Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlər, deputatlar elə açıqlamalar verirlər ki, bişmiş toyuğun gülməyi gəlir
Nazirlər, deputatlar elə açıqlamalar verirlər ki, bişmiş toyuğun gülməyi gəlir

Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxışlarının birində demişdi ki, Azərbaycanda bir nəfər 14 il ərzində 1 milyon 800 min manat təqaüd alıb. Həm də sənədlərini saxtalaşdıraraq.

Bəzən nazirlər, məmurlar, deputatlar elə açıqlamalar verirlər ki, bişmiş toyuğun gülməyi gəlir. Həqiqətən də çox maraqlıdır, görəsən hər ay 10 min 714 manat alan şəxs hansı vəzifənin sahibi olub? Nazir deyir ki, həmin şəxs bu məbləği sənədləri saxtalaşdıraraq əldə edib. Saxtalaşdırma...

Əslində nazir bu məbləği alan adamın adını açıqlamalı idi. Çünki xalqın pulunu mənimsəyən şəxsi hamı tanımalıdır. Bəlkə heç deyilən fakt doğru deyil, nazir rəqəmləri səhv salıb?! Yaxud da düşünüb ki, kimdir mənə qulaq asan, deyim özüm üçün bir rəqəm. Lənət şeytana, adamın ağlına 100 fikir gəlir.

  • Hər dəfə Əmək və Əhalinin Müdafoiəsi Nazirliyinin qarşısında yığılıb aksiya edən əlilləri görəndə deyirəm ki, görəsən nazir bunları görmür?
  • Necə olur 1 milyon alanı görə bilir, əlsiz-ayaqsız onlarla insanı görmür?

Sanki Sahil Babayev heç haqq-hesabla maraqlanmayıb ki, Azərbaycanda ən yüksək təqaüd nə qədərdir?!

Bu, bir kənara. Gələk əsas məsələyə: Sahil Babayev 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər təyin edildikdən sonra bütün Azərbaycan sevinmişdi ki, bəs "canımız Səlim Müslümovdan qurtardı". Sən demə, elə əsas problem bundan sonra başlayacaqmış. Babayev nazir gəldikdən sonra, aləm bir-birinə qarışdı. Nazirdən, onun islahatlarından narazı olanların sayı artmağa başladı. Bu gün də sosial şəbəkələrdə narazı şəxslərin video müraciətləri günbəgün artır. Kimi uşaq pulu dərdində, kimi sosial müavinətləri ala bilmir. Kimi haqlı olduğu halda haqsız çıxarılır. Bəzi bölgələrdə əlillərin dərəcələri dəyişdirilir, əlindən alınır. Gözü görməyən birinin əlillik dərəcəsi necə dəyişdirilə bilər və yaxud ayağı olmayan birinin ayağı yerinə bitə bilərmi?

Hər şey bir kənara, nazir iddia edir ki, adı açıqlanmayan "bir şəxs" əlilliyini saxtalaşdıraraq il ərzində 2 milyona yaxın təqaüd alıb. Yəni ayda 10 min 714 manat. Bu saxtalaşdırmanı kim aparıb, cənab nazir? Təbii ki, sizin əməkdaşlar. Siz öz əməkdaşlarınızın yarıtmaz fəaliyyətini nə zamana qədər kiminsə haqqına girərək ört-basdır etməyə çalışacaqsınız? Bu ədlətsizlik deyilmi? Deyirsiniz ki, 2045 -ci ilə qədər demoqrafik vəziyyət yaxşı olacaq. Artım olacaq. Buna görə uşaq pulu verməyə ehtiyac yoxdur. Minimal əmək haqqı 300 manat, digər tərəfdən də ölkədə çoxuşaqlı ailələrin azaldığı deyilir. Cənab nazir, 300 manatla uşaq saxlamaq olarmı? Sizin uşaqlar üçün ayıracağınız 100 manatla da uşaq saxlamaq olmaz. Buna əmin olmaq üçün bazardakı mövcud qiymətlərlə maraqlanmağınızda fayda var.

Xahiş olunur ki, növbəti dəfə çıxışınızdan öncə sizin üçün yazılmış mətni dəfələrlə yoxlasınlar. Siz də öncədən bir dəfə göz gəzdirin ki, çıxış zamanı izahını verə bilməyəcəyiniz bilgiləri vermək kimi bir situasiya ilə qarşılaşmayasınız.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »