Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çörək istehsalçılarından pullar yığılır.., onların da dözüm həddi var"
"Çörək istehsalçılarından pullar yığılır.., onların da dözüm həddi var"

Bu gündən etibarən ölkədə un və çörəyin qiyməti bahalaşıb. Araşdırmalara görə, unun qiyməti 10-12 manat artıb. Mütəxəssislər bunu dünya bazarında un və buğdanın qiymətinin bahalaşması ilə izah edirlər. Çünki Azərbaycan öz un və buğda tələbatını ödəyə bilmir. Və Azərbaycan bazarında 70 faiz un və buğda idxal məhsullarıdır. Təbii ki, belə olan təqdirdə, dünya bazarlarında un və buğdanın bahalaşması Azərbaycandan da yan keçməyəcək.

“Azad İstehlakçılar Birliyi” nin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, dünya bazarında, eləcə də Rusiya bazarında buğdanın qiyməti bahalaşıb. Azərbaycan özünü 25-30 faiz buğda ilə təmin edə bilir. Bu səbəbdən də Azərbaycanda çörək əmtəəsinin qiyməti xarici bazardakı qiymətdən asılıdır.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Yəni artıq söhbət qiymətinin liberal buraxılmasına dövlətin təsiri altında olan maneəçilikdən əmələ gələn sosial çörəkdən gedir. Yəni hökümət sanki qeyri-qanuni olaraq onun qiymətinə nəzarət edir.

Sosial çörək dedikdə zavod çörəyi nəzərdə tutulur. İndi sosial çörəklər 50 qəpikdən 65, 40 qəpikdən 50 qəpiyə bahalaşıb. Yəni belə satılacaq” - deyən ekspert bildirib ki, xarici ölkələrdə un və buğdanın qiymətinin bahalaşması bununla nəticələnib. Digər çörəklərin qiyməti liberaldır. Kim neçəyə istəsə sata bilər.

E.Hüseynovun sözlərinə görə, əhalinin ən çox hissəsinin tələbatını ödəyən sosial çörək istehlakçıları qırmızı xəttin üzərində dayanıb. Onlar ya digər çörək istehsal etməyə başlayacaq ya da yıxılacaq. Belə davam edərsə, sosial çörək yox ola bilər.

Hökumət elə bir iş aparmalıdır ki, həmin çörək istehsalçıları yıxılmasınlar: “Çox təəssüf ki, biz hələ bunu görmürük. Lakin sosial çörək istehsalçılarının da müəyyən dözüm həddi var. Bu səbəbdən də hökumət həmin çörək istehsalçılarına müəyyən subsidiyalarla yardım etməlidir. Bütün çörək istehsalçılarından taxça pulu və ya satılan maldan geri alınan bonus pulları yığılır. Düşünürəm ki, bunlar ləğv olunarsa dükanlar hökumətin sosial tədbirlərinə addım atarsa, sosial çörəyin qiyməti sabit qala bilər. Ancaq bunu da unutmamaq lazımdır ki, Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çörəyin bahalaşması ilə bağlı nəzarət tədbirlərini gücləndirib. Qurumun məlumatına görə, bu istiqamətdə Dövlət Xidməti tərəfindən preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinqlər zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.

Hazırda bahalaşmadan öncə kisəsi 26 manata satılan “ Karmen” ununun kisəsi indi 36 manata, 28 manata satılan “Faduoğlu” ununun kisəsi 387 manata satılır. Yəni bu o deməkdir ki, qiymətlər 10 manat bahalaşıb və bu özünü bütün növ unda göstərir. "Abşeron un" MMC-nin məlumatına görə, hazırda topdan satışda əla növ - 50 kq un 35 manat 60 qəpiyə satılır. Dövlətdən subsiidiya verildikdə isə unun qiyməti 26 manat olur. Hazırda birinci növ 45 kq un kisəsi 32 manat 4 qəpik, ikinci növ 30 kq un isə 10 manat 80 qəpikdir. Buğda kəpəyinin satış qiyməti 20 kiloqramlıq kisə 5.90 qəpik təşkil edir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »