Bir gün bütün insanlar məhv ola bilər. Bu ehtimal həmişə var. Epidemiyalar, müharibələr heç nikbinliyə yer qoymur. Hələ başqa amilləri də unutmaq olmaz. İnsanların tamamilə məhvi yetərincə mümkün görünür.
Bizimyol.info xəbər verir ki, elm adamları bəşəriyyətin ən şüurlu məxluqlarından sonra hansı heyvanın dünyaya hakim kəsiləcəyi barədə suallara cavab verməyə çalışır. Onlar konkret ad çəkməkdən çəkinmir. Elm adamları barmağını meymunlara tuşlayır.
Geoloq və tanınmış bilim yazarı Duqal Dikson düşünür ki, istənilən halda insan qədər zəkalı məxluqdan söhbət gedə bilməz. Buna baxmayaraq, “İnsandan sonra: Gələcəyin zoologiyası” kitabının müəllifi ən uyğun namizədin meymun olmasına çox əmindir.
Elm adamları hesab edir ki, həmin heyvanda insana xas bir çox xüsusiyyətlər əks olunmalıdır. Bu halda ilk yada düşən məhz meymundur. Düzdür, başqa heyvanlar da var. Məsələn, delfinlər insanlarla çox yaxşı anlaşır. Amma su hövzələrinin sakini balıqlara daha çox yaxındır. Buna görə dənizlərdə, okeanlarda özünü xeyli rahat hiss edir.
Dikson kitabında çox maraqlı məsələlərdən söz açıb. O, meymunun müəyyən təkamül prosesi keçməklə Yer kürəsində yaşama daha çox uyğunlaşa biləcəyinə ümid edir. Dikson insanı “yeriyən ölü” adlandırır. Ümumiyyətlə, geoloq dünyanın aqibəti ilə bağlı narahatlıq keçirir. Yazar hadisələrin gedişinin yaxşı olmadığını bildirir.
Aytən, bizimyol.info