Qazaxıstanda etirazlar sürətlə böyüməyə başlayır. Böyük şəhərlərin hamısında insanlar küçələrə axışıb. Qiymətlərin artmasından narazılıqla başlayan aksiyaların miqyası böyüyür. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Amma etirazçılar sakitləşmək istəmir.
Bizimyol.info xəbər verir ki, Qazaxıstanda hakimiyyət ilk baxışdan güzəştlərə getməyə hazır olduğunu göstərməyə çalışır. Qaz qiymətlərinin qalxmayacağına, əksinə, əvvəlkindən də ucuz olacağına zəmanət verilib. İslahatlara hazırlıq ifadə olunub. Yenə istefaların olacağı istisna deyil. Amma mütəxəssislər hesab edir ki, məqsəd etiraz dalğasını səngitməkdir. Ara bir az sakitləşən kimi etirazçıları dəstə-dəstə həbs edəcəklər.

Paytaxt Nur-Sultanda, Almatıda fövqəladə vəziyyət elan olunub. İnternet kəsilib. Elə bu məqamlar da hakimiyyətin məramından xəbər verir. Əslində, Tokayevin komandası geri çəkilmir. İmkan olanda etirazçılara qarşı böyük güc tətbiq olunur. Narazı kütlə isə geri çəkilməyi düşünmür. Almatıda barrikadalar qurmağa başlayıblar.
Etirazçılar bir çox dövlət binalarına daxil olmağı bacarıb. Hökumətə yaxın media Almatıdakı prezident iqamətgahının da ələ keçirildiyini xəbər verir. Yayılan videolarda oradan qara tüstünün qalxdığı görünür.
Qazaxıstandan bir-birinin ardınca yeni xəbərlər gəlir. Kasım-Jomart Tokayev bundan sonra Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyinin bildirib. Halbuki indiyə qədər bu vəzifəni keçmiş dövlət başçısı Nursultan Nazarbayev daşıyırdı.
Aytən, Bizimyol.info