Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şagirdlər zorakılığa məruz qaldıqları zaman onlarda müəyyən əlamətlər olur"
"Şagirdlər zorakılığa məruz qaldıqları zaman onlarda müəyyən əlamətlər olur"

2019-2020-ci illərdə 35 şagird təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalıb. Qeyd edək ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb. Sənəddə qeyd edilib ki, həmin illərdə “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı 35 nəfər şagirdin təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalması aşkar olunub. Həmin şagirdlərdən 5-i seksual, 7-si fiziki, 5-i psixi zoralığa və 18-i isə qısnamaya məruz qalıb.

Təhsil eksperti Qoşqar Məhərrəmov Bizimyol.info saytına açıqlamasında bildirib ki, dünyada şagirdlərin mühafizəsi üzrə müxtəlif marafonlar, müxtəlif layihələr, müxtəlif maarifləndirmə işləri aparılır.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

“Ölkəmizdə də bu kimi fəaliyyətlər göstərilir. Çünki məktəblərdə, cəmiyyətdə uşaqlara qarşı, şagirdlərə qarşı müxtəlif növ qısnamalar, zorakılıqlar, bullinq kimi halların olması bu məsələni aktuallaşdırır” -  deyə ekspert əlavə edib.

Dünyanın müxtəlif ölkələrində xüsusilə məktəbli yaşında bu kimi hallar müşahidə edilir. Və bu qısnamaların nəticəsi çox zaman intihar olur. Son bir ildə ölkəmizdə 100 dən çox intihar hadisəsi baş verib. Bu bir daha göstərir ki, cəmiyyət olaraq bu işə nəzər yetirməliyik. Məktəblərdə “məktəblinin dostu” layihəsi müəyyən qədər bu işin qarşısını almağa çalışsa da, bəzən həmin “məktəbli dostlarının” bu mövzuda olan məlumatsızlığı onların səhv addımlar atmasına səbəb olur. Bu vəziyyətə peşəkarcasına yanaşmaq lazımdır: “Əgər “Məktəblinin dostu” həmin ixtisasın sahibi deyilsə, psixoloq deyilsə, şagirdlərin mühafizəsi ilə bağlı geniş biliklərə malik deyilsə, əlbəttə burada ciddi problemlər yaşana bilər. Dünyada şagirdlərin mühafizəsi, yəni “child protection and safeguarding” termini artıq təhsil termininə çevrilib. Yəni uşaqların mühafizəsi və uşaqların qorunması kimi tərcümə edilən bu termin artıq təlim başlığı, layihə mövzusudur”.

Ekspert hesab edir ki, həm müəllimlər, həm məktəb psixoloqları, həm valideynlər, həm də “məktəbli dostları” maarifləndirilməlidir. Bu mövzuda nə qədər çox videoçarxlar, televiziya verilişləri olsa və layihələr icra olunsa, şagirdlər öz hüquq və vəzifələrini başa düşər, müəllimlər və valideynlər öz hüquq və vəzifələrini başa düşərlər.

“Şagirdlər cinsi və ya fiziki zorakılığa məruz qaldıqları zaman onlarda müəyyən əlamətlər olur. Bunu insanlar fərq edə bilməlidir. İnsanlar əlamətlərdən bunu başa düşməlidir. Anlaya bilmək üçün məlumatlanmağa ehtiyac var. Yaxın günlərdə mən də müəyyən resurslardan material hazırlayıb təlim keçmişdim. Məktəblilərin, şagirdlərin mühafizəsi xüsusi əhəmiyyət kəsb edən mövzudur və düşünürəm ki, bu mövzuda ciddi şəkildə təlimlənməyə ehtiyac var” - deyə ekspert vurğulayıb.

Digər bir məsələ ilə linç barədə xəbərdar olduqdan sonra atılacaq addımdır. Tutaq ki, müəllim və ya valideyn və yaxud şagird başa düşür ki, şagird yoldaşı və ya hansısa şagird linç edilib. Bu linçdən sonra nə edilməlidir? Bu linçi təsbit etdikdən sonra hansı addım atılmaldır? Bu addımlar təlimlə öyrədilməli və bütün müəllim və şagirdlər bunu bilməlidir. Ancaq bu yolla müəyyən qədər zorakılıq və qısnama halları azala bilər. Bu, şagirdlərə valideynlərə öyrədilməlidir. Çünki məktəblərdə uşaqlar öz yaşıdları tərəfindən linç edilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »