Bu gündən Azərbaycan bazarında unun və çörəyin qiymətində bahalaşma müşahidə edilir. Mütəxəssislərin fikrincə, ölkədə çörəyin qiymətinin stabil saxlanılması üçün taxıl fondunun yerli istehsal hesabına genişləndirmək lazımdır. Bunun üçün isə fermerlərə subsidiyalar ayrılmalıdır.
İqtisadçı deputat Vüqar Bayramov Bizimyol.info saytına açıqlamasında bildirib ki, qiymət artımının qarşısının alınması və optimallaşdırılması üçün bir neçə istiqmaətdə tədbirlərlə bağlı təkliflər irəli sürülür. Belə ki, taxıl istehsalı ilə bağlı subsidiyaların ayrılması məsələsinə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyaların ayrılması təklif edilir: “Taxıl və buğda strateji məhsullar olduğu üçün buğda istehsal edən fermerlər daha çox subsidiyalar alır. Həmin subsidiyalara yenidən baxılması və xüsusən istehsal həcminə uyğun olaraq daha çox subsidiyanın təklif edilməsi məqsədəuyğundur. Xüsusən də keyfiyyət növündən asılı olaraq, daha çox buğda yetişdirən fermerlərə daha çox subsidiya verilə bilər. Bununla da istehsalın genişlənməsinə və eyni zamanda daxili istesahl edilən buğda və taxılın xərcini azaltmaqla bütünlükdə qiymət artımlarının qarşısının alınması və qiymətlərin optimallaşdırılması mümkün olsun”.

Deputatın sözlərinə görə, 2021-ci ilin 11 ayı ərzində Azərbaycan 1 milyon tondan çox buğda idxal edib. Buna 288 milyon dollara yaxın vəsait xərclənib. 2020-ci ildə isə, idxal edilən buğda miqdarı 1,2 milyon ton olsa da, 262 milyon dollar vəsait xərclənmişdi. Rəqəmlərin müqayisəsi idxal qiymətlərində artımın olduğunu sübut edir. Daxili bazarda qiymət artımına da bu artımın səbəb olduğunu deyən V.Bayramov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizdə taxıl istehsal edilməsi baxımından böyük potensial var. Belə ki, Füzuli, Ağdam və digər işğaldan azad edilmiş rayonlarımız işğala qədər taxıl istehsalında aparıcı rayonlar olub. Bu baxımdan həmin rayonlarda taxıl istehsalının intensiv şəkildə təşkil edilməsi və həmin ərazilərin yenidən taxıl istehsal edən rayonlar sırasına cəlb edilməsi məqsədə uyğundur və bu istiqamətdə işlərin daha intensiv şəkildə həyata keçirilməsinə ehtiyac var.
“Bu proseslərin sürətinə ərazilərin minalanması təsir etsə də, minadan təmizlənmə mərhələsindən sonra həmin ərazilərdə taxıl istehsalına diqqət ayırmağa ehtiyac var. Bu zaman yerli istehsal ilə taxıl fondunu genişləndirmək mümkün olar” - deyən deputat vurğulayıb ki, çörəyin qiyməti strateji məsələdir.
Azərbaycanda hər bir ailə gündəlik çörək istehlak edir. Bu baxımdan yerli istehsalın genişləndirilməsi və xarici bazardan asılılığı azaltmağa ehtiyac var. Belə olan təqdirdə, qiymət artımlarının qarşısını almaq mümkün olacaq.
İlahin, Bizimyol.info