Qazaxıstanda kütləvi iğtişaşlarla bağlı cinayət işi açılıb.
"Report" xəbər verir ki, bu barədə ölkə prokurorluğu qərar qəbul edib.
Qərara əsasən, Qazaxıstan Cinayət Məcəlləsinin kütləvi iğtişaşlar törətmək, terror hərəkətləri maddələri üzrə cinayət işi başladılıb.
Xüsusi prokurorun rəhbərliyi altında Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və digər hüquq-mühafizə orqanlarının ən təcrübəli əməkdaşlarından ibarət idarələrarası istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda ibtidai istintaq aparılır.
Qeyd olunur ki, Qazaxıstandakı iğtişaş iştirakçılarını vətəndaşlıqdan məhrum edilməklə səkkiz ildən ömürlük həbsə qədər cəza gözləyir.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.