İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 05.01.2021-ci il tarixində “Bizim Yol” ictimai-siyasi xəbər portalında dərc edilən məqalələrlə bağlı olaraq rəsmi açıqlamanı ictimaiyyətinin diqqətinə çatdırır.
Bizimyol.info saytında yayımlanan birinci məqalədə özəl bir tibb müəssisəsinin həkimi tərəfindən onun əməkhaqqısının məbləğinin icbari tibbi sığorta ilə əlaqədar olaraq azaldılması qeyd olunub. İkinci məqalədə isə, hadisənin “EuroMed” Tibb Mərkəzində baş verməsinə istinad edilir və adıçəkilən özəl tibb müəssisəsinin mövqeyinə əsasən, narazılığın səbəbi icbari tibbi sığortanın tətbiqi ilə bağlı olaraq bu müəssisənin tibbi personalının məvacibinin məbləğinin azalması ilə əlaqələndirilir. Qeyd olunmalıdır ki, Agentlik vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə özəl tibb müəssisələri ilə əməkdaşlıq edir. Lakin hazırda Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri arasında “EuroMed” Tibb Mərkəzi yoxdur və sözügedən müəssisə tərəfindən KİV-ə verilmiş açıqlama həqiqəti əks etdirmir. Belə ki, Agentlik müqaviləli tibb müəssisəsinə onun vətəndaşa Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər müqabilində Xidmətlər Zərfində qeyd olunan tarifə uyğun olaraq onun dəyərini ödəyir. Agentliyin özəl tibb müəssisəsinin heyətinin məvacibinin həcminin müəyyənləşdirilməsi və ya onun dəyişidirilməsi səlahiyyətinə sahib deyil.
Nəzərə çatdırılır ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində hər hansı xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə, vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Bu halda özəl tibb müəssisəsi tərəfindən vətəndaşa göstərilən müvafiq tibbi xidmətin dəyəri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən həmin müqaviləli tibb müəssisəsinə ödənilir. Diqqətə çatdırılır ki, hazırda Agentliyin 27 tibb müəssisəsi ilə müqaviləsi var və bu sayla bağlı olan siyahı mütəmadi olaraq yenilənir.
Nəzərə çatdırılır ki, Agentlik 2021-ci ildən etibarən özəl tibb müəssisələri ilə uğurlu əməkdaşlıq edir və bu səmərəli fəaliyyət nəticəsində Agentlik tərəfindən ödənilən vəsait öz növbəsində həmin özəl tibb müəssisəsinin heyətinin rifahının yaxşılaşmasına xidmət edə bilər.