Avropa Parlamentinin üzvü Moritz Körner, "COVID-19" peyvəndinin ixtiraçıları, "BioNTech"in qurucuları Prof. Dr. Uğur Şahin və Dr. Özlem Türecinin rəsmlərinin avro əskinaslarının üzərində çap edilməsini təklif edib.
Bizimyol.info xəbər verir ki, Almaniya Azad Demokratik Partiyasından (FPD) olan siyasətçi Körner bunu "Welt am Sonntag" qəzetinə verdiyi açıqlamada deyib.
O, "BioNTech" şirkətinin qurucuları kimi mühüm avropalı şəxsiyyətlərin yeni avro əskinaslarında görmək istədiyini söyləyib.
"Onların (Uğur Şahin və Özlem Türeci) işləri milyonlarla avropalının həyatını xilas etdi", - deyə Körner bildirib.
Siyasətçi qeyd edib ki, Şahin və Türecinin inteqrasiya, sahibkarlıq, elmi mükəmməllik və açıq immiqrasiya cəmiyyətinin potensialı haqqında təsirli həyat hekayələri var.
1 yanvar 2001-ci ildə Avrozonada rəsmi pul vahidi kimi qüvvəyə minən avronun 20-ci ildönümündə avro əskinaslarının yenidən dizaynı tələb olunur.
Bizimyol.info