Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
“Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...

“Bir cənub şəhərində” filmi 1950-ci illər Bakısında cərəyan edir. Məhəllə uşaqları, dedi-qodular, insanların həyatına müdaxilələr, səhv seçimlər Azərbaycan cəmiyyətində qadın obrazının ikinci dərəcəli olması filmdə öz əksini tapır. Bakıda insanların düşüncələri, fikirləri filmdə əks olunub. Bu gün də bu hadisələr Bakının müxtəlif yerlərində davam edir.

Tinə-bucağa yığılan məhəllə gəncləri, yoldan qızla keçən hər kəsə baxıb söz atır və bunu düzgün qəbul etmirlər. Hətta filmdə bir sitat var: “O, hər gün bir qızla gələcək, bizim ana-bacılarımız da baxacaq”...

Rüstəm İbrahimbəyov, Eldar Quliyev və Rasim Ocaqov bu üçlüyün yaratdığı film demək olar ki, 60-cı illər Azərbaycanının əks olunmasıdır. Bütün Azərbaycan filmlərində gender bərabərsizliyi, qadınların hər zaman başıaşağı olması, çalışan-işləyən qadının “gəzəyən” olması və s. bu kimi stereotiplərə toxunulur. Filmdə qadına qarşı zorakılıq Solmazın haqqlarının pozulması ilə əks olunub. Solmaz sevmədiyi Tofiqlə nişanlanır... Qadın...

Film Ağabalanın həbsdən qayıdıb Səfərəlini öldürməsi ilə başlayır. Ağabala avtomobillə adam vurub öldürdüyü üçün, 10 il müddətinə azadlıqdan məhrum edilir. Həyat yoldaşı onu gözləmək istəmir və yaxınlıqdakı mağaza sahibi Səfərəli ilə münasibət qurur, onun yanında işləməyə başlayır. Ağabala 5 il sonra azadlığa buraxılır və çıxan kimi Səfərlini lomla vurub öldürür. Hamı Ağabalanın əsl kişi olduğunu deyir.

Murad filmin baş qəhrəmanıdır. Neft daşlarında çalışır. Bacısı Solmaz və qardaşı Sabirin təhsil alması üçün əlindən gələni əsirgəmir. Murad məhlə uşağı olan Cahangirin jurnalist iş yoldaşlarından birinə - Rənaya aşiq olur. Hər zaman oğlunun evlənməsini arzulayan Mənsurə ana isə onun jurnalist qızla evlənməsinə razı olmur. Düşünür ki, əgər həmin qız Cahangirin evinə gəlibsə, yaxşı qız deyil. Və məhəllə bunu qəbul etməz.

Murad çarəsizcəsinə Cahangirə üz tutub ondan yardım istəyir. Deyir ki, Rənanın “gəzəyən qız” olmadığını anasına başa salsın. Cahangir isə Rənanın şəhərdə böyüdüyü üçün “gəzəyən qız” olduğunu deyir.

Rəna, Muradı köhnə fikirli olduğu üçün istəmir. Sakit təbiətlidir Murad, bacısının xoşbəxt olmasını istəyir və onu dostu Tofiqlə nişanlayır. Tofiq iş-gücü olmayan, bütün gününü tinlərdə keçirən biridir. Xarakteri formalaşmamış, işləməyən, əyninə geyindiyi paltarı da Murad alan Tofiq, həm də ikiüzlüdür.

Eldəniz Zeynalovun canlandırdığı Tofiq obrazı bəlkə də bu gün üçün aktual olan kişi obrazıdır. Tofiq Böyük Vətən Müharibəsi iştirakçısı Cəfər Əsgərovun oğludur. Müharibədə göstərdiyi qəhrəmanlığa görə onun Moskvada abidəsinin açılışı olur. Bu açılışa Tofiqi Murad göndərir. Yol pulunu, geyim pulunu, hətta yemək-içmək üçün də pulu Murad verir. Və nəticə... Tofiq qayıdır, yanında da rus qızı. İndi hamı gözləyir ki, Murad da Solmaza vurulan bu ləkəni təmizləyib Tofiqi öldürməlidir. Filmin sonunda boş küçə və Murad polis idarəsinə tərəf gedir...

Rejissor tamaşaçıya filmin sonunda “sən düşün” deyir. Öz düşüncələrinlə qərar ver, sən olsaydın, nə edərdin deyir...

Film Azərbaycan cəmiyyətində qadınların zorla nikaha məcbur edilməsi, oxuyan və çalışan qadınların əxlaqsız kimi dəyərləndirilməsini gündəmə gətirir.Bu film sovet illərində televiziya ekranlarında görünmürdü. Hansısa formada gizli bir qadağa vardı onun nümayişinə. Səbəbi də bəllidir. Film qətiyyən sosialist realizmi janrında çəkilməmişdi. Filmdə sovet sisteminin inkar etdiyi, yəni mövcudluğunu qəbul etmədiyi problemlər əksini tapmışdı. Yəni filmdən "siz deyirsiniz ki, belə problemlər qalmayıb, amma əslində o problemlər yerindədir" mesajı yayılırdı.

Aradan 50 ildən çox bir zaman keçsə də bu gün də cəmiyyətdə çox dəyişiklik görünmür. Bakı həmin Bakı, insanlar eyni düşüncədə...

Azərbaycan filmlərinə bir də bizim gözümüzlə baxın. Bəlkə nəsə dəyişə...

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »