27 dekabr tarixində Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əfqanstan müharibəsi veteranı Yusifov İlqar Veysəl oğlunun Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı ilə bağlı şikayət məktunu dərc etmişdik. Məktubda bildirilirdi ki, o, şikayət ərizəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib, 2019-cu il tarixdən özünüməşğulluq proqramına qeydiyata alındığımı bildirib vəhəmin ildən qeydiyata alınsa da, indiyə qədər aktivlə təmin olunmadığını, ondan çox sonra qeydiyyata alınanların isə aktivlərlə təmin olunduqlarını göstərib.
“Bundan sonra isə Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyev mənə qanunsuz olaraq, imtina cavab məktubu göndərmişdir.
İmtina məktubunda qeyd edilib ki, "26 avqust 2021-ci il tarixdə filialın əməkdaşları tərəfindən yaşadığınız ünvana baxış keçirilərkən təsərrüfatınızda heyvanların saxlanılmasını sübut edən izlər aşkar olunmuşdur.
Bu tam yalan uydurma imtinadır ki, Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyev qanunsuz və qərəzli olaraq mənə şikayət ərizələrimdən sonra 18 oktyabr 2021-ci il tarixdə göndərmişdir. Həmçinin məni Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı onlayn qaydada qəbul edib bu sözləri dedi ki, “Ucar rayon icra hakimiyyəti başçısı arayış verib bildirib ki, yaşadığınız ünvana baxış keçirilərkən təsərrüfatınızda heyvanların saxlanılmasını sübut edən izlər aşkar olunmuşdur”,- deyə məktubda qeyd edilirdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev Bizimyol.info-ya məsələ ilə bağlı rəsmi açıqlama verərək bildirib ki, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatda olan Yusifov İlqar Veysəl oğlunun “Özünüməşğulluq proqramı”na cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı şikayəti tamamilə əsassızdır.
“Vətəndaş Yusifov İlqar Veysəl oglu 22.02.2020-ci il tarixdən “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatdadır. Müraciət əsasında özünüməşğulluq proqramına qoşulmanın ilk mərhələsi kimi iki dəfə 30 sentyabr 2020-ci il və 26 avqust 2021-ci il tarixlərdə 19 saylı Ərazi məşğulluq filialının əməkdaşları tərəfindən İ.Yusifovun fərdi təsərrüfatına baxış keçirilib. Monitorinq zamanı ona məxsus olan heyvanların gizlədildiyi aşkarlanıb (proqrama qoşulmaqla bağlı müraciət edən zaman təsərrüfatında iri və xırdabuynuzlu heyvanların olmadığı barədə məlumat vermişdir), foto və video çəkiliş aparılıb, akt tərtib olunub və vətəndaşın proqrama qoşulmağı qanunauyğun hesab edilməyib. Həmçinin, Ucar rayon Yuxarı Şilyan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin də İ.Yusifovun fərdi təsərrüfatında 19 baş xırdabuynuzlu heyvan olduğunu təsdiq edən arayışı var.
Məlumat üçün bildiririk ki, özünüməşğulluq proqramına qoşulma qaydalarına əsasən, ilk mərhələdə müraciət edən şəxslərin fərdi təsərrüfatlarına baxış keçirilir və uyğunluğu yoxlanılır, proqrama məhz təsərrüfatı olmayan, işsiz və aztəminatlı şəxslər cəlb olunur”.
Leyla Mirzə, Bizimyol.info