Penitensiar xidmət Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Qoridəki hərbi hospitaldan həbs olunduqdan sonra ilkin olaraq yerləşdirildiyi Rustavidəki 12 saylı həbsxanaya qaytarıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Rustavi 2" TV xəbər verib.
"Saakaşvilinin transferi dekabrın 27-də planlaşdırılırdı, lakin penitensiar xidmət eks-prezidentin səhhətinin pisləşməsi ilə əlaqədar onu təxirə salıb. Saakaşvilinin özünün dediyi kimi, onu hərbi hospitaldan aparmağa çalışanlara müqavimət göstərəndə huşunu itirib", - telekanalın məlumatında deyilir.
Eks-prezidentin köməkçisi, ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının deputatı Levan Xabeişvili jurnalistlərə açıqlamasında deyib ki, bu insanlar Saakaşvilinin Yeni ili həbsxanada qeyd etmələri ilə bağlı hakimiyyətdən konkret tapşırıq alıblar və onlar bunu yerinə yetirirlər.
O, bir müddət əvvəl xəstəxanadan həbsxanaya aparılacağı təqdirdə aclıq aksiyasını bərpa edəcəyini bildirən Saakaşvilinin sözlərini xatırladıb.
Xüsusi Penitensiar Xidmət hələlik heç bir açıqlama verməyib. Bir neçə gün əvvəl Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, həkimlərin rəyinə əsasən, eks-prezident artıq sağalıb və buna görə də o, həbsxanaya qayıtmalıdır. Saakaşvilinin tərəfdaşları, vəkilləri və şəxsi həkimi eks-prezidentin hələ də müalicəyə ehtiyacı olduğunu təkid edirlər.
Bizimyol.info