Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-ın əsas rəqibi Rusiya deyil, Çindir - proses bu üçlüyün arasında gedir"
"ABŞ-ın əsas rəqibi Rusiya deyil, Çindir - proses bu üçlüyün arasında gedir"

Nazarbayevin heykəlinin aşırılması “ərəb baharı”ndan sonra digər Türkdilli ölkələrə “Türk qışı”nı gətirə bilərmi? - Şərh

Bu il, yanvar ayının 2-dən başlayaraq, maye qazın qiymətinin artmasına kəskin etirazların başladığı Qazaxıstanda dinc aksiya öz yerini qanlı toqquşmalara verdi. Hadisələrin cərəyan etməyə başladığı vaxtdan bu yana dörd gün keçib və qazax xalqının qəzəbi hələ də soymaq bilmir. Aksiya iştirakçılarının ölkənin hava limanını ələ keçirməsinin ardından Qazaxıstan Prezidenti Qasım Comərt-Tokaevin KTMT ölkələrindən hərbi yardım istəməsi, qazaxlar tərəfindən “vətənə və xalqa xəyanət” kimi qiymətləndirildi.

Dünən – yanvarın 6-da Türk Dövlətləri Təşkilatı isə Qazaxıstanda baş verən hadisələrlə əlaqədar, olduqca maraqlı və təəccüblü bir bəyanatla çıxış edib. Bəyanatda “Qazaxıstan hökumətinə və xalqına dəstək verməyə hazırıq” ifadəsinin yer alması, təşkilatda üzvlük hüququ olan Türk dövlətlərinin Qazaxıstanda baş verən proseslərdən məlumatsız olduğu düşüncəsini yaradır. Baş verən hadisələr qazax xalqının Qazaxıstan hökumətinə qarşı artan nifrət və aqressiyanın göstəricisi olduğu halda, Türk Dövlətləri Təşkilatı hər iki tərəfə də eyni dəstəyi necə verə bilər? Bununla yanaşı, həmin təşkilat KTMT üzvləri arasında Ermənistanın da yer aldığını və Qazaxıstana yollanan hərbi təyinatlı kontingentin tərkibində Ermənistan hərbçilərinin də olduğundan heç şübhəsiz ki, məlumatsız deyil. Buna baxmayaraq, bəyanatda baş verə biləcək qətliam ehtimalına, KTMT üzv dövlətlərinin bölgəyə göndərilən hərbçilərə güclü nəzarət etmələri barədə tələblərə toxunulmur. Ortaya isə, belə bir sual çıxır: öz doğma xalqının haqlı etirazlarını yatırmaq üçün Rusiya, Ermənistan kimi dövlətlərdən hərbi dəstək tələb edən Qazaxıstan hökumətinə Türk Dövlətləri Təşkilatı hansı dəstəyi göstərməlidir?...

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

Mövzu ilə bağlı Bizimyol.info saytına müsahibə verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun fikirlərini oxucularımızla bölüşürük:

- Tofiq bəy, Türk Dövlətləri təşkilatının Qazaxıstan barədə verdiyi bu bir mənalı qarşılanmayan bəyanatı barədə nə deyə bilərsiniz?

- Biz bilirik ki, orada dominant güc Rusiyadır. Bu məsələdə özünə tərəfdaş olan ya Çini seçə bilər, ya da Qərbi. Təbii ki, vəziyyəti stabilləşdirmək üçün. Mən hesab edirəm ki, Türkiyəni, ya da Türkdilli dövlətləri seçsə, bizim də məqsədimizə uyğun bir qərar olacaq. Buna ümidlər də var. Çünki biz bilirik ki, bir çox bölgələrdə, misalçün Suriyanı götürsək, Rusiya Qərbi yox, hansısa digər qüvvələri yox, ilk öncə Türkiyəni özünə tərəfdaş seçib. Bizim bölgəni götürsək, yenə həmin mənzərəni görə bilərik. Mən istisna etmirəm ki, bu bəyanat məhz ona yönəldilib ki, burda Türkiyə Rusiya üçün tərəfdaş olsun və vəziyyəti belə desək, normal hala salmaq üçün, təbii ki, belə bir istək varsa, Türkiyə orada tərəfdaş ola bilər. Mən belə hesab edirəm ki, bəyanatın əsas məqsədi bundan ibarətdir. “Qazaxıstan Xalqı” və “Qazaxıstan hökuməti” məfhumlarını gərək biz işlətməyək. Biz görürük ki, orada geopolitik oyunlar gedir və burda ola bilsin, doğrudan da hansısa belə deyək, iqtisadi baxımdan problemlər var. Amma hansı cəmiyyətdə yoxdur ki? Digər tərəfdən, demokratiyanın səviyyəsini götürsək, bəli, bəlkə də problemlər var. Amma söhbət digər bir məsələlərdən də gedir – dövlətçiliyi qorumaq, ya da dövlətin varlığını saxlamaq, hansı ki, mürəkkəb bir vəziyyətdə məqsədlər ilk öncə bunlar olmalıdır.

- Qazaxıstan Prezidenti Qasım Comərd-Tokaev etirazçıların aeroportu tutmasından sonra KTMT-yə hərbi kömək üçün müraciət etdi. Bu isə bizə 1990-cı il, 20 Yanvar hadisələrini xatırladır. Hansı ki, Azərbaycan-İran sərhədinin sökülməsinin ardından o vaxtkı Azərbaycan rəhbərliyi də bu “təxribat”ların qarşısını almaq üçün Moskvadan yardım istəmişdi. Bu, açıq-aşkar xəyanət deyilmi?

- Bilirsiniz, biz tarixdən çox şeyləri tapıb, müzakirə edə bilərik. Mən burda digər bir problem görürəm – baxın, Belarusiyada olan hadisələrə. Tixanovskaya uzun müddət Moskvada fəaliyyət göstərib. Ondan sonra qərbyönlü qüvvələrin simvoluna çevrilib və həmin ölkələrdə o şəxs qəbul olunur, onun üçün imkanlar yaradılır. Mürəkkəb bir vəziyyətdir və Ukraynadakı hadisələri də təhlil edəndə, görə bilərik ki, Qərblə Rusiya hansısa iqtidarın oyunçuları kimi çıxış edirlər. Əsas təhlükəni təşkil edən də, məhz bu vəziyyətdir. Ona görə, biz görürük ki, böhran çox dərindir, oyunçular isə çoxdur. Bizim üçün əsas maraqlı olan o məsələdir ki, bundan qabaq Qazaxıstan və onun rəhbərliyi Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyirdi. Bizim də əsas məqsədimiz odur ki, bundan sonra orada hakimiyyətə gələn qüvvələr də həmin mövqedə qalsınlar. Məhz ona görə Türkiyənin bir faktor olaraq, bu məsələlərə cəlb olunmasının tərəfdarıyam, bu bir. İkincisi də, biz Azərbaycan olaraq, bu məsələdə Türkiyə ilə lazım olsa, birgə iştirak etməliyik.

- Siz qeyd etdiniz ki, burada Türkiyə tərəfdaş kimi çıxış etməkdə maraqlıdır. Ancaq Qazaxıstanda rusdilli məktəblərin yavaş-yavaş azaldılması, artıq qazax dilinə üstünlüyün verilməsi və sair, bunlar da bir növ Rusiyanın bölgəyə müdaxilə etməsi üçün əsaslı bəhanə oldu. Belə olan halda, bu, Türk dünyasının birləşməsinə qarşı da ciddi təhdiddir. Yəni Rusiya bu dövlətlərin öz ana dilinə, təhsilinə, kimliyinə dönməsini istəmir. Burda Türkiyə necə tərəfdaş kimi çıxış edə bilərki?

