizdən almayaydım” demişdi. Amma “ev halallıq üzərinə qurular” deyib, özünü günahkar bilməməsi üçün anam və Hürü mamam (bibim) onu təsəlli etmişdilər. Sonra damını rəhmətlik Alı oğlu Hüseyn bağladı. Bir otağın qapı-pəncərəsini hazırladı. Zəhməti olan hər kəs yadımdadır. Polunu rəhmətlik Məhəmmədəli əmi, suvağını Nazirlə Əziz mamaoğlu vurmuşdular.

Sonra... Biz yeddi bacı-qardaş anamızla o evə köçdük, orda böyüdük. Ordan köçkün düşdük.

Bu günlərdə uşaqlıq dostum, sinif yoldaşım Habil Aslanov evimizin video görüntülərini mənə göndərdi (Dərin təşəkkürümü bir daha bildirirəm).

O evin xarabalığı mənə uşaqlıq anlarımı yaşatdı. O görüntüləri bu üç gün ərzində bəlkə 20-25 dəfə izləmişəm. Hər dəfə də yeni bir xatirə canlanıb yaddaşımda. Ya da əksi olub, yadıma düşən bir xatirənin izini tapmaq üçün yenidən baxmışam o görüntülərə. Bu videogörüntüləri izlədikdən sonra bir vaxtlar, uşaq olduğumu xatırladım. Hansı ki, həmin vaxlarda özümü böyük, evin “yükünü çəkən”, məsuliyyəti olan adam kimi görürdüm. Sən demə mən də uşaq olmuşam...

Ermənistan ordusu tərəfindən xarabalığa çevrilən o yurd - həm mənim elim, həm evim, həm də uşaqlıq-gənclik xatirələrimdir. Orda ata-analı, bacı-qardaşlı, qohum-qonşulu, elli-obalı xatirə səlnaməm var. İndi o yerləri son dəfə də olsa görmək istəyirəm. Həm də çox istəyirəm. Bunu necəsə etmək olar, amma mən səlahiyyəti şəxslərdən rəsmi icazə istəyirəm. Qayda qanunları pozmadan bunu etmək istəyirəm.

Evimizlə bağlı xatirələrimdən kiçik bir qaralama edib özümə təskinlik verə bilsəm də, təhsil aldığımız məktəbimiz barədə bunu edə bilmədim. Bacarmadım. Görünür oranı gözümlə görməyincə, beynim barmaqlarıma söz yazmaq siqnalları göndərməyəcək. Ora bir məbəd idi. Elm, təhsil məbədi - Füzuli rayonu Yuxarı Seyidəhmədli kənd orta məktəbi. Rayonun birinci təhsil ocaqlarından idi. Xarabalığına belə səcdə etməyə dəyər o məktəbin.

O kənd mənim xatirə və sirr qalam olub, Babək demiş: “O qalanın xarabalıqları ilə vidalaşmaq istəyirəm ..!”

Bu mənim, oxunaqlı olsun deyə qısaca yazılmış xatirə anlarım idi. Təsəvvür etmək belə çətindir o yerləri yenidən görmək istəyən insanların daşıdıqları xatirə və xəyalları.

Qadir Musaoğlu

(Video bəlkə sizə az nəsə deyəcək, mənim üçün isə bəlkə də “əcəl zəngi”dir)

Son xəbərlər
Bütün xəbərlər »