Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yüksək maaşlı işdə işləyənlərin avtovağzalda nə işi var?"
"Yüksək maaşlı işdə işləyənlərin avtovağzalda nə işi var?"

Hər il Yeni il bayramının yaxınlaşması ilə əlaqədar ölkə vətəndaşları bayramı qeyd etmək və istirahət üçün rayonlara üz tutsa da, bu il nədənsə Bakı Avtovağzal Kompleksində səyahət edənlərin azlığı gözdən qaçmadı. Demək olar ki, tək-tük insanlardan başqa gözə dəyən yox idi. Hətta yola çıxan avtobuslara nəzər yetirdikdə, bir çox oturacaqların boş olduğunu da müşahidə etmək olur.

Sərinişinlər və sürücülər bu mənzərəni getdikcə artan qiymətlərlə, bahalaşma ilə əlaqələndirir: “Bir neçə il öncə iki yüz manatla hansısa rayona gedərdin, üç gün normal istirahət edib qayıdardın. İndi rayonda qohum-qardaşı olanları çıxsaq, otellərdə qalıb istirahət etmək istəyənlər üçün qiymətlər od bahasınadır. Gərək min manat maaş alasan ki, az da olsa, ürəyin istəyən istirahəti edə biləsən. Əslində, indiki dövrdə heç min manat da bəs eləmir. Bir çox ailənin aylıq xərci elə min manatın üzərindədir. İndi camaat həftəsini ancaq başa vurur, o ki, qaldı, gedib rayonda istirahət eləsin. İl keçdikdə hər şeyin qiyməti artır, bahalaşmanın qarşısını almaq üçün heç bir addım atılmır. Yüksək maaşlı işdə işləyənlərin avtovağzalda nə işi var? Öz maşınlarına minirlər, harda istəsələr, gedib orda istirahət edirlər. Burdan gəlib rayonlara gedən adamların çoxu ora qohum-əqrabalarının yanına gedir. Bayramı onlarla keçirmək üçün”.

Bakı Beynəlxalq Avtovağzalında rayonlara səfərlərlə bağlı müntəzəm marşrut xətləri fəaliyyət göstərsə də, Türkiyə, Gürcüstan və İrana birbaşa gediş-gəliş müvəqqəti olaraq yoxdur. Məlumat Bürosundan verilən məlumata görə, Türkiyəyə gediş Bakı Beynəlxalq Avtovağzalından yox, Naxçıvan Avtovağzalından baş tutur: “Hazırda qapanmalarla əlaqədar Türkiyə, Gürcüstan, İran və Rusiyaya bir başa reyslər müvəqqəti olaraq təxirə salınıb. Yalnız Türkiyəyə gediş Naxçıvan Avtovağzalından mümkündür. Bakı-Naxçıvan marşrutunun biletinin qiyməti 25 manat təşkil edir. Sərnişinlərin bölgələrimizə, eləcə də digər dövlətlərə səfərlərinin rahat və təhlükəsiz keçməsi üçün Avtovağzal rəhbərliyi bütün mümkün və zəruri addımları atıb. Hazırda qiymətlər də münasibdir. Rayonlararası marşrut xətlərinə yeni və müasir avtobuslar buraxılıb. Qarşıdan gələn Yeni İl bayramı ilə əlaqədar, sərnişinlərin rahat və təhlükəsiz səyahəti üçün rəhbərlik və eyni zamanda digər aidiyyatı əməkdaşlarımız gücləndirilmiş iş rejiminə keçiblər”,- deyə Avtovağzalın Məlumat Bürosundan bildirilib. Onu da qeyd edim ki, Bakı Beynəlxalq Avtovağzalının Mətbuat Xidməti rəhbərliyində kadr boşluğu olduğundan məlumatlar yalnız “Məlumat Bürosu” adlanan yerdən verilir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »