Qazaxıstandakı hadisələr nəzarətdən çıxıb. Kütlənin önündə nə tanınmış xarizmatik lider var, nə də güclü təşkilat. Bu da hadisələri daxildəki mafioz klanların və kənar qüvvələrin idarə etdiyini düşünməyə əsas verir.
ABŞ və NATO çoxdan Çinlə Rusiyanın arasındakı bu vacib bölgəyə - Mərkəzi Asiyaya daxil olub yerləşməyə çalışırdı. Əfqanıstanda hakimiyyəti "Taliban"a buraxıb getmək də bu planın davamı idi (başlanğıc 20 il əvvəlki məlum, məşum 11 sentyabr olaylarıdır). Bu plana isə, Çin və Rusiya müqavimət göstərir. Qazaxıstanda Rusiya-Çin tandemi ilə ABŞ-Böyük Britaniya ittifaqı arasında koqnitiv müharibə gedir.
Qazax xalqının haqlı sosial narazılığından yararlanaraq kütləni ayağa qaldırdılar və tezliklə hadisələrin axarını dəyişdirib siyasi inqilab cəhdinə çevirdilər. Ölkədəki vəziyyətdən haqlı olaraq narazı qalmış kütləni öz dövlətini dağıtmağa yönləndiriblər. Qazaxların 30 ildə dişi, dırnağı ilə qurduğunu 30 saata dağıtmaq planının izləri göründü. Xalqın özünü elə öz dövlətini elə öz əli ilə dağıtdırmaqla şantaj edirlər. Argentinada da belə olmuşdu, Serbiyada da, Ukraynada da. Qazaxıstan hadisələri Misirdə, Liviyada, Suriyada baş verənlərə çox bənzəyir. O dövlətləri dağıtmaq şantajı ilə "öz" hakimiyyətlərini formalaşdırmaq istəyən, bunu bacarmayanda Liviyada və Suriyada olduğu kimi, həmin ölkələri dövlətsizləşdirib, sadəcə, əraziyə - geosiyasi müharibə poliqonuna çevirən güclər eyni ssenarini Mərkəzi Asiyaya daşıyırlar. Qazaxıstandan başlayıblar.
Ancaq xalqın narazılığı haqlıdır. Təkcə sosial deyil, siyasi tələbləri də. Uzunmüddətli avtoritar hakimiyyətlər ölkəni zəif düşürür, daxili sosial partlayış və xarici müdaxilə üçün zəmin hazırlamış olur. Özü də istəmədən...

Bahəddin Həzi, Bizimyol.info