Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, 2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.
Məlumatda bildirilir ki, əcnəbi tələbələr Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edir.
Təhsil erksperti Elşən Qafarov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, açıqlanan rəqəmlər azərbaycanlı olun xarici ölkə vətəndaşlığı daşıyan və Gürcüstanda yaşayan azərbaycanlıların hesabınadır.Ekspert bildirir ki, Təhsil Nazirliyi bu 101 ölkənin adını çəkib, hansı ölkədən nə qədər tələbə gəlidiyini qeyd etsəydi, bu zaman hər şey daha aydın görünərdi.
“Sovet dövründə bizdə xaricindən gələn tələbələrin sayı çox idi. Xüsusilə də indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti həmin vaxtlarda xaricilərin təhsil aldığı müəssisəyə çevrilmişdi və buraya daha çox neft ölkələrindən üz tuturdular. Amma çox təssüflər olsun ki, sovet imperiyası dağıldıqdan sonra bu sahədə çox ciddi problemlər yaşandı və indi də bu davam etməkdədir. Bu da xaricdən gələn tələbələrin sayına ciddi təsir edir.
Əvvəlki illərin statistikasında 4000, 4500, 6000, 6500 tələbə sayı səslənirdi və indiki ststistika göstərir ki, bu sahədə çox cuzi artım var. Azərbaycana təhsil almağa gələn tələbələtin əksəriyyəti Türkiyə, ərəb ölkələri və xüsusilə də İraqdan gələn, azərbaycanlı olub Rusiya vətəndaşı olaraq, buraya köçən və hələ vətəndaşlıq almayan şəxslərin övladları, Gürcüstandan vətəndaşı olan azərbaycanlılardır. Yəni, xarici tələbə sayı bu şəxslərin hesabına artır. Bir sözlə hazırda Azərbaycandakı təhsil müəssisələrində təhsil alan əcnəbi sayından bizim Gürcüstan vətəndaşalarının, azərbaycanlı olub digər ölkələrin vətəndaşı olaraq, burada yaşayan şəxsləri çıxarsaq, çox cuzi bir rəqəm qalacaq. Təhsil Nazirliyi bu 101 ölkənin adını çəkib, hansı ölkədən nə qədər tələbə gəlir onunda statistikasını yaysa, yaxşı olardı. Bu zaman hər şey bizə daha aydın olardı”.
Təhsil ekspertinin sözlərinə görə, əcnəbilərin Azərbaycanda təhsilə cəlb olunması ilə bağlı bizdə ali və orta ixtisas təhsilinin keyfiyyəti qaldırılmalıdır.
“Azərbaycan universitetlərinin bəzilərinin ilk 500 univeristet sırasına düşməsi qeyd olunsa da, çox gözəl bilirik ki, ali təhsilimizdə vəziyyət tam ürək açan deyil. Biz Azərbaycanın öz əmək bazarının tələblərinə uyğun olaraq kadrlar hazırlaya bilmirik. O ki, qaldı beynəlxalq səviyyədə olan əmək bazarın tələblərinə uyğun kadr hazırlayaq. Bu sahədə çox ciddi işlər görülməlidir.
Azərbaycanın ali təhsilində İngilis dilli ixtisasların açılmasına üstünlük verilməlidir. Xarici tələbələrin marağı öyrənilməlidir ki, onlar daha çox hansı sahəyə meyillidirlər və bununla da müəyyən qrant layihələri elan olunmalıdır ki, onlar üçün daha ucu, əlverişli qiymətə təhsil ala bilsinlər”.
Ekspert bizim öz tələbələrimizin belə Bakı şəhərində yataxana və sosial problemlər içərisində boğulduğunu vurğulayıb.
“Məsələn, biz qardaş Türkiyəni nümunə götürsək, görəcəyik ki, xaricdən tələbələrin axınını təşkil etmək üçün qrant layihələrlə bərabər onların sosial problemləri də qarşılanır. Bizim isə əksər universitetlərin yataxana, kompüter şəraiti yoxdur. Bu da xarici tələbələrin gəlməsinin qarşısını alan səbəblərdəndir.
Xarici tələbələrin Azərbaycan universitetlərində təhsil almasını genişləndirmək, sayını çoxaltmaq istəyiriksə, bu zaman təhsilin keyfiyyətini qaldırmalı, xarici dildə təhsil verən ixtisasların sayını artırmalı, təlbələrin sosial və digər problemləri ilə bağlı ciddi işlər görülməlidir”.
Leyla Mirzə, Bizimyol.info