2005-2019-cu illərdə Milli Məclisin deputatı olmuş, sentyabrın 30-da həbsdə vəfat edən Rəfael Cəbrayılovun özü də, ölümündən sonra həyat yoldaşı da onun başına gələnlərə görə qardaşı Elşən Cəbrayılovu ittiham edirdi. Rəfael Cəbrayılov deyirdi ki, onun pul alıb aldatdığı, zərərçəkmiş qismində tanınan şəxslərin bir çoxunu ümumiyyətlə, tanımır.
Bizimyol.info xəbər verir ki, zərərçəkmişlərin bir neçəsi “Dərhal” MMC-dən mənzil, obyekt almaq üçün pul verdiklərini, lakin son nəticədə aldadıldıqlarını bildirirlər. Bəziləri isə nağd pul verib, geri ala bilmədiklərini iddia edirlər.
Mərhum Rəfael Cəbrayılov isə deyirdi ki, zərərçəkən qismində tanınanların bir çoxu əslində pulu sələmlə verib. “Dərhal” MMC ilə bağlı qalmaqalların günahkarı isə qardaşıdır. O, hətta məhkəmədə qardaşının ünvanına ağır ifadələr də səsləndirmişdi.
Hündürmərtəbəli binaların tikintisiylə məşğul olan “Dərhal” MMC-nin rəhbəri sabiq deputatın qardaşı Elşən Cəbrayılov olub.
Rəfael Cəbrayılovun ölümündən sonra onunla bağlı məhkəmədə hüquqi varisi qismində tanınan həyat yoldaşı da ərinin həbsinə görə qaynını ittiham edir və onun məsuliyyətə cəlb olunması üçün işin yenidən istintaqa qaytarılmasını istəyirdi. Lakin onun bu barədə vəsatətini məhkəmə təmin etmədi.
Elşən Cəbrayılov mərhum qardaşının işi üzrə məhkəmədə şahid qismində dindirilib. Əvvəllər tikinti biznesilə məşğul olduğunu, hazırda isə bu sahədən uzaqlaşdığını deyən Elşən Cəbrayılovun sözlərinə görə, “Dərhal” tikinti şirkəti 2002-ci ildə yaradılıb, 2015-ci ildən isə fəaliyyəti dayanıb.
Elşən Cəbrayılov bildirib ki, mərhum qardaşı ondan 17 yaş böyük idi.
Bəzi zərərçəkmişlərin əllərində “Dərhal” MMC-dən mənzil, obyekt almaq üçün pul ödəmələri barədə müqavilələr var. Həmin müqavilələrə də şirkətin rəhbəri kimi, Elşən Cəbrayılov imza atıb. Zərərçəkmişlər iddia edir ki, pulunu ödəsələr də, əmlaklarını ala bilməyiblər. Məsələn, 60 min dollar pul ödədiyini iddia edən Bəşir Məmmədov.
Bu barədə sualı cavablandıran Elşən Cəbrayılov bildirib ki, Bəşir Məmmədov əslində, mənzil almaq üçün pul verməmişdi. Adıçəkilən şəxs mərhum qardaşına sələmlə pul vermişdi. O pulu verməsi üçün də sözügedən müqavilə yazılıb, onun yanında girov qoyulmuşdu: “Qardaşım pulunu qaytardı, mənə də bu barədə dedi. Ondan sonra o müqaviləni cırdı. Sən demə, o biri tərəf müqaviləni saxlayıb, 12 ildən sonra iddia irəli sürdü ki, guya şirkətdən nəsə almaq üçün pul verib. Mən Bəşir adlı o adamın üzünü də görməmişəm”.
Elşən Cəbrayılov qardaşısının işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslərdən Şəfa Məmmədova, Məlahət Qurbanova, Sülhiyyə Məmmədovanı tanımadığını deyib.
Lakin zərərçəkmişlərdən birinin nümayəndəsi, vəkil Kamandar Nəsibov bildirib ki, şahid yalan danışır. Vəkilin sözlərinə görə, hətta bu qalmaqallarla əlaqədar Elşən Cəbrayılovun inzibati qaydada həbs olunması üçün məhkəməyə müraciət olunub.
“Rəfael Cəbrayılovdan da bu, istifadə edib, pulları da bu mənimsəyib”, - vəkil belə deyib.
Dindirmə zamanı o da məlum olub ki, mərhum Rəfael Cəbrayılovla bağlı cinayət işindən daha bir iş ayrılaraq, Elşən Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib.
“Bir nəfər məni aldatmışdı, bununla əlaqədar Binəqədi rayon Polis İdarəsinə şikayət eləmişdim. O qərarı aparıb Nərimanov rayon Polis İdarəsinə təqdim elədim, məlum oldu ki, mənim heç bir günahım yoxdur bu məsələdə”, - Elşən Cəbrayılov bildirib.
Elşən Cəbrayılovun dindirməsi növbəti məhkəmə iclasında da davam edəcək.
2021-ci ilin aprelində həbs olunan Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunurdu. Amma o, özünü təqsirli bilmirdi.
2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.
Aytən, Bizimyol.info