Bu ildən Fransada meyvə və tərəvəzin plastik qablaşdırmasını qadağan edən qanun qüvvəyə minib. 2040-cı ilə qədər ölkədə bütün plastiklər mərhələli şəkildə qadağan ediləcək. Bu il isə, Fransada supermarketlərdə plastik qablarda xiyar, bibər, balqabaq, badımcan və pırasa satmaq qadağan edilir. Banan, armud, limon, portağal və kivi də daxil olmaqla, ümumilikdə 30 növ meyvə və tərəvəzə hər hansı plastik qablaşdırma qadağan ediləcək. Qanuna görə, 1,5 kq-dan çox qablaşdırma, doğranmış və ya emal edilmiş meyvələr istisna edilir. Albalı və ya moruq və qaragilə kimi yumşaq meyvələr də daxil olmaqla bəzi növlərə istehsalçılara plastikə alternativ tapmaq üçün daha uzun müddət veriləcək, lakin 2026-cı ilə qədər bütün meyvə və tərəvəzlər üçün plastik qablaşdırma tədricən dayandırılacaq.
2021-ci ildə Fransada meyvə və tərəvəzlərin təxminən 37%-nin plastik qablaşdırmaya bükülmüş şəkildə satıldığına görə, hökumət qadağanın ildə 1 milyarddan çox birdəfəlik plastik qablaşdırma məhsulunu azaldacağına inanır.
İspaniyada isə, meyvə və tərəvəzin plastik qablaşdırılması gələn il qadağan ediləcək.
Uzun illərdir ki, bütün dünyada araşdırmaçılar plastik qablaşdırmanın ətraf mühitə ziyan vurduğunu və dənizin çirklənməsinə səbəb olduğunu deyir.
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa edilən 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub.
Ekoloq Vaqif Əliyev Bizimyol.info saytına açıqlamasında bildirirb ki, plastiklər təkcə ətraf mühit deyil, eləcə də insan sağlamlığı üçün zərərlidir. Bu səbbədən də 2020-ci ilin 26 noyabrında "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib. Dəyişikliyə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub. Belə ki, qanuna əsaəsn ötən ilin yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağan edilib.
“Buna baxmayaraq, bəzi mağaza və marketlərdə belə məhsulların satışına rast gəlinir. O ki, qaldı tərəvəz və meyvənin platik qablaşdırılmasına bu hələ ki, ölkədə müzakirə edilməyib. Amma düşünürəm ki, yaxın zamanlarda bu məsələyə də göz atarlar. Çünki plastik qablaşdırmalar insan sağlamlığı üçün zərərlidir. Bu, tədrici zəhərlənmə deməkdir”,- deyən ekoloq vurğulayıb ki, bunun üçün də “Ətraf Mühit haqqında” qanuna göz atmaq lazımdır.
Qeyd edək ki, dünyada plastik istehlakı son 70 ildə artıb. Hesablamalara görə, 2050-ci ilə qədər dünyada 33 milyard ton plastik tullantı əmələ gələcək. Bu isə, ətraf mühit və dənizin çirklənməsi üçün böyük təhlükə deməkdir.
Plastiklərin insan üçün zərəri
Mütəxəssislərin fikrincə, plastik məhsulların tərkibində olan bisfenol A və flalein adlı maddələr qidaya keçdiyi zaman xərçəngə səbəb olmaqla yanaşı qalxanvari vəz, mədəaltı vəz, qadınlarda yumurtalıqlar, kişilərdə reproduktiv orqanlara zərər verərək sonsuzluğa səbəb olur.
Həkim terapevt Məlahət Abbasova Bizimyol.info saytına müsahibəsində bildirib ki, plastiklərdən çox istifadə edən şəxslərdə qaraciyər fermentlərinin artdığı və qarnın yağlanması müşahidə edilir. Plastiklər, uşaqlarda genetik strukturu dəyişərək davranış pozuntularına da səbəb olur.
İlahin, Bizimyol.info