Qazaxıtanın Almatı şəhərində qazın qiymətinin iki dəfə artırılması ilə başlayan aksiyalar səngimək bilmir.
Qazaxıstandakı hadisələrin gerçək səbəbləri nədir? Bu hadisələr Mərkəzi Asiyanı bürüyə bilərmi? Azərbaycana nə kimi təsirləri var və ya ola bilər?
Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, Qazaxıstanda qazın qiymətinin qalxması ilə başlanan etirazlardan geniş şəkildə pərdə arxasında istifadə olunur və ssenari şəklində davam edir.
“Ümumiyyətlə, Mərkəzi Asiyanın geosiyasi maraqlar toqquşmasına çevriləcəyini gözləyirdik və bu prosesə artıq start verilib. Çünki bura Çin, Rusiya və ABŞ-ın maraqlarının toqquşduğu regiondur və burada Rusiyaya, Çinə yaxın hökümətlər formalaşıb. Bu da Qərbi qane etmir.
Talibanın Əfqanıstanda hakimiyyətə gəlməyi, Tacikistan sərhəddində insidentlər, Türkmənistanda sərhədçilərlə toqquşma, Qırğızıstan-Tacikistan sərhədçiləri arasında toqquşma və indi Qazaxıstanda baş verən etiraz dalğası təbii ki, geosiyasi maraqların toqquşmasının nəticəsidir. Burada yeni plan hazırlanır. Mərkəzi Asiya yenidən şəkillənir və bu, digər Mərkəzi Asiya ölkələrinə də yayıla bilər.
Düşünürəm ki, burada Qərbin ciddi şəkildə geosiyasi planları var. Bunun qalib gələcəyi və ya necə şəkillənəcəyi, Rusiya və Çinin hansı adekvat planlar qoyacağı yaxın perspektivdə bilinəcək”.
Siyasi şərhçi Qazaxıstanda baş verən hadisələrin Azərbaycana təsiri barədə də danışıb və bildirib ki, Məkrəzi Asiyada baş verənlər Azərbaycanla iqtisadi və siyasi əlaqələrə təsir edə bilər.
“Çünki Mərkəzi Asiya ilə Türkiyə vasitəsilə yeni bir siyasət, Türk dövlətlərinin birliyi qurulur. Göründüyü kimi, bu hadisələr regionda yeni bir nizamın, Türk birliyinin formalaşmasına mənfi təsir edə bilər”.
Leyla Mirzə, Bizimyol.info