Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İnanırdım ki, liderimiz aclıq çəkir" - Şimali Koreyadan qaçanlar nələr danışır...
"İnanırdım ki, liderimiz aclıq çəkir" - Şimali Koreyadan qaçanlar nələr danışır...

Şimali Koreya insanların azadlıqlarını tanımayan ölkələr sırasında lider mövqeni tutur. Əhalinin internetə çıxış imkanları yoxdur. Hansısa haqsızlıqğa etiraz etməyi heç kim ağlından keçirə bilmir. Fərqli fikir ən sərt şəkildə cəzalandırılır. Əhalinin böyük hissəsi yoxsulluq içində yaşayır. Bütün bunlara görə ölkədən qaçmağa cəhd edənlərin sayı da çoxdur.

Bizimyol.info xəbər verir ki, hər il yüzlərlə insana Şimali Koreyadan qaçmaq müyəssər olur. Onlar əvvəlcə Çinə keçir, ardınca Cənubi Koreyanın sərhədlərindən içəri addım atmağa çalışır. Sonra ABŞ-a yollanmaq arzusu yaranır.

Şimali Koreyadan ən məşhur qaçışlardan birini 1953-cü ildə No Qım Sak həyata keçirmişdi. 21 yaşlı baş leytenant MiQ-15 təyyarəsini birbaşa Cənubi Koreyaya sürmüşdü. Bu hərəkətinə görə onun vətənindəki bütün qohumlarını güllələmişdilər. No Qım Sakın daha bir qazancı Cənubi Koreyadakı anasına qovuşmaq olmuşdu. Təyyarəni qaçırdığına görə baş leytenanta 100 min dollar vermişdilər. No Qım Sak bir müddət Cənubi Koreyada yaşayandan sonra ABŞ-a köçmüşdü. Burada universitet bitirmişdi, evlənmişdi, vətəndaşlıq almışdı. Adını da dəyişmişdi. İndi Kennet Rou adlanan keçmiş şimalikoreyalı 89 yaşına çatıb. Cənab Rou aviasiya şirkətində mühəndis işindən təqaüdə çıxıb. No Qım Sak “MiQ-15-də azadlığa” kitabını yazıb.

Xenso Li də Şimali Koreyadan qaçandan sonra kitab müəllifi olub. O, “7 adı olan qız” kitabında başına gələn hər şeyı müfəssəl təsvir edib. Xenso Li ötən əsrin 90-cı illərində 17 yaşında qaçıb. Kitabda insanların vətənində necə aclıq çəkməsindən yazıb. Onda şimalikoreyalılar otla, həşəratlarla, ağac qabığı ilə qidalanırmış. Xenso Li Çinə uzaq qohumlarının yanına qaçmışdı. Xenso ailəsinə 14 il sonra qovuşa bilmişdi.

“Mənə elə gəlirdi ki, Şimali Koreyada normal həyatım var. Baxmayaraq ki, 7 yaşım olanda edam cəzasının həyata keçirilməsini gözlərimlə görmüşdüm”.

Xenso Şimali Koreyada Çinlə sərhədə yaxın yaşayırmış. Ona qəribə gəlirmiş ki, sərhədin o tayında yemək, elektrik enerjisi var, bu tayda isə yox.

Xenso indiyə qədər sərhədi necə keçməsini təsvir etmir. Çünki bununla başqalarının şansını azaltmaq istəmir. İndi o, Cənubi Koreyada yaşayır.

Yenmi Pak da Şimali Koreyadan yeniyetmə yaşlarında qaçmışdı. Onda həyatını riskə atan qızın 14 yaşı varmış. Anası ilə Çinə keçib, amma burada da cəhənnəm əzabı bitməyib. Onları insan alverində ittiham edərək həbsxanaya göndəriblər. Buradan çıxandan sonra Monqolustana yollana biliblər.

“Mən Şimali Koreyada ürəkdən inanırdım ki, liderimiz aclıq çəkir. Ondan kök adam yoxdur. Buna necə inanmaq olardı?”

Yenmi Pak danışır ki, Şimali Koreyada tanışlarını xarici filmlərə baxmağa görə güllələyirdilər. Bir dostunun anasını Hollivud filmi üzündən cəzalandırmışdılar.

Yenmi Pak indi jurnalistika ilə məşğuldur. 2014-cü ildə Dublindəki çıxışı onu dünyada xeyli tanıtmışdı.

Çjun Xeo 1992-ci ildə Şimali Koreyada dünyaya gəlib. Onun valideynləri Əmək Partiyasının üzvü olub, qohumları orduda xidmət edib. Amma bu da Çjun Xeonu 2007-ci ildə qaçmaq fikrindən daşındıra bilməyib.

“Yadıma gəlir ki, 90-cı illərdə birdən-birə yemək yoxa çıxdı. Mən bir dəfə 15 gün ardıcıl yosunla qidalanmalı oldum. Hərdən qurbağa da yeyirdik. Valideynlərim ümid edirdi ki, hər şey qaydasında düşəcək. Amma 2000-ci illərdə də aclıq oldu. Milyonlarla koreyalı öldü”.

İş orasındadır ki, Çjun Xeonun əvvəlcə anası ölkədən qaçmışdı. Anası onun arxasında xüsusi adamlar göndərmişdi. Həmin şəxslər Çjunu birbaşa məktəbdən götürüb gəlmişdilər. Yeniyetmə Pekindəki həyatı görəndə təəccübdən ağzı açıq qalmışdı: “İnsanlar küçə itlərinə də ət verirdilər”.

Çjun Xeonu tutub Şimali Koreyaya qaytarsalar da, o, yenə də qaçmağı bacarmışdı. İndi o, Cənubi Koreyada bloger kimi fəaliyyət göstərir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »