Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyat yoldaşını öldürən qadın hansı əsasla məhkəmə zalından azadlığa buraxıldı
Həyat yoldaşını öldürən qadın hansı əsasla məhkəmə zalından azadlığa buraxıldı

27 yaşlı Sevda Babayeva 7 il sevdiyi, il yarım birlikdə yaşadığı həyat yoldaşını qətlə yetirməyə görə bu ilin aprelindən həbsdə idi. Lakin məhkəmə dekabrın 27-də onun azadlığa buraxılmasına qərar verdi.

Bizimyol.info xəbər verir ki, Sevda Babayevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə baxılırdı. Hakimlər belə nəticəyə gəlib ki, hadisə baş verərkən Sevda Babayeva özü də əri tərəfindən zorakılığa məruz qalıb. O, özünü müdafiə edərkən həddi aşıb və nəticədə ölüm hhadisəsi baş verib.

Sevda Babayeva hadisədən sonra Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham edilərək, həbs olunmuşdu. Lakin məhkəmə bu ittihamı Cinayət Məcəlləsinin 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəsinə tövsif edib və gənc qadına bu maddə ilə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edib. Bu da 8 noyabr – Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktının təsiri altına düşdüyünə görə Sevda Babayeva məhkəmə zalından azadlığa buraxılıb.

Sevda Babayeva 2021-ci ilin aprelində Lökbatan qəsəbəsində yaşadıqları evdə həyat yoldaşı, 1994-cü il təvəllüdlü Elvin Əsgərzadəni bir bıçaq zərbəsilə öldürüb. Onların yaş yarımlıq 1 qız övladı var.

Sevda Babayeva məhkəmədə ifadəsində bildirib ki, valideynləri onun Elvinlə evlənməsinə razı olmayıb. Lakin o, Elvini sevdiyini bildirərək, onunla ailə qurub. Bigə yaşayışdan sonra vəziyyət kəskin dəyişib. Onun sözlərinə görə, həyat yoldaşı evin problemlərilə maraqlanmır, onu tez-tez döyür, təhqir edirdi. Hamilə olduqları dövrdə iki dəfə kirayə puluna görə evdən çıxarıldıqlarını deyən Sevda Babayevanın sözlərinə görə, sonda məcbur qalıb, valideynlərinin yanına yerləşiblər: “Atamın həyətində bir ev də vardı, orada yaşamağa başladıq. Ondan sonra uşağın yeməyini, geyimini də almırdı.

Bilinmirdi ki, qazancı hara gedir. Üstəlik, döyürdü, valideynlərimin ünvanına nalayiq sözlər işlədirdi. Valideynlərimə də heç nə deyə bilmirdim. İstəmirdim ki, ailəm dağılsın. Həm də özüm seçib getmişdim, şikayətlənə də bilmirdim. Uşağın pal-paltarını, yeməyini valideynlərim alırdı. Döyülmək, söyülmək bir yana, qadınlarla münasibətlərə görə də aramızda mübahisələr olurdu. Mənə deyirdi ki, “əcəb eləyirəm”. Axır vaxtlar davranışlarında başqa fərqlər də hiss eləyirdim. Düzdür, istifadə elədiyi yerdə görməmişəm, amma şübhələnmişdim ki, narkotikə qurşanıb”.

Hadisə gününə gəlincə, Sevda Babayeva bildirib ki, həmin gün də əri onu döyürdü. Qaçıb mətbəxə girib, amma qapısını bağlamağa imkan tapmayıb, Elvin də arxasınca gəlib: “Başımı şkafa vurdu, sonra məni boğmağa başladı. Əlindən canımı qurtarmağa çalışırdım. Elə vəziyyətdə idim ki, onu necə vurduğumu tam xatırlaya bilmirəm. Bıçaq stolun üstündə olub, əl atıb götürmüşəm. Onda o, çıxıb getmişdi. Bir az sonra çıxıb atamgilə gedəndə gördüm ki, qapının ağzında uzanıb, anı axır. Sanki ondan dərk elədim nə baş verdiyini. Qışqırıb atamgili çağırdım. Divana uzatdıq, təciri yardım çağırdıq, gəlib dedi ki, ölüb...”

“Mən onu bilərəkdən öldürməmişəm, özümü müdafiə eləmişəm”, - Sevda Babayeva hökmdən öncə son sözündə belə deyib.

Onun vəkili Elnur Salmanov da çıxışında müvəkkilinin dəfələrlə şiddətə məruz qaldığını, təhqir olunduğunu, ləyaqətinin alçaldığını vurğulayıb. Vəkilin sözlərinə görə, hadisə günü də əri tərəfindən zorakılıqla üzləşən Sevda Babayeva boğularkən özünü müdafiə etməyə çalışıb və bu zaman məlum olay yaşanıb. O, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş qəsdən adam öldürmə ittihamının əsassız olduğunu vurğulayıb. Müdafiəçi deyir ki, bu hadisə qəsdən törədilməyib. Ona görə də ittiham Cinayət Məcəlləsinin 123-cü maddəsinə tövsif olunmalı, bu maddə ilə təyin edilən cəza da Amnistiya Aktının təsiri altına düşdüyünə görə o, azadlığa buraxılmalıdır.

Vəkil Elnur Salmanov Vəkil Elnur Salmanov

Vəkil çıxışında ekspert rəylərinə də diqqət çəkib. Ekspertiza Sevda Babayevanın üzərində xəsarətlərin, o cümlədən boynunda boğulmaya xarakterik izlərin olması barədə rəy verib.

Həmçinin mərhum Əsgərzadənin meyitini müayinə edən ekspert onun hadisə günü narkotik maddə olan tiryək qəbul etdiyi nəticəsinə gəlib.

Mərhum Elvin Əsgərzadənin atası Pənah Əsgərov zərərçəkmişin hüquqi varisi qismində tanınıb. O, gəlinindən şikayətçi olub və cəzalandırılmasını tələb edib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »