Keçən il dekabr ayının 28-də Operativ Qərargahın brifinqi zamanı qəbul edilən bir qərara görə, fevralın 15-dək bütün vaksin sertifikatları qüvvədə qalır: “Bildiyimiz kimi, hazırda müəyyən yerlərə yalnız COVID pasportu ilə daxil olmaq mümkündür. Təbii ki, vaxtı keçmiş COVID pasportla artıq həmin məkanlara daxil olmaq mümkün olmayacaq” - deyə, Şahmar Mövsümov bildirib.
Üçüncü doza vaksinin fevralın 15-dək vurulması və iki doza vaksin olanların sertifikatlarının qüvvədən düşməsi cəmiyyətdə belə bir sual yaradır: bir ay öncə iki doza vaksin olunanların vaksin sertifikatları fevral ayının 15-dən sonra tanınmayacaqmı? Çünki açıqlamada qeyd olunur ki, vaxtı keçmiş COVID pasportla artıq müəyyən məkanlara daxil olmaq mümkün olmayacaq.
Üçüncü doza vaksinin vurulması barədə keçirilən sorğuda iştirak edən sakinlərdən biri bildirib ki, fevralın 15-dən sonra yenə kütləvi cərimələr başlayacaq: “Dekabrda brifinq oldu. Orda dedilər ki, iki doza vaksin olunanların sertifikatı fevralın 15-nə qədər qüvvədədir. İndi fikir verin, fevralın 15-i tamam olan kimi, səhərisi gün başlayacaqlar cərimələməyə. İndi mən də sual verirəm ki, adam var, yanvarda vaksin olunub, hər iki dozanı da vurdurub. İndi onun 3-cü dozanı vurdurması üçün aradan altı ay vaxt keçməlidir. Amma fevralın 15-də polis onu hansısa qapalı məkanda saxlayıb, 3-cü dozasının olub-olmamasını yoxlayanda, həmin adam necə isbat edəcək ki, onun vaksin olunmasına hələ bir neçə ay daha var. Polis buna baxacaqmı? Adını yazacaq aparata, orda çıxacaq ki, iki doza vaksini var, amma üçüncü dozanı vurdurmayıb, cəriməni yazacaq. Yəni sualım odur ki, bu altı ay müddətini necə nəzərə alacaqlar?
Məsələn, 1-ci doza vaksin olunanlar kafelərə, restoranlara buraxılmır. Onlardan 2-ci dozanın da vurulması tələb olunur. İndi adamlar var ki, 2-ci dozanı yanvarın ortası, ya da fevralın əvvəlində vurduracaqlar, belə çıxır ki, onlar fevralın 15-dən sonra üçüncü dozaları olmasa, qapalı məkanlara buraxılmayacaqlar? Bir altı ay da oturaq, 3-cü vaksinin vaxtının tamam olmasını gözləyək? Bu qədər mürəkkəbləşdirməyə nə ehtiyac var idi?” - deyə, paytaxt sakini bildirib.
Mövzu ilə bağlı TƏBİB-in Mətbuat Xidmətindən bildirilib ki, beş ayı tamam olan vətəndaşlar altıncı ay gedib “buster” dozanı vurdura bilərlər:
“Üçüncü doza vaksinlər, beş ay tamam olandan sonra vurulmalıdır”.
Səhiyyə Nazirliyindən bildirilib ki, fevralın 15-dən öncə - bir ay əvvəl hər iki doza vaksin olunan vətəndaşların sertifikatları öz qüvvəsində qalır. Yalnız qeyd olunan tarixdə beş ayı tamam olan vətəndaşlar üçüncü doza vaksin olunmalıdırlar:
“İkinci dozadan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici doza qəbul olunmalıdır. Əks halda 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin “peyvənd sertifikatı”, fevralın 15-dən etibarlı hesab edilməyəcək. Bu, ikinci dozadan hesablanır” - deyə, nazirlikdən bildirilib.
Mətin Şükürlü, Bizimyol.info