- Mən elə hesab etmirəm. Orda gedən proseslərin əsas məqsədi Çindir. Söhbət ondan gedir ki, Rusiya kimin tərəfində olacaq? ABŞ və Çin arasındakı qarşıdurmada Rusiya hansı mövqeni seçəcək? Əsas proseslərin mahiyyəti bundan ibarətdir. Mən başa düşürəm, siz deyirsiniz ki, türkdilli dövlətlərin birliyi yaranmalıdır və sair. Açıq deyək ki, bu proseslər hələ ilkin mərhələlərdədir. Ciddi şəkildə Rusiya və digər tərəflərə real təhlükə yarada bilməz. İndiki mərhələdə söhbət təkcə tarixi, dini və digər məsələlərə aid əməkdaşlıqdan gedir. İqtisadi, hərbi əməkdaşlıq hələ ki, müzakirə mövzusu deyil. Türkiyə-Azərbaycan əlaqələrini götürəndə, bəli, bu, bir faktdır. Amma digər ölkələri götürəndə, görürük ki, orda əməkdaşlıq üçün əsaslar o qədər də güclü deyil. Biz bu reallığı görməliyik. Bəzən bizə deyirlər ki, buna qarşı həmin proseslər baş verir, amma əslində elə deyil. Söhbət Çindən gedir və biz real vəziyyəti görməliyik. Türkiyənin bu proseslərdə aktiv tərəfdaş olması, mən hesab edirəm ki, digər təhlükələri neytrallaşdıra bilər. Bəlkə də Rusiya bunda maraqlı ola bilər. Bəllidir ki, orda bu proseslərdə Belarusiya və ya Ermənistanın, ya da digər KTMT üzvlərinin iştirakının ciddi rolu olduğu söylənilir, amma mən elə bir rol görmürəm. Türkiyə-Rusiya tandemi həlledici ola bilər.

- Keçən il, dekabr ayının 28-də MDB dövlət başçılarının yığıncağında Putin Nazarbayevi şəkil çəkdirmək üçün yanına dəvət etsə də, Nazarbayev bundan imtina etmişdi. Həmin gün Putinin media önündə pərt vəziyyətdə olduğu qeyd edilirdi. Bundan sonra Qazaxıstanda baş verən hadisələri bir çoxları bu yöndə qiymətləndirdi ki, əslində Putin Nazarbayevə və onun timsalında digər türk dövlətlərinə əzələ nümayiş etdirir. Siz bu barədə nə düşünürsünüz?

- Mən bu yanaşmanın də tərəfdarı deyiləm. Gəlin, Qərbin davranışına baxaq. Orda medianın davranışına baxaq. Görə bilərik ki, yumşaq desək, hansısa əməkdaşlıq mövcuddur. Qərb və Rusiyanın mövqeyinin uyğunluğu mövcuddur. Burda məsələ Nazarbayev-Putin məsələsi yox, Çindir. ABŞ üçün Rusiya indi ən əsas rəqib deyil. Həmin rəqib Çindir. Qərb və ABŞ üçün maraqlıdır ki, gələcəkdə baş verəcək hər hansı qarşıdurmada Rusiyanın mövqeyi kimdən yana olacaq. Bu baxımdan hiss olunur ki, Qərb Rusiyaya müəyyən güzəştlərə hazırdır. Ukrayna və digər mövzularda da. Proseslərin mahiyyəti də bundan ibarətdir. Neytrallığı qazanmaq üçün Qərb güzəştlərə hazırdır. Çünki əsas rəqib yenə dediyim kimi, Çin olacaq. Proseslər bu üçlüyün arasında gedir.

- Nazarbayevin heykəlinin qəzəbli xalq tərəfindən aşırılması digər qonşu dövlətlər olan Özbəkistan, Qırğızıstanda da hansısa qalxınmalara səbəb ola bilərmi? Ümumiyyətlə, Qazaxıstanda baş verən hadisələri “ərəb baharı”ndan sonrakı “türk qışı” adlandıranlar da var. Bu fikir nə dərəcədə öz təsdiqini tapır?

- Mən yenə də öz fikrimə qaydıram və bu düşüncələrlə də razılaşmıram. Məqsəd burda türkdilli dövlətlərdə kütləvi etirazları başlatmaq deyil. Nazarbayevin heykəlinin aşırılması sadəcə, bir hadisədir. Əsas siyasi tendensiya nədən ibarətdir? Dünya təzə bir mərhələyə gəlib və Çinlə ABŞ arasında olan qarşıdurma gələcəyin trendinə çevriləcək.

- Təşəkkür edirəm.

- Buyurun.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
››› "Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır"
››› Zooparkda ana azyaşlı qızını ayı qəfəsinə atıb
Son xəbərlər