Rusiya təyyarələri Suriyanın üsyançıların nəzarətində olan və bir milyondan çox insanın yaşadığı İdlib əyaləti yaxınlığındakı yaşayış məntəqələrini bombalayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Reuters yazır.
Nəşr köçkünlərin istifadə etdikləri su təchizatı infrastrukturunun dağıdıldığını bildirib. BMT-nin yüksək səviyyəli rəsmisi agentliyə verdiyi şərhdə bunu təsdiqləyib və əlavə edib ki, bu cür hücumlar milyonlarla köçkün suriyalının humanitar vəziyyətini pisləşdirib.
“Mülki infrastrukturun davamlı şəkildə məhv edilməsi mülki əhalinin əzabını daha da artıracaq. Mülki əhaliyə və mülki infrastruktura hücumlara son qoymaq lazımdır”, - deyə BMT-nin regional humanitar koordinatorunun müavini Mark Cutts "Twitter"də qeyd edib.
Şahidlərin sözlərinə görə, son 24 saat ərzində üsyançıların nəzarətində olan anklavda baş verən zərbələr Türkiyə ilə sərhəd keçid məntəqəsi yaxınlığındakı şəxsi təsərrüfatlara zərər verib. Hədəflər arasında vilayətin cənub bölgəsindəki kəndlər də olub.
Qeyd edək ki, iki il əvvəl Bəşər Əsəd rejimini dəstəkləyən Rusiya ilə müxalif qruplaşmaları dəstəkləyən Türkiyə arasında düşmənçiliyi dayandırmaq barədə razılıq əldə olunmuşdu.
Bizimyol.info