Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Körpələrə qoyulan qəribə adlar: “Gələcəkdə çətinliklərə səbəb olacaq”
Körpələrə qoyulan qəribə adlar: “Gələcəkdə çətinliklərə səbəb olacaq”

2021-ci il ərzində Azərbaycanda körpələrə qoyulan qəribə adlar məlum olub. Belə ki, ötən il Ayda, Əhmədov, Aydəs, Balış, Diliş, Dərdayıl, Doğru, Dəftər, Gil, Şərbala, Koroğlu və Həci adlarının hərəsi bir uşağa verilib. Eyni zamanda, 2021-ci il ərzində iki uşağa Qəribə, iki uşağa Gilə və daha iki uşağa isə Dua adı qoyulub.

Maraqlıdır, bu cür adların valideynlər tərəfindən körpələrə qoyulmasına səbəb nə ola bilər? Qəribə adlar qoyulan körpələr gələcək həyatında hansı problemlərlə üzləşə bilər?

Psixoloq Fərqanə Mehmanqızı Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bu cür adların uşaqlara verilməsi daha çox nənə, baba adlarının davam etdirilməsi ilə əlaqədardır.

Fərqanə Mehmanqızı Fərqanə Mehmanqızı

“Çünki ümumiyyətlə müasir dövrdə istər bizim ədəbi leksikonumuzda, istərsə də məişətimizdə bu sözlərdən istifadə edilmir. Bizdə insanların inancları var ki, ana, atalarının adlarını yaşatmaqla onların ruhlarını da yaşadırlar və sanki onlar bizimlə yaşayır. Bu çox gözəl adət-ənənədir. Amma bu adət-ənənənin üstünə kölgə salan sovetlər dönəmində istifadə edilən, cahillikdən qoyulan məhz belə adların davam etdirilməsi olur. Məsələn, Təyyarə, Kalxoz və s. adlar bu günümüzə qədər gəlib çıxıb. Amma  bunun əvəzinə həmin nənə, babalardan məsləhət alınaraq, onların istədikləri adları qoymaq daha yaxşı olardı. Bu zamanda həmin körpə gələcəkdə “bu adı mənə nənəm qoyub” deməklə onları yaşadacaq, yad edəcəklər. Önəmli deyil ki, nənənin adı Stəkandırsa, körpənində adı Stəkan olsun.

Belə adları qoyanları pisləmək istəmirəm. Çünki hər biri ictimaiyyətdə öz yeri, həyata baxışı olan insanlardır və onların bu addımı əslində sevgidən doğan addımdır. Amma sevgini başqa cür də ifadə etmək olar”.

Psixoloq, bu cür adlar qoyulan körpələrin gələcək həyatında da müəyyən çətinliklərə, problemlərə səbəb ola biləcəyini vurğulayıb.

“Həmin adlar qoyulan körpələr gələcəkdə təbii ki, öz adlarından utanacaqlar, kompleks yaşayacaqlar. Hətta bu adları qəbul etməyib, dəyişdirənlər də olacaq. Bu boyda problemləri yaratmamaq üçün əvvəldən sevgi və diqqətimizi anlayaraq, belə adları övladlarımıza qoymasaq daha yaxşı olar”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »