Qazaxıstan müxalifətindən 11 maddəlik yeni tələb: Rusiya ilə əlaqələri kəsmək olarmı?
Qabil Hüseynli: “Bu hadisələr bütün Orta Asiyaya nəzarəti ələ keçirmək üçün törədilir”
Məlum olduğu kimi, Qazaxıstan müxalifəti 11 maddəlik yeni tələblər irəli sürüb. Üçü sırf Rusiya ilə bağlıdır, yəni bu ölkə ilə bağlı bir çox əlaqələrin kəsilməsi tələb olunur. Həmin tələbləri olduğu kimi təqdim edirik:
1. Rusiya ilə bütün əməkdaşlıq dayandırılmalıdır
2. KTMT və Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatlarından çıxılmalıdır
3. Demokratikləşmə istiqamətində addımlar atılmalıdır
4. Rusiya ilə iqtisadi-ticarət əlaqələri istisna bütün əlaqələri kəsilməlidir
5. Krımı Ukraynanın tərkib hissəsində qəbul etmək
6. BMT-də Kiyevə dəstək
7. Baykonurdakı kosmodrom qapadılmalı, Rusiyanın Hava-Kosmik Qüvvələrinin hərbçiləri və əməkdaşları oradan çıxarılmalıdır. Kosmodromun NASA-ya verilməsi məqsədəuyğun hesab edilir.
8. Bütün siyasi məhbuslar azad olunmalıdır
9. Prezident, Təhlükəsizlik Şurasının sədri, hökumət və parlament istefa verməlidir
10. Nüfuzlu və tanınmış şəxslərdən, habelə Qazaxıstan müxalifətinin nümayəndələrindən ibarət müvəqqəti hökumət yaradılmalıdır
11. Müvəqqəti hökumət azad seçkilər keçirməlidir.
Bu tələblərin qeyri-real olduğunu söyləyən politoloq Qabil Hüseynli Bizimyol.info saytına açıqlamasında heç bir maddənin həyata keçirilməsinin mümkün olmadığını bildirib. Onun fikrincə, Rusiya ilə əlaqələrin kəsilməsi intihara bənzəyir:

“Bu ölkəyə meydan oxuyan maddələri hansısa güclə həyata keçirmək mümkün olmayacaq. Həm Rusiya, həm də ölkədəki siyasi vəziyyətlə bağlı birdən-birə belə kəskin tələblər irəli sürmək daxili qarşıdurmanı daha da dərinləşdirir və konsensus əldə etməyi mümkünsüz edir. Burada müəyyən məsələlər ətrafında diskussiyalar və fikir mübadiləsi aparmaq olar, amma bütün müddəaların həyata keçirilməsi Qazaxıstanın iqtidarında deyil”.
- Bəs müxalifətin belə tələblər irəli sürməsi nə ilə əlaqədardır? Onları belə bir addım atmağa nə vadar edir?
Qazaxıstan müxalifətinin hazırda Belçikada olduğunu söyləyən politoloqun sözlərinə görə, onlar müyyən qüvvələrin diqtəsi ilə hərəkət edirlər: “Ölkədə daxili qarşıdurma yaradan qüvvələrin çoxu Rusiyanın nəzarəti altındadır. Kənardan ultimatum vermək və tələblər irəli sürmək çox asandır. Düşünürəm ki, bu tələblər ağlını itirmiş bir qrup şəxsin ortaya atdığı iddialardır. Bunların da yalnız bəzi hissələri həyata keçirmək mümkündür. Prezident, Təhlükəsizlik Şurasının sədri, hökumət və parlament istefa verə bilər, ancaq onlar başa düşmədirlər ki, ölkədə hakimiyyət vakuumu yaranacaq və Rusiya da bundan istifadə edəcək. Ancaq siyasi məhbusların azad edilməsi ilə bağlı tələb çox düzgündür.
Eyni zamanda, müəyyən keçid və islahatlar dövrü elan etmək, həmçinin demokratikləşmə istiqamətində müəyyən addımlar atmaq olar. Bütövlükdə 11 maddənin hamısının reallaşması ağlabatan deyil. Rusiyanın Baykonurdakı kosmodromunu necə bağlamaq olar? Və ya Rusiya ilə əlaqələri tamamilə necə kəsmək olar? Qazaxıstan neftinin 80 faizi Rusiya vasitəsilə dünya bazarına çıxarılır. Dəmiryol xəttinin çox hissəsi Rusiya ərazisindən keçir. Onlar ölkədən və proseslərdən kənarda qaldıqları üçün belə iddialar səsləndirməkləri məntiqdən uzaqdır”.
- Əgər Qazaxıstan hökuməti tərəfindən Rusiya ilə bağlı maddələr qəbul olunarsa, yəni Rusiya ilə bütün əlaqələr kəsilərsə, həm Orta Asiya, həm də bölgə üçün hansı proseslər baş verəcək?
- Rusiyasız Orta Asiya necə olacaq?
Rusiyanın bu hadisələri bütün Orta Asiyaya nəzarəti ələ keçirmək üçün törətdiyini deyən müsahibimizin fikrincə, Kreml bununla keçmiş SSRİ-nin keçmiş coğrafi ərazilərini yenidən böyütmək və sərhədlərini genişləndirmək istəyir: “Rusiya bu günə qədər beynəlxalq münasibətləri və beynəlxalq hüquq normalarını qəbul etməyib və yalnız keçmiş imperiyasını yenidən bərpa etmək barədə düşünüb. Buna görə də belə məsələlərdə reallıq hissini itirmək və müvəqqəti kompromislərlə dövlətin ərazi bütövlüyünü qorumaq, daxildə də asayişi bərpa etmək lazımdır. Yoxsa belə radikal addımlarla ölkənin dağılmasına səbəb olarlar. Bu ölkə illərlə çəkilmiş əziyyətlər hesabına müstəqil olub və inkişaf edib”.
Rövşən Ziya, Bizimyol.info