Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Anatomiyada cinsi mövzuların üzərindən keçib deyirlər ki, evdə oxuyarsınız"
"Anatomiyada cinsi mövzuların üzərindən keçib deyirlər ki, evdə oxuyarsınız"

Rəsmi statistikaya görə, 2019-2020-ci illərdə 35 şagird təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalıb. Həmin illərdə “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı 35 nəfər şagirdin təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalması aşkar olunub. Həmin şagirdlərdən 5-i seksual, 7-si fiziki, 5-i psixi zoralığa və 18-i qısnamaya məruz qalıb. Maraqlıdır ki, bu faktlar “ Məktəbli dostu” layihəsi çərçivəsində üzə çıxarılıb. Məktəb psixoloqlarının vasitəsilə yox. Niyə? Çünki əksər məktəblərdə psixoloqun sadəcə ştatı var. Və həmin vəzifələri direktorların xalası qızı, gəlini və s. tutur.

İndi məsələnin ağırlığından danışaq. Psixoloq Ramin Hacıyev Bizimyol.info saytına açıqlamasında deyir ki, məktəblərdə psixoloqlar formal xarakter daşıyır. Bunu məktəblərdə baş verən zorakılıq, qısnama halları sübut edir. Məktəb psixoloqları belə halları ortaya çıxarmaq üçün heç bir addım atmır.

“Təhsil Nazirliyi məktəblərdə psixoloqların fəaliyyətinə nəzarət edən bir komissiya və yaxud ayrı bi departament yaratmalıdır. Həmin departamentə aylıq, rüblük və illik hesabat verilməlidir. Departamentin tərkibində araşdırma mərkəzi olmalı və nə işlər görüldüyü, hansı halların aşkarlandığı, aşkarlanan hallar üzrə hansı işlərin görüldüyü araşdırılmalıdır”,- deyə psixoloq bildirib.

Qeyd edilən halları “məktəbli dostları” aşkarlayıb. R.Hacıyevin sözlərinə görə, bu işlə təkcə məktəb deyil, sahə müvəkkilləri də məşğul olmalıdır. Sahə müvəkkilləri nəzarətlərində olan ərazilərdəki məktəblərə baş çəkməli, gündəlik olaraq hər vəziyyətlə maraqlanmalıdır. Elə uşaqlar var ki, ailələrdə zorakılıqla üzləşir və bunu qorxduğu üçün heç kimlə paylaşmır. Uşaq evə zorakılıqla qarşılaşırsa, bunu uşağın üzərində ola hərhansı bir iz, gözünün altında göy, əllərində yara izi varsa bunu məktəb aşkarlayırsa, sahə müvəkkilləri həmin ailələrlə maraqlanmalıdır. Bəlkə də həmin ailələrdə narkomaniya halları var. Boşanma ərəfəsində bəzi ailələrdə xoşagəlməz hadisələr yaşanılır. Belə hallarda biz cəmiyyət olaraq uşağı qorumağa çalışmalıyıq. Bu, birgə işdir. Tək məktəb və ya valideynin üzərinə atılmamalıdır. Burada məktəbin, məktəb psixoloqlarının, hüquq mühafizə orqanlarının və s. rolu böyükdür.

Psixoloq bildirir ki, məktəblərdə uşaqlar yeniyetməlik dövrünü yaşayan zaman onların psixo-seksual inkişafı üçün heç bir iş aparılmır. Onların şəxsiyyətlərinin formalaşdığı və bu mövzuda heç bir təcrübələrinin olmadığı bir vaxtda uşaqlar təcrübəni məhlədən, sosial şəbəkələrdən toplayır.

“Cinsəl mövzu bizim cəmiyyətdə tabu şəklini daşıyır. Bu haqda heç yerdə - nə məktəbdə, nə ailədə məlumat verilmir. Heç yerdə məlumat verilmirsə, bu uşaq bu barədə məlumatı hardan almalıdır? Nəyə görə uşaq kimlərinsə şəxsi fikri ilə öz fikirlərini formalaşdırmalıdır? Kiminsə subyektiv fikri bu məktəbli üçün obyektivləşir. Onun üçün örnək kiminsə düşüncəsi olur” - deyə psixoloq əlavə edib.

Əslində bu, belə olmamalıdır. Bu mövzuda Təhsil Nazirliyinin birbaşa iştirakı ilə sosial layihələr keçirilməlidir. Uşaqlara hansısa bir yolla öyrədilməlidir. Bukletlərlə, sosial çarxlarla hər nə iləsə uşaqlara aşılanmalıdır. Uşaq bilməlidir ki, seksual təpki, zorakılıq, "qazlaytinq" nədir və bu hal ilə üzləşən zaman hara müraciət etməlidir. Uşaq ona qarşı hansı yanlışlıqların olduğunu başa düşməli və həmin insanla özünü necə aparacağını öyrənməlidir. Valideynlər də uşaqlarla bu mövzuda danışmadığı üçün, düşüncələrinin formalaşdığı bir vaxtda uşaqlar buna hazır olmurlar:

“Məktəbdə biologiya müəllimləri bu mövzuya toxunmalıdır. Anatomiya kitabında cinsi mövzularda olan paraqrafın ümumiyyətlə üzərindən keçib deyirlər ki, “evdə oxuyarsınız”. Amma bu barədə uşaqların sualları olur”.

Bu vəziyyətin qarşısının alınması üçün təhsil sahəsində islahatlar aparılmalıdır. Uşaqların seksual zorakılıqla üzləşməsini istəmiriksə, onları düzgün şəkildə maarifləndirməliyik.

“Maarifləndirmə, roliklər və çap materialları ilə aparılmalıdır. Bu kimi halların olmaması üçün hansısa ayrı bir qurum yaradılmaldır. Məktəb psixoloqları, bu vəziyyətin öhdəsindən gələ bilmir. Cəmiyyətimizdə pedofiliya halları da var. Cəmiyyətimizdə psixi baxımdan fərqli vəziyyətdə olan insanlar var. Biz bundan sığortalanmamışıq. Əgər belə hallar olursa, uşaqlar bundan məlumatlı deyilsə, vəziyyət necə olacaq? Mövzudan qaçmaqla mövzu həll olunmur. Dünya praktikasına nəzər salınmalıdır. Bu sahədə hansısa fənn və şəxs olmalıdır ki, uşaqlara tədris edilsin. Uşaqlar belə halla qarşılaşdığı zaman kimə müraciət edəcəyini bilməlidir”...

Bir gün yəqin ki, Azərbaycanda təhsil islahatları əsaslı şəkildə aparılar.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »