İsraildə maraqlı bir hadisə baş verib. Belə ki, məhkəmə ataya 1,8 milyon funt-sterlinq alimenti ödəyə bilmədiyi üçün 8000 il İsraili tərk etmək qadağası qoyub.
- Bəs Azərbaycanda alimentin miqdarı nə qədərdir?
- Alimenti ödəməyən ataları nə kimi cəza gözləyir?
Hüquqşünas Fərid Həmidov Bizimyol.info saytına bildirib ki, Ailə Məcəlləsinin 76.1. maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay
- 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
- 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
- 3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı.
Qeyd edək ki, bu payların miqdarı məhkəmə tərəfindən müəyyən hallarda artırılıb azaldıla bilər.
Hüquqşünas qeyd edib ki, Ailə Məcəlləsinin 78.1. maddəsində bildirilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, müəyyən hallarda sabit aliment miqdarı məhkəmə tərəfindən müəyyən edilir. Onun sözlərinə görə, hazırda uşaqlar üçün yaşayış minimumu 175 manatdır. Buna görə də aliment çox zaman 175 manat təyin edilir.
Hüquqşünas qeyd edib ki, yeni ildən Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 189 manat olacaq. Bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Bu isə, o deməkdir ki, gələn il tutulan sabit alimentin miqdarı 189 manat ola bilər.
Aliment ödənilməsə...
İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə görə, Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Bu hal işin vzəiyyətinə görə dəyişir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yəni, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi aliment verməyən ataların taleyini həll edir.
“Məhkəmənin qərarını yerinə yetirməyən şəxs Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə də mühakimə edilə bilər. Bu, vəziyyətə, şəxsə bağlıdır. Cərimə, ictimai işlərə cəlb etmə, eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Ümumiyyətlə kişi aliment ödəyirsə, bunu rəsmi şəkildə ödəməlidir. Ödəmə çekini və ya ödəmə bildirişini saxlamalıdır”,- deyə hüquqşünas qeyd edib.
İlahin, Bizimyol.info