Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənilər üzərindən vəziyyəti gərginləşdirmək Rusiyaya lazım deyil"
"Ermənilər üzərindən vəziyyəti gərginləşdirmək Rusiyaya lazım deyil"

Fazil Mustafa: "Ermənilər üzərindən vəziyyəti gərginləşdirməklə əlavə problemləri bölgəyə daşımaq Rusiyaya lazım deyil"

Sahib Məmmədov: "Qarabağ erməniləri ilə bağlı da eyni siyasətin həyata keçiriləcəyini istisna etmirəm"

Rusiya Prezidenti Vladimir Putin əcənəbilərin vətəndaşlığa qəbul olunmasının sadələşdirilməsi ilə bağlı qanun layihəsini Dumaya təqdim edib. Yeni layihəyə əsasən keçmiş SSRİ vətəndaşları, onların övladları, könüllü köçürmə proqarmında iştirak edənlər, Rusiyada yaxın qohumluq əlaqələri olanlar, Rusiya imperiyası təbəələrinin varisləri sadə yolla vətəndaşlıq ala biləcək.

Bu mövzu ilə bağlı diqqəti cəlb edən bir məsələ var. Belə ki, Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul olunmuş 10 Noyabr bəyannaməsinin müddəaların əsasında Rusiya silahlı qüvvələrinin bir bölməsi Qarabağda sülhməramlı kimi fəaliyyətə başladı. Bu da Qarabağin azad olunmamış hissəsində, əsasən də Xankəndində, Xocavənddə və Xocalıda yaşayan erməni əsillilər üçün çoxlu şanslar ortaya çıxdı. Bunlardan biri də, onların gələcəkdə Rusiya vətəndaşlığına qəbul olunması və qəbul olunduqdan sonra onların Qarabağda yaşayacağı və yaxud da Rusiyaya köçüb getməsi məsələsidir.

Burdan da bir neçə sual ortaya çıxır: Dövlət Dumasına təqdim olunan qanun layihəsi qəbul olunduqdan sonra Qarabağ ermənilərinin Rusiya vətəndaşlığına qəbul olunması mümkündürmü?

Qeyd edək ki, oxşar hadisə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində, Moldovanın Dnestryanı bölgəsində və Ukraynanın Krım ərazisində baş verdi. Rusiya bu bölgələri işğal etdikdən sonra buranın sakinlərinə Rusiya vətəndaşlığı verildi.

Düşünürəm ki, bu məsələni mütləq diqqətdə səxlamaq lazımdır. Çünki, belə olarsa, sadə vətəndaşından tutmuş ən qatı terrorçusuna qədər Qarabağ erməniləri Rusiya vətəndaşı olduqlarını bəhanə edərək, Bakıya qədər gələ biləcəklər. O zaman bu məsələ necə tənzimlənəcək?

Fazil Mustafa Fazil Mustafa

Bu məsələ ilə bağlı fikirlərini açıqlayan Milli Məclisin deputatı Fazil Mustafa Bizimyol.info saytına açıqlamasında, Vladimir Putinin bu layihəni təqdim etməsi ilə bağlı əsas məqamları diqqətə çatdırdı. Bu addımın atılmasının bilavasitə qonşu ölkədə əhalinin sayında artımın olmaması ilə əlaqələndirən deputat, artıq demoqrafik göstəricilərdə azalmaların olduğunu qeyd etdi: "Kreml miqrasiya siyasətində belə dəyişiklik etməklə, əslində Rusiya mühitinə daha çox insanın cəlb edilməsini istəyir. Təbii ki, burda müəyyən problemlər yaranır. Xüsusilə də, Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı və digər bölgələrdə tətbiq edilən rejimin Azərbaycan ərazilərində də həyata keçirilməsi ilə bağlı narahatçılıq var. Ancaq bizdə vəziyyət fərqlidir. Belə ki, Rusiya tərəfindən Azərbaycan ərazilərinin hər hansı bir şəkildə tanınmaması ilə bağlı hal dilə gətirilməyib. Bu dövlət, həmişə ölkəmizin ərazi bütövlüyünü tanıyıb".

Müsahibimiz düşünür ki, buna görə də əgər ərazilərimizdə kimlərsə Rusiya vətəndaşlığını qəbul edirsə, əcnəbilərə qarşı tətbiq edilən bütün qaydalar onlara da şamil olunacaq: "Buna görə də kimlərinsə əlahiddə imtiyazlar alması, yaxud onlardan Rusiya tərəfindən ölkəmizə qarşı istifadə olunması mümkün deyil. Amma bütün hallarda məsələ ciddi araşdırılmalıdır. Əsasən də Qarabağla bağlı məqamlarda diqqəti cəlb etməlidir. Amma Qarabağda hər hansı bir erməninin, yaxud başqa bir millətin nümayəndəsinin Rusiya vətəndaşlığını qəbul etməklə, ölkəmizə qarşı meydan oxuma siyasəti həyata keçirəcəyini güman etmirəm. Hər hansısa bir ölkənin vətəndaşlığını almaq ölkəmizin ərazi bütövlüyünü şübhə altına almağa əsas vermir. Azərbaycanın əlində bunun qarşısını almaq üçün kifayət qədər hüquqi mexanizmlər var".

Rusiyanın Gürcüstan və Moldova məsələlərində birbaşa tərəf kimi çıxış etdiyini deyən F.Mustafa, Azərbaycan məsələsində tərəf olmadığını vurğuladı: "Belə olan halda ermənilər üzərindən siyasət həyata keçirmək Moskvanın maraqlarına uyğun gəlmir. Birbaşa Bakı ilə məsələləri həll edə biləcəyi, normal dialoq formatında münasibətlər qurduğu halda, ermənilər üzərindən vəziyyəti gərginləşdirməklə, əlavə problemləri bölgəyə daşımaq onun nəyinə lazımdır? Biz bu ölkə ilə uzlasaraq sülhün bərqərar olmasına nail olmuşuqsa, bunu yenidən pozmaq Kremlin işinə yaramayacaq. Ona görə də bu müqayisənin bu cür aparılmasını izah etməkdə çətinlik çəkirəm. Çünki, eyni adekvat məsələ deyil. Əgər Azərbaycanın əlində bu məsələnin təhlükəyə çevrilməsi riski olarsa, bunun qarşısını almaq üçün kifayət qədər hüquqi mexanizmlər var. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, burada hər hansısa statusdan söhbət gedə bilməz və hər hansı bir xarici vətəndaş bu ərazilərə gələrsə, əcnəbi statusunda Azərbaycan ilə hüquqi münasibətlər qurmalıdır. Ermənilərin də bu statusdan istifadə edərək hansısa separatçı və təxribatçı fəaliyyəti olarsa, dövlətlərarası anlaşmaya görə, həllini tapa bilər".

Sahib Məmmədov Sahib Məmmədov

Hüquqşünas Sahib Məmmədov Bizimyol.info saytına açıqlamasında bildirdi ki, Kreml hökuməti müxtəlif dövrlərdə ələ keçirdikləri ərazilərin sakinlərinə Rusiya Federasiyasının pasportunu paylayıb və sonradan bundan həmin ərazilərin mənsub olduğu dövlətlərə qarşı istifadə ediblər: "Qarabağ erməniləri ilə bağlı da eyni siyasətin həyata keçiriləcəyini istisna etmirəm. Əgər rus sülhməramlı qüvvələrinin məsuliyyət bölgəsində yaşayan ermənilərin həmin pasportlar paylansa belə, Abxaziya və Cənubi Osetiya variantı baş tutmayacaq. Buna görə də rəsmi Moskvanın ölçüb-biçmədən belə bir addım atacağını düşünmürəm".

Müsahibimizin sözlərinə görə, gələcəkdə Rusiya həmin ərazilərdə yaşayan ermənilərə vətəndaşlıq hüququ verə bilər: "Onsuz da çoxları Qarabağı tərk etməyi düşünür. Xüsusilə də, gənclər indidən getməyin yollarını axtarırlar. Əgər bu məsələ asanlaşsa, bölgədə heç kimi saxlaya bilməyəcəklər. Bu vaxt görəcəklər ki, öz hərbçilərindən və yaşlı insanlardan başqa heç kim qalmayıb. Bu gün də ermənilər daha çox Krasnodara, Soçiyə, Moskvaya və digər şəhərlərə köçürlər. Gələcəkdə də gedəcəklər və nə İrəvan, nə də Xankəndində olan qondarma qurum bunu onlara qadağan edə biləcək. Buna görə də bu məsəilə ilə bağlı narahat deyiləm".

Rusiya vətəndaşlığı verildikdən sonra sadə ermənidən tutmuş qatı terrorçuya qədər hər kəsin Azərbaycana, xüsusilə də Bakıya gəlmək ehtimalının olub-olmamasına gəlincə, hüquqşünas, bu məsələyə fərdi yanaşmanın tərəfdarı olduğunu diqqətə çatdırdı: "Rəsmi Bakı hər zaman istənilən şəxsi "arzuolunmaz şəxs" elan edə bilir. Əgər hər hansı erməni vətəndaşın keçmişi barədə məlumat varsa, yəni qanunsuz qoşun birləşmələrinin tərkibində Azərbaycana qarşı döyüşdüyü məlum olarsa, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, onun ölkəyə girişinə məhdudiyyət qoyula bilər. Bütün münasibətlər bərpa olunduqdan sonra hansısa erməninin Azərbaycana turist kimi, yaxud hansısa məqsəd üçün gəlməsində bir problem görmürəm".

Məsələnin ölkəmiz üçün təhlükəlilik məqamına gəlincə, ekspert bildirdi ki, Ermənistan həmişə dövlət səviyyəsində terroru dəstəkləyib: "Bu məsələ ilə bağlı Azərbaycan dövlətinin müvafiq orqanları lazımi addımlar atırlar, gələcəkdə də atacaqlar".

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »