Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pensiya yaşını artıra-artıra gedirlər - İdarəetmədə demensiya əlaməti
Pensiya yaşını artıra-artıra gedirlər - İdarəetmədə demensiya əlaməti

Azərbaycanda 1 iyul 2021 – 30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 62 il 6 ay olacaq. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq. Qeyd edək ki, pensiya yaşı “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilər üçün yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınlar üçün yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Zaman keçdikcə pensiya yaşı da artacaq.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

İndi Statistika Komitəsinin bəzi məlumatlarına nəzər salaq. Statistika komitəsinin məlumatına görə, 2021-ci ildə pensiya alanların ümumi sayı 1 milyon 228 min 829 nəfərdir. Bunlardan 539 min 563 nəfəri kişi, 689 min 266 nəfəri də qadındır. Onlardan cəmisi 716 min 222 nəfəri, 286 min 652 kişi, 429 min 570 qadın yaşa görə pensiya alır.

Yenə Statistika Komitəsinin göstəricilərinə nəzər salaq. Qeyd edilir ki, Azərbaycanda 2020-ci ildə sağlam ömür uzunluğu, kişilər üçün 60,9, qadınlar üçün isə, 67,2 yaş hesablanıb. Komitənin məlumatına görə, 2020-ci ildə şəhər və kənd yerləri üzrə doğulanda gözlənilən ömür uzunluğu qadınlar üçün 76,5, kişilər üçün isə, 70,1 dir. Belə başa düşülür ki, 8 ildən sonra ölkədə pensiya alan qadın və kişilərin sayı az olacaq.

Əksər xarici ölkələrdə insanlar yaşlılıqlarını düşünür, pensiya yaşında daha rahat yaşacaqlarını düşünürlər. Azərbaycanda isə, bu vəziyyət olduqca fərqlidir. Məsələn, 60 yaşlı bir qadın iş üçün harasa müraciət edəndə ona yaşlı olduğunu və yaşına uyğun işin olmadığını deyirlər. Bu qadın pensiya üçün müraciət etdikdə isə, bildirilir ki, yaşı hələ pensiya yaşına çatmır. Bu zaman maraqlı bir sual ortaya çıxır - qadın pensiya yaşına çatana qədər nə ilə dolanmalıdır? Bəlkə bu elə 60 yaşdan sonra insanların acından ölmələrinə hesablanıb.

Pensiya yaşının illər keçdikdə artırılması olduqca müəmmalı bir qərardır. Məsələn, dövlət idarələrinə və yaxud Milli Məclisə nəzərə salaq. Bu idarə və qurumlarda kifayət qədər yaşlı işçilər var. Bəlkə bu qanun elə onların sağ qaldıqca işləyə bilməsi üçün nəzərdə tutulub. Yoxsa anlam vermək mümkün deyil.

Statistika Komitəsinin məlumatında deyilir ki, 2020-ci ildə kişilər üçün ömür uzunluğu 70,1 hesablanıb. Qanuna görə isə, 2027-ci ildə pensiya yaşı kişilər üçün 68 il 6 ay, qadınlar üçün isə 66 il 6 ay olacaq. Yəni 68 il, 6 ay da pensiya ala bilən kişilər cəmi 1 il 6 ay pensiya ala biləcək.

Qanunu tərtib edəndə, qanunun lehinə səs verəndə nə düşünülüb, bilmirəm. Bircə onu deyə bilərəm ki, qanun yaşlı nəslin daha az pensiya almasına hesablanıb. Bəzi məmurların, deputatların kreslo sevgisini anlayıram, amma Azərbaycan tək sizən ibarət deyil ki? Siz bir az daha çox varidat əldə edəsiniz deyə niyə bizim ataalrımız, analarımız pensiya ala bilməsin?

Araşdırmalara görə, 60 yaşından sonra insan beynində müəyyən dəyişiklikər, demensiya müşahidə edilir. Bəlkə bu qərarlar da sizin demensiyanızın nəticəsidir. Bəlkə Milli Məclisdə kök salmış yaşı 70-i keçmiş deputatlar da dünyanı tutub dayanacağını düşünür? Həqiqətən çox maraqlıdır, bu gün Milli Məclisdə deputatların yaşına baxdım, aralarında yaşı 80 i ötmüş olanlar var. Maraqlıdır onlar iclaslarda iştirak edə bilirlərmi? Və yaxud düşüncələrini deyəcək gücləri qalıbmı? Onsuz da nə üzlərini görürük, nə səslərini eşidirik. Kiminsə, nəyinsə sayəsində uzun illər mandat məşğul edən bu deputatlar kimə lazımdır?

Dəyişikliklər edilib, nisbətən gənclərə yer verilib. Amma 82 yaşlı deputat özünü idarə edə bilmir, o ki, qaldı mandatını. 82 yaşlı deputat ən son yəqin ki, XX əsrdə seçicisi ilə görüşüb...

Eh, nə bilim, Azərbaycan. Nəyin düzdür ki, bu da düz olsun. Demensiya ilə verilən qərarların lehinə səs verən nisbətən gənc deputatlar, bəs siz nə düşünürdünüz bu mövzuda?

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »