Video oyunlar yeni texnologiyalarla həyatımıza soxulan əyləncə növüdür. Bu gün böyüklü-uşaqlı əksər insanlar video oyunların təsiri altındadır. Ümumdünya Səhiyyə Təşkilatı, video-oyun asılılığını Beynəlxalq Xəstəlik Sinifləndirməsinə daxil edib. Mütəxəssislərə görə, uşaqların bu asılılığının qarşısını valideynlər ala bilər. Çünki əksər oyunlar uşaqların psixikasını pozur və onları aqresiv edir. Bəzi uşaqlar yatanda belə oyunda baş verənləri yuxularında görür.
Psixoloq Rəvanə Quliyeva Bizimyol.info saytına müsahibəsində bildirib ki, uşaqların nə oynadığını öyrənmək və hisslərini bilmək üçün valideynlər də uşaqlarla oynamalıdır. Bu, uşaqla zaman keçirməklə yanaşı, oynadığı oyunun süjetini də bilməyə yardım edir.
Eyni zamanda uşaqlar üçün oyun limiti müəyyən etməyin vacib olduğunu vurğulayan ekspert qeyd edib ki, onlara oyun oynamağı bir dəfəlik qadağan etmək olmaz. Bunun əvəzinə standartlar müəyyən edilməli, şərtlər qoyulmalıdır. Belə olan vəziyyətdə bir müddət sonra uşaq özünü idarə edə biləcək.
“Uşaqları dava-müharibə, döyüş süjetli oyunlardan uzaq tutmaq lazımdır. Çünki uşaq belə oyun oynayan zaman yuxuda da davam edir. Bütün gün oyun oynayan uşaqlarınıza yatarkən baxın. Görəcəksiniz ki, sayıqlayırlar. Gününü oyunun içində keçirən uşağın bütün beyni düşüncələri oyunla bağlı olur. O, yatanda da dincəlmir. Bu səbəbdən də daim oyun oynayan uşaqlar yaxşı yata bilmir, dərslərdən geri qalır” - deyən psixoloq bildirir ki, valideyn oyun mövzusunda uşaqla bacarmaya da bilər. Bəzi uşaqlar oyun oynamağa görə, valideynləri ilə mübahisədən də çəkinmirlər. Belə şəraitdə isə, valideynlər düşünmədən həkim-psixatrla danışmalıdır. Uşağın sərgilədiyi davranış psixiki xəstəliyin əlaməti ola bilər.
“Əgər mütəmadi olaraq oyun oynayan uşaq gecələr yata bilmirsə, sayıqlayırsa, yeməyə və ya digər əyləncə növlərinə zaman ayırmırsa, dərslərini öyrənə bilmirsə, bütün gün yuxulu və halsız görünürsə, yemək yeməyində problem yaranıbsa və bütün bunlarla yanaşı oyun oynamaqdan əl çəkmirsə, oyun oynamağa icazə vermədiyiniz zaman aqressiya sərgiləyirsə, dava salırsa, ağlayırsa, bir mütəxəssisdən tövsiyyə almağa dəyər. Yəni bu vəziyyətdən sonra siz ona oynamağa icazə verməsəniz də heç bir dəyişiklik olmayacaq. Bu vəziyyətə ancaq mütəxəssis müdaxilə edə bilər” - deyən ekspert bildirir ki, bu hal bəzi böyüklərdə də özünü göstərir. Bu isə, uşaqlıqdan qalan travmaların nəticəsidir. Sevgisiz, diqqətdən kənar böyüyən, əyləncə görməyən uşaqlar oyunlara maraq salır və həyatlarında çatmayan hər şeyi bu oyunlardan alırlar. Onları oyunlardan uzaqlaşdırmaq çox çətindir. Odur ki, kiçik yaşlarından uşaqlarınızın bu problemini həll etməyə çalışın.
İlahin, Bizimyol.info