Bu gün Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib. Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.
FHN-nin məktəbdəki yanğınla bağlı açıqlamasında bildirilir ki, yanğın zamanı xəsarət alan olmayıb.
Təbii ki, bu cür hadisələrin baş verməsindən heç bir məktəb sığortalanmayıb. Bəs, məktəblər və məktəb kollektivi necə, bu cür bədbəxt hadisələr qarşı hazırlıqlıdırmı? Məktəblərdə hansı təhlükəsizlik tədbirləri görülür və əməl edilir?
Təhsil eksperti Elşən Qafarov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirb ki, Azərbaycanda uzun illərdir ki, müşahidə edilən mənzərə odur ki, məktəblər təmir olunan zaman yanğından mühafizə şitləri, avadanlıqları quraşdırılır, amma onların istidafə qaydalarını demək olar ki, məktəbin nə texniki işçilərinə, nə də yuxarı sinif şagirdlərinə öyrədilmir.

“Dövlətin bununla bağlı bir neçə qanunu var. Bunlar, texniki təhlükəsizlik, yanğından mühafizə, əməyin mühafizəsi, sanitar, gigiyenik qaydalar haqqında Azərbaycan Respublikasının qanunlarıdır. Hər bir ümumtəhsil məktəbi dərs ilinin əvvəlində həmin məsələlərlə bağlı məsul şəxs təyin etməlidir. Məsələn, yanğından mühafizə ilə bağlı məsul şəxs və s. Hazırda isə görünən odur ki, bizdə bu sahədə çox ciddi boşluqlar var.
Digər bir məsələ isə odur ki, təmir zamanı quraşdırılan bu avadanlıqlar bir müddət keçdikdən sonra yararsız hala düşür, lakin bu nəzərə alınmır, dəyişdirilmir. Qeyd etdiyim məsələlərin mahısı ümumtəhsil məktəblərində açıq olaraq qalıb.
Hətta məktəblərdə evakuasiya planları, təhlükəli vəziyyətdə mülki müdafiə ilə bağlı planlar hazırlanmalı, həyata keçirilməlidir ki, hər hansı təhlükəli vəziyyət yarandıqda qısa müddətdə şagirdlər və müəllimlər evakuasiya edilə bilsin. Bunlarla da bağlı məktəblərdə vaxtaşırı təlimlər keçirilməlidir, amma təssüflər olsun ki, edilmir. Bir sözlə, bu sahədə məktəblərlə iş çox zəifdir”.
Leyla Mirzə, Bizimyol.info