Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, sevgililik və ya birlikdə yaşamaqdır, nikah deyil"
"Bu, sevgililik və ya birlikdə yaşamaqdır, nikah deyil"

Tərəflər arasında rəsmi nikah olmadan qurulan nikahlar belə adlanır. Vətəndaş nikahı bir çox ölkələrdə var. Tərəflər öz aralarında razılığa gəlir, birgə həyat sürməyə qərara verir. Birlikdə yaşayırlar. Azərbaycanda da vətəndaş nikahı mövcuddur. İnsanlar bəzən illərlə rəsmi nikaha girmədən birlikdə yaşaya bilir, övlad dünyaya gətirirlər. Ancaq vətəndaş nikahı hər zaman qadınlar üçün əlverişli olmur. Qadınlar tərəf müqabillərini ər hesab edir, uşaq dünyaya gətirir, işləmir, özlərini “ailəyə” həsr edirlər. Bir gün isə, kişi “ailəni” tərk edib, başqa bir ailə qurmağa qərar verir. Nəticədə olan qadına və dünyaya gətirilən körpələrə olur.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova bir müddət müsahibələrinin birində bildirib ki, Azərbaycanda vətəndaş nikahı qanunla tənzimlənmir, bu baxımdan da rəsmi nikah olmayanda bir sıra problemlər yaşanır. Çünki qeyri-rəsmi nikahda yaşayan qadınla kişinin birgə yaşamasına, birgə təsərrüfat aparmasına baxmayaraq Ailə Məcəlləsi tərəfindən tənzimlənən ər-arvad münasibətlərinə dair müddəalar onlara şamil edilmir.

H.Hüseynovanın sözlərinə görə, qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqları heç bir halda pozulmur. Onların hüquqları eynən qanuni nikahdan olan uşaqların hüquqlarına bərabər tutulur. Qanunla nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə rəsmi nikahda olan valideynlərinin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.

Qeyd edək ki, 2010-cu ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 25 min 385 olub. Bunlardan; hər iki valideynin ərizələrinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 18 min 40, tək ananın ərizəsinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı isə 7 min 345 olub. Ötən illərdə isə, bu rəqəm 1,4 dəfə azalaraq, 17 min 714 olub. Bunlardan hər iki valideynin ərizələrinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 13 min 185, tək ananın ərizəsinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı isə 4 min 529 olub.

Azərbaycanda vətəndaş nikahına niyə üstünlük verilir?

Mütəxəsislərin fikrincə, vətəndaş nikahı daha asan olduğu və kişiyə məsuliyyət vermədiyi üçün seçilən nikahdır. Psixoloq Leyla Zamanova Bizimyol.info saytına açıqlamasında bildirib ki, tərəflər çox zaman adını “ sevgi” qoyub vətəndaş nikahlnda yaşayırlar: “Əslində vətəndaş nikahı adlı bir anlayış yoxdur. Bu nikah deyil. Birindən xoşun gəlir və illərlə onunla yaşayırsan. Bu, sevgililik və ya birlikdə yaşamaqdır, nikah deyil. Kişilər məsuliyyətdən qaçmaq üçün buna üstünlük verir. Çünki bilir ki, qadından istədiyi zaman ayrıla bilər və heç bir hüquqi məsuliyyət daşımaz. Qadınlar isə, buna çıxılmaz vəziyyətdə olduğu üçün razılaşır”.

Psixoloq bildirib ki, çox zaman erkən nikaha sövq edilən qadınlar bu nikahda yaşayır. Uşaq dünyaya gəlir, bir müddət sonra kişi ailədən gedir. Və belə ailələrin sayı ölkədə olduqca çoxdur.

L.Zamanova qeyd edir ki, adı vətəndaş nikahı olan bu birlikdəliklərin qarşısını almaq mümkün deyil: “Bu, bütün xarici ölkələrdə var. Gənclər bir-birini tanımaq üçün birlikdə yaşayır, övlad dünyaya gətirir və bəzən razılaşıb rəsmiləşdirə də bilirlər. Bu, əslində anormal hal deyil. Sadəcə bəzi ölkələrdə qəbul edilməyə bilir. Azərbaycanda da qəbul edilmir. Cəmiyyət bunu qəbul etmir. Amma minlərlə belə ailə var”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »