Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Alandan 20 dəqiqə sonra baxıb ki, istifadə edilmiş məhsuldur" - Satış oyunbazlığı
"Alandan 20 dəqiqə sonra baxıb ki, istifadə edilmiş məhsuldur" - Satış oyunbazlığı

İstehlakçılarla biznes qurumları arasında hər zaman mübahisəli məsələlər olub. Yəni hər zaman Azərbaycanda istehlakçı hüquqları tapdanır. Buna səbəb isə, “ İstehlakçı Hüquqlarının qorunması haqqında qanun”-da olan boşluqlardır. Bu qanun istehlakçının deyil, biznes qurumlarının hüquqlarını müdafiə edir.

Məsələn, bir telefon alsan, 10 dəqiqə sonra fikrini dəyişib onu geri qaytarmaq və ya dəyişmək istəsən, bu mümkün olmayacaq. Çünki qanun burada biznes qurumuna elə böyük imkan yaradır ki, məcbur susmalı olursan. Bəzən işi məhkəmələrə qədər aparıb mübarizəsinə davam edənlər də olur. Amma bu mübarizə üçün də insanda səbr olmalıdır.

Ötən gün sosial şəbəkə qruplarının birində hüquqlarını qorumağa çalışan gəncin mübarizəsi qələbə ilə başa çatdığı qeyd olunub. Mübariz ruhlu gənc istehlakçı yazır ki, “Baku Electronics”-dən aldığı telefonu bir həftə sonra dəyişmək və ya geri qaytarmaq istədikdə, şirkət bundan imtina edib. Həmin şəxs qeyd edib edib ki, telefon istifadə edilməməsinə baxmayaraq, şirkət telefonu götürməyib. Bundan sonra vətəndaş şirkəti məhkəməyə verib və 2 aylıq məhkəmə prosesində şirkət üzərində qələbə çalıb. Ancaq bu hər zaman belə olmur. Bunu “Azad İstehlakçılar Birliyi”-nin sədri Eyyub Hüseynov da təsdiqləyir. O, Bizimyolinfo saytına açıqlamasında bildirib ki, hər gün “Azad İstehlakçılar” Birliyinə yazılı və şifahi şikayətlər daxil olur.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Hazırda burada bir şikayətçi var. Məhsulu onlayn aldıqdan 20 dəqiqə sonra baxıb ki, istifadə edilmiş məhsul göndərilib. İstehlakçı samokat alıb və 1350 manat pul ödəyib. Məlum olub ki, bunu satan çox yüksək intelektlə danışa, insanları aldatma qabiliyyətinə malik olan Vüqar adlı bir şəxsdir. Hər gün belə şikayətlər daxil olur”,- deyə E.Hüseynov bildirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 1998-ci il 114 saylı qərarına görə dəyişdirilməyən və qaytarılmayan malların siyahısı mövcuddur. Bu mallar alındıqdan sonra dəyişdirilə bilməz. Bura qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan hazırlanmış məhsullar, bağça yaşlı və yeni doğulmuş uşaqlar üçün alt paltarları və s. bir sözlə, gigiyenik tələblərə həssas olan mallar daxil edilib.

“Qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan hazırlanmış məhsulların bu siyahıya salınması ilə biz razı deyilik. Bunlar heç bir gigiyenik əhəmiyyəti olmayan mallardır. Əgər bahalı bir qızıl məmulatı alırsansa, 10 dəqiqədən sonra onu sən dəyişə və ya qaytara bilməzsən. Bizə şikayətlər daxil olur. Məsələn, bahalı 20-30 min manata saat alınıb, vətəndaş həmin saatı dəyişib və ya qaytara bilmir. Bu onunla izah edilir ki, içində bahalı metal var, dəyişdirmək olmaz. Əgər bu saat işləmirsə, bu zaman Eyyub Hüseynovun 3 manatlıq saatı həmin saatdan qat-qat üstün bir saatdır. Bu kimi problemlər yaşanır”.

Kassa çeklərinin üzərində “14 gün müddətinə dəyişdirilə və qaytarıla bilər” yazılması təqdirə layiq haldır. Bir çox məhsullar 14 gün müddətinə dəyişdirilə və qaytarıla bilər. Ekspertin fikrincə, burada qanunda müəyyən boşluqlar var: “Qeyd edilir ki, məhsul istifadə edilməmiş olmalıdır. Bu düzgün deyil. Məsələn, telefon almısan, açırsan, funksiyaları səni qane etmir. Ancaq qaytara bilməzsən. Çünki deyilir ki, artıq istifadə etmisən. Qanunda bu kimi çatışmayan cəhətlər var. Və yaxud mağazadan telefon alır. 10 dəqiqə sonra gətirir ki, dəyişsin, satıcı telefonun üzərinə bir cızıq atıb göndərir servisə “get, sənəd al ki, bunu istifadə etməmisən”. Servisdə həmin cızıq lupa ilə müəyyən edilir ki, məhsul istifadə olunub. Yəni Azərbaycanda satıcı məhsulu geri qaytarmamaq üçün min oyundan çıxır. Bu, çox ciddi problemdir”.

E.Hüseynovun sözlərinə görə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun” artıq Milli Məclisdədir.

“Təəsüf olsun ki, İqtisadiyyat Nazirliyi heç bir ictimai müzakirə aparmadan həmin qanunu Milli Məclisə ötürüb. “Azad İstehlakçılar Birliyi” çalışacaq ki, həmin qanunun müzakirəsində Milli Məclisdə iştirak etsin və qanunda nəzərdə tutulan absurd vəziyyətləri qanundan yığışdırılmasına nail olsun. Bir sözlə, “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanun” müasir tələblərə cavab vermir. Azərbaycan hökuməti səhv bir siyasət yürüdür. Ancaq biznes qurumu müdafiə edilir, istehlakçıların hüquqularının qorunması arxa planda qalır. Hökuməti üzünü istehlakçılara tərəf çevirməyə çağırırıq. Çünki biznesi də, ordunu da istehlakçılar saxlayır. İstehlakçıların ödəyəcəyi pul sayəsində hökümət saxlanılır. Konstitusiyasnın 1-ci maddəsində göstərilir ki, Azərbaycan hakimiyyətinin mənbəyi xalqdır. Bu xalq eyni zamanda istehlakçıdır.”

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »