Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu qadınlara ”nə eləsələr, döz” davranışı təlqin edilib”
"Bu qadınlara ”nə eləsələr, döz” davranışı təlqin edilib”

Son zamanlar ölkədə azyaşlı qızların təcavüzə uğraması, cinsi zorakılığa məruz qalması ilə bağlı hadisələrə şahid oluruq. İmişlidə 11 yaşlı qızın atalığından hamilə qalması, Xətai rayonunda 14 yaşlı qızın atasından hamilə qalması nə qədər utancverici hadisə olsa da yaşanıb. Və yaşanılanları dəyişmək mümkün deyil.

Bütün bu mövzuda baş verən hadisələrin fonunda belə bir sual ortaya çıxır- azyşalı uşaqlara qarşı olan bu “xüsusi” marağın səbəbi nədir?

Psixoloq-kouç Nura Cəfərzadə cəmiyyətdə olan bu hallara Bizimyol.info saytı üçün aydınlıq gətirib.

“Pedofiliya "uşaq" və "sevgi" sözlərinin birləşməsindən yaranıb. Başqa adı infantoseksualizm və ya paderoziyadır. Yetkinlik yaşında olan insanların həddi buluğa çatmamış uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Pedofiliya qadınlara nisbətdə kişilərdə daha çox müşahidə olunan, eyni vaxtda həm qız, həm oğlan uşaqlarına qarşı duyula bilən cinsi istəkdir” - deyən psixoloq bildirir ki, bir pedofilin özünün də uşaq vaxtı cinsi istismara uğraması böyük ehtimaldır.

Maraqlı bir sual ortaya çıxır ki, uşaqlara qarşı olan hər təcavüz pedofillər tərəfindənmi olur? Xeyr!

Psixoloqun fikrincə, pedofillərdə psixi pozuntu olduğu halda digər təcavüzkarlarda bu əxlaq zəifliyindən irəli gəlir. Pedofillər yalnız uşaqlara maraq göstərə bildiyi halda, adi təcavüzkarlar öz yaşıdı olan insanlara da cinsi istək duyur: “Lakin bir uşaq təcavüzlərinə nəzər yetirəndə görürük ki, təcavüzçü fiziki və ya psixoloji zərər verdiyi qurbanını işin üstü açılmasın deyə öldürür. Deməli hərəkətinin cəmiyyətdə qəbul olunmazlığının fərqindədir və nə etdiyini dərk edir. Qadınlar arasında pedofilliyin çox nadir hallarda görünməsinin səbəbi də qadınların bu istəklərini idarə edə bilməsidir. Yəni bu onu göstərir ki, heç bir pedofil öz əməlinin məsuliyyətindən azad olmamalıdır. Ən azı qanun qarşısında öz törətdiyi əmələ görə məsuliyyətə cəlb olunmalıdır”.

Uşaqları pedofillərdən necə qoruyaq?

Psixoloq bildirir ki, uşaqları evə həbs etməklə bu mümkün deyil.

“Burda ən vacib məqam uşağın məlumatlandırılmasıdır, təbii ki, uyğun şəkildə. Onlara kimlər və hansı şəkildə toxuna bilər və ya əksinə. Digər vacib məsələ, uşaqlar bu vəziyyətdə hansı reaksiyanı verməlidir?

Araşdırmalar göstərir ki, pedofillər öz yaşıdları ilə əlaqə qura bilməyəcək qədər özgüvəni aşağı və zəif insanlardır. Buna görə də qurbanlarını müdafiəsiz və zəif uşaqlardan seçirlər. Eyni zamanda araşdırmalar onu göstərir ki, 90% hallarda uşaqlar cinsəl istismarla qarşılaşanda reaksiya verə bilmirlər, özlərini müdafiə edə bilmirlər. Onlardan "niyə qışqırmadın" və s. soruşulduqda, “qorxdum” cavabını verirlər. Nədən qorxdun soruşulanda isə, “eyni atam kimi baxırdı, atam kimi dişlərini sıxırdı” və s. cavabları verirlər. Deməli uşaqları qorxu ilə tərbiyələndirən valideynlər agah olmalıdırlar ki, övladlarını pedofillər üçün yem kimi yetişdirirlər. Çiyinləri çökmüş, sözünü qısıla-qısıla deyən qızların namuslu hesab olunduğu cəmiyyətdə qadınların başlarına çox işlər gəlir və elə bir çoxlarının ”ailə tərbiyəsi”, “abır-həya” adlandırdığı səbəblərdən heç kim tərəfindən bilinmir. Çünki bu qadınlara səsini çıxarmaq yox, ”nə eləsələr, döz, cavab qaytarma, tərbiyəli ol” davranışları təlqin edilib”.

Belə… Tərbiyə ailədən gəlir. Bu gün aiıədə qız öz doğma atasından övlad dünyaya gətirirsə, buna cəmiyyət olaraq müdaxilə etməyə haqqımız var. Çünki cəmiyyəti belə pisliklərdən təmizləmək bizim borcumuzdur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »