Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Postsovet ölkələrinə qorxulu presedent
Postsovet ölkələrinə qorxulu presedent

Geopolitik vəhşətlə üz-üzə...

Belə görürəm ki, bu mövzu məni uzun müddət (ya da heç vaxt) rahat buraxmaz.

Bir daha təsdiq olundu ki, Rusiya 30 il qabaq dağılmış Sovet İttifaqının varisliyini tam mənimsəyib; təkcə hüquqi deyil, həm də siyasi-əxlaqi varisdir. Hərçənd buna "əxlaq" da deyə bilmirik. Jirinovskinin, Milonovun, Solovyovun ifasında sırınan "əxlaq" haqqında danışırıq.

Tarixin ən prinsipsiz adamlarından olan kardinal Taleyran deyirdi: "Dil, insana fikirlərini gizlətmək üçün verilib". Ancaq biz Rusiya siyasətində bunun çevrilmiş forması ilə qarşı-qarşıya qalmışıq: o boyda ölkə Jirinovski kimi siyasi təlxəyin dilinin arxasında gizlənib. Bu, dövlətin özünün özünü ifrat aşağılamasıdır. Özünü aşağılayan, gör, başqasına nə edər! Edir də.

...Dövlətlərin suverenliyinə, daxili işlərinə qarışmamaq beynəlxalq hüququn ən əsas prinsiplərindən biridir. Rusiya da, sələfi SSRİ kimi bu prinsipi heçə sayır. Ki, bunun adı prinsipsizlik olsa gərək.

Nəticə: Rusiyanın patronajlığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi - yeni müstəqil dövlətlərə qarşı kollektiv təhlükəyə çevrilib. Ki, Qazaxıstan bir anlamda ilk qurban oldu. Rusiya Ukraynada, Gürcüstanda, Moldovada, elə Azərbaycanın özündə, demək olar, öz adı ilə səhnədədir. Qazaxıstana isə KTMT-nin bayrağı ilə gedib. Bu, Varşava Müqaviləsinin çox pis formada və həm də təhrifli proyeksiyası oldu. 1956-cı ilin Macarıstanı, 1968-ci ilin Çexoslavakiyası yada düşdü.

Qazaxıstan çox pis presedent oldu; Rusiya nəinki etnik konfliktləri yatırmaq adı ilə gələ bilir, üstəlik öz hakimiyyətindən öz hüquqlarını istəyən xalqlara "terrorçu" damğası yapışdırıb sosial narazılıqlarda da gələ bilir. Ölkələrin daxili siyasi proseslərinə silahla müdaxilə edir.

Türkiyə NATO dövlətidir və ən azı yarım əsrdir, terrorun hər formasından zülm çəkib. Ancaq heç vaxt Brüsseli köməyə çağırmayıb. Qazaxıstan prezidenti Tokayev isə, elə birinci böhranda KTMT - Rusiya deyib durdu.

Ordu dövlətin atributudur. Tokayev öz ordusunu, bütövlükdə öz dövlətini, millətini və özünü təhqir etdi. Siyasi elmlər doktorunun "siyasi iradəsizlik" xəstəliyi varmış! Rus dilini, ingilis dilini, hətta Çin dilini mükəmməl bilən diplomat - prezident öz xalqı ilə dil tapa bilmədi. Ən pisi: bunu heç istəmədi. Ən kiçik cəhd belə göstərmədi.

Məncə (təkcə mənim fikrim deyil), dövlət rəhbəri öz xalqının mədəniyyətinin məhsulu olmalıdır. Yuxarıdan aşağı xalqa sırınan yox, aşağıdan yuxarı xalqın içindən çıxan biri olmalıdır. Yuxarıdan aşağı xalqa sırınan elə həmişə xalqa yuxarıdan aşağı baxar.

Əgər sən xalqın içindən gəlməmisənsə, sonradan o xalqın içinə ha get. Hələ getsən! O mədəniyyət üçün yad cismsən, bədxassəli şişsən. Tokayev kimi, məsələn. Şişib yetişib partlarsan bir gün, bütün orqanizm zəhərlənib iflic olar...

Böyük şairimiz Bəxtiyar Vahabzadənin "Əlcəzair" poemasındakı satqın rəhbər obrazı yadıma düşdü; öz ərəb qövmünün içindəki Osman fransız ağasının yanında dönüb Sen-Simon olur...

Bəli, bu sen-simonlar və simonyanlar sayəsində Avrasiyada faşizmin yeni bir növü formalaşır. KTMT adlı hərbi blok hər cür siyasi və sair azadlıqlara blok qoyan bir mexanizmə dönüşür. Sovet ordusunun xortlamış konstruksiyası. Uğursuz geostrateji doğuşun qurbanı özü bir cəllada çevrilir. Ən azı postsovet məkanı üçün çox kədərli, daha doğrusu, təhlükəli bir reallıqdır. Biz çox miqyaslı geopolitik vəhşətlə üzbəüz qalmışıq...

Ən böyük dəhşət isə "sivil" dediyimiz Dünyanın reaksiyasıdır. Daha doğrusu, reaksiyasızlığı. Bu cəzasızlıq ən azı bu materikdə nəhəng bir reaksion monstr yetişdirdi. Rusiya cəzasızlığın doğurduğu cəza ordusudur. Bu, gələcəyi öz maraqlarına tabe tutmaq üçün qayıdıb keçmişi yenidən dizayn etməyə çalışan bir zehniyyətdir. Öz doğma rus şəhərlərini partladıb hakimiyyətə dırmaşan bu zehniyyət üçün Qazaxıstanda, ya da başqa bir ölkədə "terrorçu" tapmaq nə çətin işdir?! Xüsusən, əgər o "terrorçu" orda yoxdursa. Daha doğrusu, orda olan insan terrorçu deyilsə...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »