Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici vətəndaşlar Azərbaycanda yüksək vəzifələrdə: "Ciddi təhdiddir"
Xarici vətəndaşlar Azərbaycanda yüksək vəzifələrdə: "Ciddi təhdiddir"

Noyabr ayının 29-da Prezident sərəncamı ilə Gənclər və İdman nazirinin iki müavini vəzifələrindən azad edildilər. Onların yerinə iki xanım müavin təyin olundu. Həmin xanımlardan biri, bolqarəsilli və Bolqarıstan vətəndaşı olan Mariana Toteva Vasilevanın mühim dövlət postlarından birinə təyin olunması, ağıllara belə bir sual gətirdi ki, Azərbaycanda nə zamandan bəri xarici vətəndaşlığı olan şəxs nazir müavini vəzifəsinə təyin oluna bilir?

Hələ bu suala məntiqi və dolğun açıqlama gətirilməmiş, bu ayın 25-də daha bir əcnəbinin – Almaniya əsilli Klaus Müllerin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) baş direktor təyin edilməsi ilə bağlı məlumat yayıldı. Bu vaxta qədər isə "Aztelekom"un baş direktoru vəzifəsini müvəqqəti olaraq Nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.

  • 10 milyondan artıq vətəndaşın yaşadığı Azərbaycanda adıçəkilən quruma nə üçün azərbaycanlı vətəndaş təyin olunmadı?
  • Ölkəmizdə bir çox sahələr üzrə kifayət qədər bacarıqlı, peşəkar kadrların olmasına baxmayaraq, Gənclər və İdman Nazirliyindəki məlum təyinatdan sonra “Aztelekom” kimi mühim, strateji bir quruma xariciəsilli birinin gətirilməsində məqsəd nədir?
  • İllərlə fəaliyyət göstərən bu qurumda heçmi işini bacarıqla idarə edən, peşəkar azərbaycanlı kadr yetişmədi?

Vaxtilə Sovet dövrü zamanında SSRİ rəhbərliyi Azərbaycana rəhbərlik edən azərbaycanlı birinci katiblərə Ermənistan əsilli müavinlər təyin edir, onların fəaliyyətini həmin müavinlərin vasitəsilə daim nəzarətdə saxlayırdılar. İndi dövr və idarəetmə dəyişsə də, üsul həmənki kimi qalıb – indi müavinlər və baş direktorlar Bolqarıstan, yaxud Almaniya əsilli olurlar. Bütün gün ölkə təhsilinin dinamik inkişafından, azəbaycanlı tələbələrin xarici təhsil müəsisələrindəki müvəffəqiyyətlərindən, elmi tərəqqidən ağızdolusu danışılsa da, nəticə və əməl bunun tam tərsini göstərir.

Mövzu ilə bağlı Bizimyol.info saytına danışan hüquqşünas Zaur Seyidzadə bildirib ki, “Aztelekom” kimi strateji bir quruma belə bir təyinatın olması, olduqca təhlükəli haldır: “Gənclər və İdman naziri müavininin xarici vətəndaş olmasından xəbərim var idi, sosial şəbəkələrdə bu barədə məlumatlarla rastlaşmışdım. Amma “Aztelekom”un yeni rəhbərliyinin almanəsilli olmağından, açığı, xəbərim yox idi. Bu barədə indi sizdən öyrəndim.

Azərbaycan Qanunvericiliyi ilə yanaşsaq, hər hansısa bir azərbaycanlı dövlət qulluğuna işə düzələndə, hətta ona doldurması üçün anket verilir ki, onun hansısa qohumu məhkumluq həyatı yaşayıbmı? Özü hansı xarici ölkələrdə səfərdə olub, xaricdə yaşayan qohumları varmı və sair. Mən bir müddət öncə bələdiyyəyə namizədliyimi verəndə, o vaxt belə bir sənəd var idi və mən onu doldurmuşdum ki, xarici dövlət qarşısında heç bir öhdəliyim yoxdur. İndi belə bir sual ortaya çıxır: Mən hüquqşünas kimi fəaliyyət göstərirəm və telefondan kiməsə hüquqi yardım göstərirəmsə -hələ hərbi məsələni qoyaq bir kənara, mülki məsələlərdən danışaq, həmin məlumatlar heç şübhəsiz ki, “Aztelekom” tərəfindən izlənilə bilir. Yeni təyin olunan almanəsilli baş direktor da hansısa xarici ölkəyə - məsələn, Almaniyaya bu məlumatları ötürür. Sabah da qaçıb gedir Almaniyaya. Almaniya da onu geri qaytarmayacaq, deyəcək ki, onların vətəndaşıdır və Azərbaycana vermirik. O, etdiyi bu əmələ görə hansı məsuliyyətə cəlb olunacaq? Bilirsiniz ki, hər hansısa bir məlumatı xarici mərkəzlərə ötürmək özü casusluq fəaliyyəti adlanır. Casusluq fəaliyyətilə məşğul olan kəs də yaşadığı ölkədə “vətənə xəyanət” maddəsi ilə məhkum olunur, hansı ki, ömürlük azadlıqdan məhrum oluna bilər. Yenə deyirəm, İdman naziri müavinini hardasa anlamaq olar, çünki o post “Aztelekom” qədər strateji və əhəmiyyətli sahə deyil. Amma “Aztelekom” rəhbərliyinə almanəsilli birini təyin etmək, o deməkdir ki, bizim bütün şəxsi məlumatlarımız xarici dövlətlərə ötürülə biləcək. Biz də buna qarşı heç bir tədbir görə bilməyəcəyik.

Təbii ki, mən kimisə casusluqda itiham etmirəm, sadəcə potensial təhlükənin nə olduğundan xəbər vermək istəyirəm. Danışdığımız bütün telefon səsləri, məlumatlara “Aztelekom” rəhbərliyinin əli çatır. Sabah bu məlumatların xaricə ötürülməyəcəyinə kim zəmanət verə bilər? Lap ötürülsə belə, həmin adam çıxıb xaricə getsə, onu necə və hansı şəkildə geri gətirəcəklər? Adam Azərbaycan vətəndaşı belə deyil. Həmin o fəaliyyət də bir başa olaraq “vətənə xəyanət” adlanır və bunu edən adam xarici ölkənin vətəndaşıdırsa, onu necə cəzalandıracaqlar? Beləliklə, bu təyinat mənə onu deməyə də əsas verir ki, bu dəqiqə bizim danışdığımız bütün informasiya və məlumatlar xarici dövlətlərin də əlinə keçə bilər. Məsələn; mən bu dəqiqə sizinlə danışıram və bu danışıq artıq maraqlı yerlər tərəfindən izlənilib, məlumatlar həmin yerlərə ötürülüb. Minlərlə vətəndaşların hüquqi toxunulmazlığı var. Ancaq hadisələr belə cərəyan etdiyi zaman insanın söz azadlığı, məxfilik hüququ pozulur.Bir daha qeyd etmək istəyirəm ki, əgər biz dövlət qurumuna ərizə verib, “xarici öhdəlik” bəndini doldururuqsa, deməli, xarici dövlət qarşısında hər hansıs öhdəliyimiz yoxdur. Amma belə görsənir ki, bu şəxslərin öhdəliyi var. Onun xarici dövlət qarşısında öhdəliyi olduğu halda, həmin prosesin konstitusiyaya zidd olduğu bir halda, həmin şəxslər Azərbaycan qurumlarında necə işləyə bilirlər? Bu, birbaşa casusluq əməliyyatıdır.

Azərbaycanda adi bir taksi sürücüsü işləmək üçün belə, bəzi prosedurlar tələb olunur. İndi hər hansısa bir işə düzəlmək asandırmı? Təbii ki, yox. Görünür, kimlərsə əlləşib-çalışıb ki, həmin şəxslər gəlib o postlarda yer tutsun və maraqlı dairələri informasiya ilə təmin etsin. Heç bir şübhəmiz olmasın ki, danışdığımız telefon məlumatları düşmən Ermənistan kəşfiyyatına da ötürülə bilər. Bu, çox təhlükəli bir məqamdır. Biz adi bir işə düzələn zaman anket məlumatlarımızda nələrisə düzgün qeyd etməməyimiz ciddi problemlər yaşamağımıza səbəb olur. İndi siz təsəvvür edin, biz məlumatları o postları tutaraq, asan bir yolla maraqlı dairələrə ötürürük. Qanuncvericiliyə görə, telefon danışıqları məhkəmə qərarı əsasında dinlənilə bilər. Amma bu şəxs ürəyi istədiyi zaman size dinləyəcək. Mən təəssüf edirəm ki, bu problem rəhbər orqanların diqqətindən qaçıb. Ya qaçıb, ya da özləri belə bir şəraiti qəsdən yaradıblar. Ölkədə nəsə baş verir və bu, siyasi bir məsələdir.

“Tərtər” hadisələrində hərbçilər hüquq-mühafizə orqanları tərəfindən azadlıqdan məhrum edilir və onlar “casusluq”, “Vətənə xəyanət” maddələri ilə həbs edilirlər. Hansı ki, onların düşmən kəşfiyyatına məlumat ötürüldüyü qeyd olunur. Buna baxmayaraq, xarici vətəndaş olan birini də gətirib mühüm vəzifəyə təyin edirlər. Fərqi yoxdur, Gənclər Nazirliyinə, ya da “Aztelekom”a. Hər ikisi də xarici vətəndaşdır. Məsələn, mən hüquqşünas kimi kiminsə şəxsi məlumatlarını götürüb yayım, onu üçüncü şəxslərlə paylaşım, bu əməlimə görə qanunvericilikdə nəzərdə tutulan maddələrlə məsuliyyət daşıyıram. Amma bu adamlar bütün ölkənin məlumatlarını digər ölkələrə ötürsələr, heç bir məsuliyyət daşımayacaqlar. “Aztelekom”un MMC kimi fəaliyyət göstərməsi də bu təhlükəni aradan qaldırmır. Bura strateji məntəqədir, sahədir, yerdir. İstənilən halda bura xarici vətəndaşlığı olan birinin rəhbər təyin edilməsi, qanunvericiliyə ziddir və dövlətin təhlükəsizliyinə, vətəndaşların azadlığına kölgə salır. Bu qurum istər ASC kimi, istərsə də MMC kimi fəaliyyət göstərsin, fərqi yoxdur. Söhbət ümumi vətəndaş və dövlət məlumatlarının təhlükəsizliyindən gedir. Bu, başqa bir sahə olsaydı, bəlkə də bir o qədər ciddi hesab edilməzdi. Amma burda söhbət ölkənin məlumatlarından gedir. Söhbət ondan gedir ki, bu məlumatların ikinci, üçüncü ölkələrə getməyəcəyinə kim zəmanət verir? İstənilən halda məsuliyyət var.

İstənilən Azərbaycan vətəndaşı QHT yarada bilərmi? Xeyr. İstənilən hüquqi təhsilli biri vəkillər kollegiyasının üzvü ola bilirmi? Xeyr. İstənilən sadə vətəndaş dövlət qurumunda rahat şəkildə təmsil oluna bilirmi? Xeyr. Bunlar hamısı xüsusi mərhələlərdən keçməlidirlər. Belə bir reallıq içində xarici vətəndaşlığı olan birinin şəxsi məlumatlara əlçatanlığının təmin olunması nə qədər doğrudur?” – deyə, hüquqşünas bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »