Ramzan Kadırov təhlükəli siyasətçi kimi xarakterizə olunur. O qədər ki, hətta Rusiya prezidenti Vladimir Putini tənqid etmək Çeçenistan rəhbərinin qüsurunu deməkdən xeyli asan görünür. Kadırov tənqidçilərini bağışlamır. Çeçenistanda buna görə həmin şəxsi, özü ələ keçməsə, yaxınlarını repressiya gözləyir.
Bizimyol.info xəbər verir ki, Kadırovun daha bir tənqidçisinin qohumlarını oğurlayıblar. Həsən Xalitov güc strukturlarının əməkdaşlarının onun atasını, qardaşlarını, əmisini naməlum istiqamətə apardıqlarını bildirib. Bundan başqa, blogerin uzaq qohumlarından da saxlanılanlar var.
Həsən Xalitov Çeçenistanda ölüm təhlükəsi ilə üzləşmişdi. Onu zəhərləyib öldürməyə cəhd etmişdilər. Xalitov Türkiyəyə qaçmağa imkan tapmışdı. Kadırovun tənqidçisi gürcü jurnalist Georgi Qaburiyaya qarşı sui-qəsd içində şahid kimi dindirilirdi.
Çeçenistanda respublika rəhbərini tənqid edən şəxsin, onun yaxınlarının belə tale ilə üzləşməsi beşinci haldır. Hamıdan əvvəl Tumso Abdurahmanov qohumlarının başına gələnləri ictimailəşdirmişdi. Onun əmilərindən, dayılarından, həmin adamların 6 övladından hələ də xəbər yoxdur. Bu hadisədən bir müddət əvvəl oğurlananları hədələmişdilər. Blogerin tənqidləri saxlamayacağı halda qanlı qisas alınacağı deyilmişdi.
Ardınca Minkail Malizayevin yaxınlarını oğurlayaraq işgəncə vermişdilər. Növbə hüquq müdafiəçiləri Mənsur Sadulayevlə Aslan Artsuyevə də çatmışdı. Artsuyevin qardaşlarını və əmilərini dekabrın 22-də həbs ediblər. Almaniyada yaşayan bloger bunun Çeçenistan Daxili İşlər Nazirliyinin işi olduğunu bildirir.
Kadırov hakimiyyətinin əleyhinə olanların əksəri Türkiyədə yaşayır. Çeçenistan rəhbərliyi bir neçə dəfə adamlar göndərərək həmin şəxsləri cəzalandırmağa çalışıb. Son vaxtlar Türkiyə ilə münasibətlərin korlanması da diqqət çəkir. Kocaelidə Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin adına park açılması Kadırovu özündən çıxarıb. O, Türkiyəni, birbaşa dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hədələməkdən çəkinməyib. Kadırov Ankaranın terrorizmə dəstək verdiyini deyib. Çeçenistan rəhbəri Kremlin diplomatik tədbirlər görməsini istəyib.
Kadırov Ərdoğana mesaj göndərəndə həddini çox aşmışdı. O, belə davam edərsə, terrorçu Abdulla Öcalanın adını paytaxt Qroznıda əbədiləşdirəcəklərini demişdi. Ankara Kadırovun hədə-qorxusuna əhəmiyyət verməmişdi.
Aytən, Bizimyol.info